Gənclər siyasəti hər bir ölkənin strateji inkişafının və gələcəyinin əsas istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərin maariflənməsi, təhsili və milli kadr potensialının artırılması istiqamətində mühüm addımlar atmışdır. Ümummilli lider ittifaq dövründə gənclərimizin keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarını təmin edərək və bu imkanları genişləndirərək onların yüksək səviyyəli peşəkar və vətənpərvər kadr kimi yetişməsinə şərait yaratdı. Bununla yanaşı, Ulu öndər Heydər Əliyev fövqəladə nümunə göstərərək Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına çətinliklə nail oldu. Bu həm də Azərbaycanın milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb edən addım idi. Lisey gənclərin hərbi hazırlığının yüksək səviyyədə təmin olunmasına, intellektual və fiziki bacarıqlarının inkişafına xidmət etdi, onların gələcəkdə ölkənin aparıcı peşəkar kadrlarına çevrilməsi üçün möhkəm zəmin yaratdı.
Beləliklə, Ulu öndərin gənclər siyasəti Azərbaycanın dövlətçilik maraqlarının möhkəmləndirilməsinə yönəlmiş strateji siyasət oldu. Bu siyasət gənc nəslin bilik, bacarıq, vətənpərvərlik və ideoloji hazırlığını təmin edərək ölkənin davamlı inkişafına və gələcəyinin möhkəmləndirilməsinə mühüm töhfə verdi.
Müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə Ulu öndər gənclər siyasətinə xüsusi önəm verərək vurğulayırdı ki, xalqımızın gələcəyi gənclərdir. Gənclər həm fiziki cəhətdən sağlam, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə və yüksək elmə malik olmalıdırlar. Ümummilli liderin sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi, Gənclər və İdman Nazirliyi yaradıldı və gənclərlə bağlı bir sıra mühüm sənədlər imzalandı. Bütün bu tədbirlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakını təmin etdi, gənclər siyasətinin məqsəd və prinsiplərini müəyyənləşdirdi, onun təşkilati-hüquqi əsaslarını möhkəmləndirdi. Bunun nəticəsi kimi gənclərimiz həyatımızın ayrılmaz hissəsi oldu. Onların təhsilinə, məşğulluğuna, sağlamlığına və mənəvi inkişafına göstərilən dövlət qayğısı gənclərin potensialını üzə çıxarmağa və onların yaradıcı fəaliyyətini dəstəkləməyə imkan verdi. Ulu öndərin gənclərə verdiyi önəm bu gün də Azərbaycan dövlətinin siyasətinə öz davamlı təsirini göstərir və gələcək nəsillərin ölkəmizin tərəqqisində fəal rol oynaması üçün möhkəm zəmin yaratmaqdadır.
Prezident İlham Əliyevin gənclərin potensialının tam şəkildə gerçəkləşdirilməsinə, onların vətənpərvər, savadlı və rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına, eyni zamanda gənc ailələrin sosial rifahının yaxşılaşdırılmasına yönələn məqsədyönlü tədbirləri dövlətin uzaqgörən və strateji siyasətinin bariz nümunəsinə çevrildi. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artmasına, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə isə kreativ və təşəbbüskar gəncliyin formalaşmasına geniş imkanlar yaratdı. Bu siyasətin real nəticələrini biz gənclərimizin səsinin beynəlxalq tribunalardan gəlməsində, möhtəşəm idman arenalarında qazanılan qələbələrdə, elmin, mədəniyyətin və innovasiyanın müxtəlif sahələrində əldə olunan nailiyyətlərdə, ən əsası isə Azərbaycan uğrunda aparılan mübarizədə, cəbhə xəttində, səngərlərdə və döyüş meydanlarında nümayiş etdirdikləri qəhrəmanlıq nümunələrində aydın şəkildə gördük. Azərbaycan gəncliyi Vətəninə sədaqəti, milli dəyərlərə bağlılığı və yüksək vətəndaşlıq mövqeyi ilə ölkəmizin parlaq gələcəyinin əsas təminatçısı olduğunu sübut edərək nümunə sərgilədilər. 44 günlük Vətən müharibəsində istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində Azərbaycan gənclərinin göstərdiyi fədakarlıq xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Bu tarixi Zəfər gənclərimizin yüksək vətənpərvərlik ruhunun, milli həmrəyliyinin və dövlətinə sarsılmaz bağlılığının parlaq təzahürü oldu. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər Azərbaycan dövlətinin əsas dayağı və aparıcı qüvvəsidir. Onların ölkənin ictimai-siyasi, hərbi və mədəni həyatında fəal iştirakı müasir gənclər siyasətinin uğurlu nəticəsidir. Azərbaycan gəncliyi qazandığı nailiyyətlər və göstərdiyi qəhrəmanlıq nümunələri ilə xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Beləliklə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə davam etdirilən gənclər siyasəti müstəqil Azərbaycanın bu günü və parlaq gələcəyi üçün möhkəm və etibarlı zəmin yaratmışdır.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

