Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalının kəsilməyən harayı” mövzusunda elmi sessiya keçirilib.
Məclisi giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsinin miqyasından, dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb. O, Xocalı soyqırımının 200 ildən artıq müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşəli səhifəsi olduğunu bildirib, bu faciənin insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb.
Bildirilib ki, bütün dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət məhz Ümummilli lider verib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə də həmişə mühüm yer tutub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə faciə barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumat verilməsində ciddi dönüş yaradıb.
Prezident İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Qarabağın digər bölgələri kimi, Xocalının da işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin intiqamı alınıb.
Elmi sessiyada direktor müavini, fəlsəfə doktoru Kəmalə Nuriyevanın “Poeziyada Xocalı reallığının əksi”, şöbə müdiri, fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun “Qarabağ uğrunda müharibənin gerçəkləri Əlisəfa Azayev nəsrində” mövzusunda məruzələr dinlənilib. Muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova bildirib ki, illər bizi Xocalı faciəsindən uzaqlaşdırsa da, bu dəhşətli soyqırımı xalqımızı tarixi yaddaşı qorumağa, milli birliyi möhkəmləndirməyə və siyasi ayıq-sayıqlığa çağırır.
Qabil YUSİFOĞLU
XQ


