Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və komitə əməkdaşları Estoniyaya səfər edib.
XQ xəbər verir ki, səfər çərçivəsində həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüş və Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.
Estoniyadakı Azərbaycan icması ilə görüş Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində baş tutub. Görüşdə Estoniyadakı soydaşlarımızın diaspor fəaliyyəti və onun gücləndirilməsi, qarşıda duran vəzifələr, eləcə də Baltikyanı ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələrin inkişafı məsələləri geniş müzakirə olunub. İcma birliyinin möhkəmləndirilməsi, gənclərin diaspor fəaliyyətinə cəlbi, həmçinin mədəniyyət və təhsil istiqamətində təşəbbüslərin genişləndirilməsi xüsusi vurğulanıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov çıxışında komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan diasporunun milli maraqlarımıza xidmət etdiyini, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov bu ölkədə yaşayan azərbaycanlıların ictimai fəallığının və birliyinin diaspor fəaliyyətinin uğuru baxımından mühüm əhəmiyyət daşıdığını, eləcə də Azərbaycanın milli maraqlarının təbliğinə mühüm töhfə verdiyini bildirib.
Daha sonra Estoniyada yaşayan Azərbaycan dili müəllimi, Estoniyada fəaliyyət göstərən Türk məktəbinin direktoru Gülnarə Vals “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Tədbirin davamında Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının növbəti toplantısı və Estoniya üzrə koordinator seçkiləri keçirilib. Orxan Oktain yeni koordinator seçilib.
Məlumat üçün bildirək ki, Orxan Oktain Tallinn Texniki Universitetində (TalTech) beynəlxalq münasibətlər üzrə bakalavr, Avropa–Asiya tədqiqatları üzrə magistr təhsili alıb. O, Estoniya Xarici İşlər Nazirliyində monitorinq üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
Komitə əməkdaşları soydaşlarımızın yaratdığı təhsil, mədəniyyət, idman təşkilatlarını da ziyarət edib, onların fəaliyyətləri ilə yerində tanış olub.
Əvvəlcə “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinə gedən nümayəndə heyətinə mərkəzin rəhbəri Rövşən Quliyev (Nur) görülən işlərdən danışıb. Son dövrlərdə həyata keçirilən layihələrin, sərgilərin və ustad dərslərinin Azərbaycan mədəniyyətinin Estoniyada tanıdılması məqsədi daşıdığını söyləyib. Mütəmadi olaraq Estoniya və digər ölkələrdə sərgilərin təşkilinə göstərilən dəstəyə görə Dövlət Komitəsinə və Dəstək Fonduna təşəkkürünü bildirib. O həmçinin mərkəzin gələcək planlarından bəhs edib.
Komitə əməkdaşları daha sonra Tallin Universitetinin nəzdində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəbini ziyarət ediblər. Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və beynəlxalq müstəvidə təbliğinin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayan sədr müavini Vaqif Seyidbəyov xarici ölkələrdə Azərbaycan dilinin tədrisinin əhəmiyyətinə diqqət çəkib. Estoniya Karyera Təhsil Akademiyasının həmsədri, həftəsonu məktəbinin müəllimi Sənəm Əliyeva tədris müəssisəsi haqqında geniş məlumat verib. Məktəbin fəaliyyətinin Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun qurulduğunu və komitə tərəfindən dəstəkləndiyini qeyd edib. Komitə əməkdaşları dərs prosesini izləyib, şagirdlərin çıxışlarını dinləyiblər.
Səfər çərçivəsində “FC Qarabağ Tallinn” mini-futbol komandasının rəhbərləri Emin Munşiyev, Bəxtiyar Cəbrayılov və idman direktoru Elnur Vəliyev ilə də görüş keçirilib. Görüş zamanı komandanın fəaliyyəti, Estoniyada yaşayan azərbaycanlı gənclərin idmana marağının artırılması və bu sahənin diaspor fəaliyyətinə töhfələri müzakirə edilib. 2024-cü ildən fəaliyyət göstərən və Qarabağın adını daşıyan komandanın Estoniyada, eləcə də xaricdə keçirilən oyunlarda iştirakına Dövlət Komitəsinin və Dəstək Fondunun daim köməklik edildiyi xatırladılıb.
Növbəti ziyarət 1996-cı ildə yaradılan “Avşar” Kukla Teatrına olub. Azərbaycanın Əməkdar artisti Rauf Avşar bədii rəhbəri olduğu teatrın xalqımızın milli-mənəvi dəyərlərinin tanıdılması istiqamətindəki fəaliyyətindən bəhs edib. Bu fəaliyyətin uşaqlar və gənclər arasında mədəni irsimizə marağın artırılması baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan teatrının zəngin keçmişinin, o cümlədən kökləri kilimarası və maral oyunları kimi milli xalq oyun-tamaşalarına gedib çıxan Azərbaycan kukla teatrı ənənələrinin də “Avşar” Kukla Teatrında qorunaraq Estoniyada təbliğ olunduğunu diqqətə çatdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları səfər müddətində Estoniyada fəaliyyət göstərən digər bir sıra mədəniyyət və təhsil ocaqlarına da baş çəkiblər.


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)