Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil olunan 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda (“Caspian Agro Week”) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi də öz stendi ilə təmsil olunur.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə ziyarətçilər Agentliyin fəaliyyət istiqamətləri, icra etdiyi aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, əmək yarmarkaları və s.) barədə ətraflı məlumatlandırılır.
Habelə Agentliyin nümayəndələri işəgötürənlərlə görüşlər keçirir, onların kadr ehtiyaclarını öyrənir və uyğun namizədlərin cəlb edilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edirlər.
Həmçinin sahibkarlıq subyektlərinə dövlət tərəfindən təqdim olunan stimullaşdırıcı mexanizmlər və dəstək tədbirləri barədə işəgötürənlərə məlumat verilir.
Qeyd edək ki, 5-8 may tarixlərini əhatə edən “Caspian Agro Week”də 45 ölkədən kənd təsərrüfatı texnikası, suvarma sistemləri, innovativ texnologiyalar, heyvandarlıq, bitkiçilik, logistika, elektron kənd təsərrüfatı və s. sahələr üzrə fəaliyyət göstərən 450-dək şirkət məhsul və xidmətlərini nümayiş etdirir.





