Son vaxtlar Gəncə şəhərində əhalinin su ilə təchizatında, kanalizasiya xətlərinin yenilənməsində ciddi irəliləyişlər açıq- aşkar hiss olunur. Lakin şəhərdə bu sahədə həllini gözləyən problemlər də var. Müsahibimiz şəhər “Su-Kanal” idarəsinin rəisi Şöhrəddin Verdiyevdir.
– Şöhrəddin müəllim, Gəncə sakinlərinin hərdən bəzi ərazilərdə su təzyiqi və fasilələrlə bağlı şikayətləri olurdu. 2025-ci ildə bu problemlər real olaraq nə dərəcədə həllini tapdı?
– Çox yaxşı sualdır. Çünki su təzyiqi və fasilələr Gəncə kimi böyük şəhər üçün ciddi problemdir. 2025-ci ildə əsas diqqətimizi məhz bu nöqtələrə yönəltdik. Köhnə və sıradan çıxmış xətlərin mərhələli şəkildə dəyişdirilməsi nəticəsində su itkisi azaldı, təzyiq stabilləşdi. Bu gün artıq şəhər əhalisinin 55 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Problemlər tam həll olunub demək olmaz, amma qeyd edim ki, biz onları idarəolunan və həll olunan mərhələyə gətirmişik.
– Şəhər icra hakimiyyətinin hesabat yığıncağında maraqlı çıxışınız diqqətimi cəlb elədi. Amma mənim üçün maraqlıdır, sadaladığınız rəqəmlər real vəziyyəti nə dərəcədə əks etdirir?
Nəzərə alaq ki, rəqəmlər arxasında real iş dayanmasa, onların heç bir mənası olmaz. 2025-ci ildə 10 kilometrdən çox su, 9 kilometrdən artıq kanalizasiya xətti çəkilib, 3 mindən çox yeni sayğac quraşdırılıb. Amma ən vacibi odur ki, bu işlər sakinlərin gündəlik həyatında hiss olunur. Zirzəmisi illərlə su altında qalan binalar bu gün problemsizdirsə, deməli rəqəmlər kağızda yox, həyatda öz əksini tapır.
– Kanalizasiya və yağış suları məsələsi Gəncədə xüsusilə həssas mövzudur. Məhsəti qəsəbəsində görülən işlər problemi köklü şəkildə həll edibmi?
– Açıq danışım: illərlə yığılan problemi bir layihə ilə tamamilə sıfırlamaq mümkün deyil. Amma Məhsəti qəsəbəsində atılan addımlar bu problemin ən ağır hissəsini aradan qaldırdı. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun birbaşa dəstəyi və bizə ayrılmış vəsait hesabına Məhsəti qəsəbəsində intensiv yağışlar zamanı yaranan ciddi problem həllini tapmışdır.Yeni xətlərin çəkilməsi, yağış barmaqlıqları və baxış quyusunun inşası nəticəsində intensiv yağışlar zamanı yaranan fəsadlar minimuma endirilib. Bu, bizim üçün ciddi irəliləyişdir və növbəti mərhələlər üçün də təcrübə rolunu oynayır.
– 2026-cı ildə sakinlər konkret olaraq nə gözləsin? Hansı risklər və çətinliklər hələ də qalır?
– Ən böyük risk köhnə infrastrukturun tam yenilənməsinin vaxt və böyük maliyyə tələb etməsidir. Biz bunu gizlətmirik. Amma artıq vəsait ayrılıb və yarımçıq qalmış küçələrdə kanalizasiya işləri tamamlanacaq.
Sakinlərimizə də mənim tövsiyəm var. Bizi də başa düşün. Bəzən sakinlər tərəfindən su sayğaclarına yersiz müdaxilə, bir sıra hallarda ehtiyatsız davranma, qeyri qanunu yolla su çəkilməsi və ya su itkisinə yol verilməsi, yaxud da digər xoşagəlməz hallar işimizi çətinləşdirir və bəzi qanunsuzluqların qarşısını alanda narazılıqlar yaranır. Gəlin Gəncəmizi, onun yenilənmiş küçə və səkilərini, yaşıllıqları qoruyaq, artıq su itkisinə yol verməyək. Düşünək ki, bu gün boş yerə axan suyu başqa bir yerdə həsrətlə gözləyən həmyerlimiz var.
Sakinlərdən bir gözləntimiz də səbirdir, bizdən isə öhdəlik – işi sona qədər görmək. Məqsədimiz odur ki, su və kanalizasiya problemi gündəmdən çıxıb adi, problemsiz bir xidmətə çevrilsin.
Söhbəti yazdı:
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə




