Azadlıq müasir siyasi və hüquqi diskursda ən çox işlədilən anlayışlardan biridir. Konstitusiyalarda, beynəlxalq sənədlərdə, siyasi proqramlarda və ictimai polemikalarda azadlıq demək olar ki, avtomatik müsbət məna ilə səslənir. Çox vaxt azadlıq sözünün özü mövqeni əsaslandırmaq üçün kifayət edir; əlavə izah tələb olunmur. Beləliklə, anlayış tədricən müzakirə predmeti olmaqdan çıxaraq əvvəlcədən qəbul edilmiş normativ mövqeyə çevrilir.
Məhz bu məqamda təhlükə başlayır. Azadlıq siyasi-hüquqi kateqoriya kimi izah edilməli olduğu halda, apriori qəbul edilmiş, tənqidə qapalı dəyər kimi təqdim olunur. Nəticədə, azadlıq artıq “nədir?” sualının cavabı deyil, “belə olmalıdır” hökmünün ifadəsinə çevrilir.
Lakin azadlığın normativ iddia daşıması onun tarixdən və praktik reallıqdan asılı olmayan, dəyişməz metafizik prinsip olduğu anlamına gəlmir. Azadlıq ideya olaraq müəyyən ideal məzmun iddiası daşısa da, hər zaman konkret ictimai-siyasi formalar daxilində ifadə olunmuşdur. O, nə sırf nisbi anlayışdır, nə də tarixdən qoparılmış saf idealdır. Azadlıq ideya ilə institut arasında formalaşır.
Azadlıq gözəl ideya kimi səslənə bilər, lakin onu qoruyan hüquqi mexanizmlər yoxdursa, bu ideya faktiki güc münasibətləri qarşısında müdafiəsiz qalır. Hüquqi institutlar zəif olduqda azadlıq hüquq səviyyəsində deyil, şüar səviyyəsində tətbiq olunur.
Tarix bu dəyişkənliyi açıq göstərir. Qədim Afina polisində azadlıq fərdin dövlət işlərində bilavasitə iştirakı ilə əlaqələndirilirdi. Azad olmaq dövlətdən uzaq durmaq deyil, əksinə, siyasi icmanın bir üzvü kimi qərarvermədə iştirak etmək səlahiyyəti idi. Sonrakı mərhələlərdə isə azadlıq daha çox dövlət müdaxiləsinin məhdudlaşdırılması kimi qəbul edilməyə başladı. Bu transformasiya azadlığın məhv olması deyil, onun siyasi məntiqinin dəyişməsi idi.
Fəlsəfi düşüncə də bu müxtəlifliyi təsdiqləyir. Kant üçün azadlıq istədiyini etmək deyil, ümumi qanun ideyasına uyğun olaraq özünə norma qoymaq və bu normaya tabe olmaq bacarığıdır. J.S.Mill isə azadlığı başqasına zərər verməmək şərti ilə fərdi fəaliyyət sahəsi kimi müəyyənləşdirirdi. Hər iki yanaşma göstərir ki, azadlıq öz-özünə deyil, müəyyən hüquqi və mənəvi çərçivə daxilində məna qazanır. Azadlıq normativ doqmaya çevrildikdə isə bu çərçivə aradan qalxır.
Fransız inqilabının Yakobin diktaturası mərhələsi azadlığın normativ doqmaya çevrilməsinin klassik tarixi nümunəsidir. Bu dövrün aparıcı fiqurları, xüsusən Maksimilian Robespyer və onun ətrafı özlərini respublikaçı fəzilətin daşıyıcıları hesab edir, aristokratik imtiyazları və şəxsi marağı açıq şəkildə nifrətlə rədd edirdilər. Yakobin ideologiyasında azadlıq və bərabərlik yalnız siyasi məqsəd deyil, əxlaqi təmizlik ölçüsünə çevrilmişdi.
