Bakı quberniyasının ilk azərbaycanlı memarı

post-img

Qoslavskini, Ploşkonu... tanıyırıq, amma Qasım bəy Hacıbababəyovu yox

Hər gün Bakının səs-küylü küçələrindən iti addımlarla, tələsik keçib gedirik. Amma bir anlıq ayaq saxlayıb, gündəlik qaçdı-qovdudan ayrılıb şəhərimizdəki möhtəşəm abidələrin tarixi ilə heç maraqlanmırıq.

Fəvvarələr meydanının nizamı, əzəmətli Nizami muzeyinin sənət ruhu gəzən divarları önündə dayanarkən heç düşünmüşükmü hər kəsin heyranlıqla tamaşa etdiyi, sahil boyu qərar tutan o heyrətamiz imarətlərin arxasında hansı böyük ustadın pərgarı, hansı nurlu zəkanın hikməti gizlənir? Bu sənət incisi bir şəhərin qürubu, digərinin intibahı olan hadisədən yaranmışdı.

1859-cu ildə taleyin hökmü ilə Şamaxıda baş verən sarsıdıcı zəlzələ, sən demə, Bakı memarlığında parlayan iqbal günəşinin müjdəçisi imiş. Qədim quberniya mərkəzinin zəlzələdən sonra xarabalığa çevrilməsi ilə bütün diqqətlər sahil şəhəri olan Bakıya yönəlmişdi. Məhz həmin dövrdə şəhərin tozlu yollarını gözoxşayan meydanlara, köhnə daxmalarını isə vüqarlı imarətlərə çevirən sənət fədaisi Qasım bəy Hacıbababəyov görkəmli memar kimi tarixdə əbədi iz qoymuşdu.

Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində dünyaya göz açmışdı. İlk dərslərini molla yanında alsa da, sonradan qəza məktəbində təhsilini davam etdirmişdi. Həm atası, həm də böyük qardaşı dövrün tanınmış memarları idilər. Ailədən gələn bu maraq onu 1848-ci ildə Şamaxı quberniyasında memar köməkçisi, 8 il sonra isə quberniyanın baş memarı vəzifəsinə qədər yüksəltmişdi.

Azərbaycanın mədəniyyət tarixində əvəzsiz hadisələrdən biri – ilk teatr binasının inşası da Qasım bəy Hacıbababəyova qismət olmuşdu. O, öz sənətkar fəhmi ilə elə bir bina ərsəyə gətirmişdi ki, bu, həm Şirvan memarlıq məktəbinin incəliklərini qoruyur, həm də şəhərin mədəni simasına gözəllik qatırdı.

Həmin dövrdə binanın inşası üçün tələb olunan 2 min manat gümüş pulun böyük bir hissəsini – 1500 manatını Şamaxı zadəganı Ata bəy Zeynalbəyov vermişdi. Bu xeyirxah addımla təməli qoyulan teatr binası qısa zamanda bölgənin mədəniyyət ocаğına çevrilmişdi. Şamaxı səhnəsindən yüksələn sədalar təkcə bu qədim şəhəri deyil, Şəkini, Kürdəmiri, Ağsunu, hətta sahil şəhəri olan Bakını da ağuşuna almışdı. İnsanlar uzaq yollardan bu yeni sənət məbədini görmək üçün Şamaxıya axışırdılar.

Lakin 1859-cu ildə Şamaxı torpağını lərzəyə gətirən dəhşətli zəlzələ Qasım bəyin min bir zəhmətlə ucaltdığı binanı da yerlə-yeksan etmişdi. Rus imperatoru tərəfindən binanın bərpası üçün vəsait ayrılsa da görkəmli geoloq German Abixin fikri qəti idi: bu torpaqlar hələ çox sarsılacaqdı. Beləcə, quberniya mərkəzi Bakıya köçürüldü və tarixin yeni – Bakı quberniyası səhifəsi açıldı.

Bir memar kimi Qasım bəy Hacıbababəyovun qarşısında böyük missiya dururdu: bu tozlu sahil şəhərini quberniya mərkəzinə layiq, əzəmətli və nizamlı şəhərə çevirmək. O, şəhərə avropasayağı intizam və şərq ruhunun vəhdətini gətirdi.

Memar Bakının qəlbi sayılan Parapet bağını (hazırkı “Fəvvarələr” meydanı) şəhərin əsas ictimai mərkəzi kimi layihələndirərək, ilk “meydan-bağ” ansamblını yaratdı. Eyni zamanda, yaxınlıqdakı Sisianov parkı da onun ideyası idi.

Memarın Bakıdakı ən möhtəşəm əsəri bu gün Nizami adına Ədəbiyyat Muzeyinin binasıdır. 1860-cı ildə “Metropol” mehmanxanası kimi inşa edilən bu tikili Bakı memarlığına yeni nəfəs gətirdi. Bakının sahil zolağının abadlaşdırılması da Qasım bəyin adı ilə bağlıdır. O, sahili şəhərin daxili küçələri ilə bağlayan keçidləri elə planlaşdırdı ki, dəniz havasından paytaxtın hər guşəsinə pay düşsün.

Gərgin və fədakar əməyi sayəsində o, dövrünün ən nüfuzlu mükafatlarından birinə - “Müqəddəs Anna” ordeninə layiq görüldü. Qasım bəy 1868-ci ilə qədər Bakı şəhərinin baş memarı vəzifəsini icra edərək, paytaxtın mərkəzi hissəsinin mənzərəsinin təməllərini qoydu. Lakin doğma yurduna olan bağlılığı onu yenidən Şirvan torpaqlarına çəkdi və 1868-ci ildən 1874-cü ilə qədər Şamaxıda memar kimi fəaliyyətini davam etdirdi. Həm Bakının intibahına, həm də zəlzələdən sonra Şamaxının yenidən qurulmasına öz sənətkar möhürünü vurdu.

1874-cü ildə ömür karvanı mənzil başına çatsa da, 2 şəhərin memarlıq taleyini birləşdirən sənətkarın ömür yolu həm paytaxtda ucaltdığı binalarda, həm də doğma Şamaxının qala divarlarında əbədiləşdi.

Fidan ƏLİYEVA
XQ

Sosial həyat