İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 255-ə çatıb.
Bu barədə XQ-yə KOBİA-dan məlumat verilib.
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri fiziki şəxslər Rəşad İbrahimlinin əyləncə janrında video oyun (“Steam PC” platforması), Sərxan Abbaszadənin “85 Games Studio” brendi altında video oyunların istehsalı, İlkin Süleymanovun “İnframed Life” – klinikalar üçün onlayn idarəetmə sistemi, Yahya İsmayılovun “Jupiter” co-op macəra video oyunu, Həsən Həsənovun “Meetra” görüş otaqlarının onlayn idarə edilməsi platforması, İlkin Əliyevin “Special Meat” simulyasiya və idarəetmə janrını birləşdirən kompüter oyunu, "Proveb" MMC-nin “Qrgate” QR kod əsaslı işə davamiyyətə nəzarət və giriş-çıxış platforması və "Profmart" MMC-nin "Profmart" peşəkarlar üçün onlayn xidmət platforması layihələri üçün verilib.
Təqdim edilmiş “Startap” şəhadətnamələri KOB subyektlərini müvafiq innovativ layihələr üzrə əldə etdikləri gəlirləri mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

