Gənclər cəmiyyətin aparıcı qüvvəsidir

post-img

AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda mərasim keçirilib.

Məclisi giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu gün Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd edilməsi onlara göstərilən böyük diqqət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın işıqlı gələcəyinə doğru atılmış mühüm addımdır. Akademik qeyd edib ki, bu kimi tədbirlər onların dünyagörüşünü, baxışlarını, düşüncələrini inkişaf etdirir, eyni zamanda yeni gənc kadrların meydana çıxmasına təkan verir.

Ölkəmizdə gənclər hərəkatının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən İsa Həbibbəyli dahi liderin Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. 

Ümummilli liderin gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik bildirib ki, bu siyasət dövlətimizin əsas istiqamətlərindən birinə çevrilməklə, ölkəmizin idarəetmə strukturlarında da özünü göstərməkdədir. 

AMEA rəhbəri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş Gənclər üçün Prezident Mükafatının ölkəmizdə gənclərə göstərilən diqqətin bariz ifadəsi olduğunu söyləyib. 

Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, AMEA-da da intellektual gəncliyin inkişafı üçün zəruri addımların atıldığını söyləyən akademik İsa Həbibbəyli bu istiqamətdə görülən işlərdən danışıb.

Akademik İsa Həbibbəyli gənclərin inkişafı istiqamətində atılan mühüm addımlardan birinin də onların gənc yaşda müdafiə etməsi olduğunu, bu yöndə də bir sıra mühüm inkişafın artıq müşahidə edildiyini söyləyib. Bundan əlavə, gənclərin, orta yaşlı nəslin rəhbər vəzifələrə çəkildiyini və onların öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.

AMEA rəhbəri dünyanın 20-yə yaxın ölkəsinin təcrübəsindən istifadə etməklə Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasının təsis olunduğunu bildirib. 

Gənclər Akademiyasının təşkilatçılığı ilə bu gün ilk konfransın keçirildiyini deyən akademik İsa Həbibbəyli Akademiya gəncliyini təbrik edib, onlara elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, 2025-ci il Gənclər üçün Prezident mükafatçısı Mircavid Ağalarov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov və AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük laborantı Ülviyyə Aslanova çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, elmi, intellektual gəncliyin inkişafı istiqamətində AMEA-da həyata keçirilən islahatlardan danışıblar.

Qabil YUSİFOĞLU
XQ



Sosial həyat