Türkiyədə Milli Qida Texnologiyaları Platformasının altıncı iclası keçirilib

post-img

Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü və Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmenin rəhbərliyi ilə Milli Qida Texnologiyaları Platformasının 6-cı iclası Ankara şəhərində keçirilib. 

XQ xəbər verir ki, TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda qida mühəndisliyi ixtisasının tədris olunduğu altı ali təhsil müəssisəsinin mütəxəssislərindən ibarət nümayəndə heyətinin Türkiyənin Hacettepe Universitetinə akademik səfəri təşkil edilib. 

Səfər çərçivəsində TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Ümran Uyqunun başçılıq etdiyi Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Hacettepe Universitetinin Qida Mühəndisliyi fakültəsinin elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar. 

Əvvəlcə Hacettepe Universitetinin Qida Mühəndisliyi proqramının rəhbəri Ali Topcu Azərbaycandan gəlmiş akademik nümayəndə heyətini salamlayıb və universitetin akademik heyətini qonaqlara təqdim edib. Daha sonra fakültənin tədris və elmi-tədqiqat fəaliyyəti haqqında ümumi məlumat verilib. Azərbaycandan gəlmiş professor-müəllim heyəti Hacettepe Universitetində qida mühəndisliyi sahəsində həyata keçirilən təhsil proqramları və tədris planları ilə yaxından tanış olub, eyni zamanda tələbə və elmi-tədqiqat laboratoriyalarına da baxış keçirib.

Günün ikinci yarısında Hacettepe Universitetinin 10-dan çox elmi-tədiqat laboratoriyası və 7-dən çox tədris laboratoriyasında aparılan elmi araşdırmalar, davam edən layihələr və icra olunan tədqiqat işləri barədə yerində təqdimatlar edilib. Görüş zamanı professor-müəllim heyəti Hacettepe Universitetinin Bioaktiv Qida, İnstrumental Analiz, Qida və biotexnologiya yönümlü tədqiqatlar (FoodOmics), Qida Mikrobiologiyası, Qida Keyfiyyəti və Təhlükəsizliyi (FoQuS), Süd Texnologiyası, Hububat (Dənli bitkilər) və Yağ Texnologiyası, Sürətli Analiz Metodları və eləcə də ixtisaslaşmış tədqiqat laboratoriyaları ilə yaxından tanış olub. Universitetin akademik heyəti laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar və tətbiq olunan elmi yanaşmalar haqqında ətraflı məlumat verib. 

Proqram çərçivəsində bu cür qarşılıqlı akademik səfərlərin gələcəkdə birgə elmi tədqiqatların aparılması, layihələrin icrası və akademik əməkdaşlıqların genişləndirilməsi üçün mühüm zəmin yaratdığı vurğulanıb. 

Sosial həyat