Lakin məhz bu əxlaqi mütləqləşdirmə azadlığı konkret hüquqi və institusional çərçivədən ayırdı. Azadlıq artıq tarixi şəraitdə tarazlaşdırılan siyasi dəyər kimi deyil, şübhə və istisna tanımayan normativ hökm kimi başa düşülməyə başladı. Nəticədə, “azadlığın düşmənləri” anlayışı getdikcə genişləndi və fərqli mövqe azadlığa qarşı mənəvi xəyanət kimi qavrandı. İnqilabı qorumaq naminə müvəqqəti məhdudiyyət kimi təqdim edilən tədbirlər qısa müddətdə sistemli zorakılığa çevrildi.
Beləliklə, azadlıq mütləq dəyər kimi təqdim edildikcə, onun qorunması adı altında azadlığın özünün məhdudlaşdırılması legitimləşdirildi. Yakobin təcrübəsi göstərdi ki, azadlıq siyasi məsuliyyətdən, hüquqi mexanizmlərdən və real nəticə ölçüsündən qoparılanda, paradoksal şəkildə öz əksinə çevrilir: azadlıq şüarı azadlığın aradan qalxmasının əsaslandırılmasına xidmət edir. Bu tarixi epizod azadlığın niyə metafizik ideal deyil, konkret siyasi və hüquqi münasibət kimi dərk edilməli olduğunu açıq şəkildə göstərir.
Müasir dövrdə COVID-19 pandemiyası bu gərginliyi başqa formada göstərdi. Fərdi azadlıqların toxunulmazlığı ilə ictimai təhlükəsizlik arasında yaranan ziddiyyət göstərdi ki, azadlıq abstrakt şüar deyil; o, konkret hüquqi mexanizmlər və siyasi qərarlar vasitəsilə reallaşır. Məhdudiyyət hər zaman azadlığın inkarı deyil; bəzən onun davamlı mövcudluğunun şərtidir.
Bu təcrübələr göstərir ki, azadlıq məsuliyyətdən və institusional çərçivədən ayrıldıqda, onu qorumaq əvəzinə dağıdıcı nəticələr doğura bilər.
Azərbaycan təcrübəsi bu baxımdan xüsusi diqqətəlayiqdir. 1990-cı illərin əvvəllərində azadlıq ideyası milli müstəqillik arzusu ilə birləşərək güclü mobilizasiya faktoru olmuşdu. Lakin tam azadlıq yalnız müstəqillik əldə etmək ilə bitməyən, dövlət quruculuğu məsuliyyəti tələb edən prosesdir.
Hüquqi institutlar və təhlükəsizlik mexanizmləri formalaşmadıqda azadlıq real təminata çevrilmir. Həmin dövrdə siyasi sistemin zəifliyi və idarəçilik təcrübəsinin çatışmazlığı azadlıq ideyasını sabit hüquqi mühitə deyil, keçid xaosuna gətirib çıxardı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçilik prinsipi bərpa olundu: hüquqi institutlar möhkəmləndirildi, siyasi sabitlik təmin edildi və azadlıq anlayışı abstrakt bəyanatdan konkret hüquqi çərçivəyə keçirildi. Dövlətin möhkəmlənməsi azadlığın məhdudlaşdırılması deyil, onun real təminatı üçün zəruri şərt kimi təqdim olundu.
Azadlıq yalnız hüquqi sənəd və bəyanatlarla deyil, iqtisadi sabitlik və siyasi dayanıqlıqla ölçülür. Ərazi bütövlüyü təmin edilməmiş, ictimai–hüquqi nizam olmayan bir məkanda azadlıq yalnız niyyət olaraq mövcud ola bilər. Suverenlik və hüquqi institutlar möhkəmləndikcə isə azadlıq şüardan hüquqa, hüquqdan isə praktik imkanlara çevrilir. Bu, abstrakt idealın konkret dövlətçilik vasitəsilə həyata keçməsinin nümunəsidir.
Bu xətt Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Suverenliyin bərpası, ərazi bütövlüyünün təmin edilməsi və hüquqi-institusional mexanizmlərin gücləndirilməsi azadlığın yalnız normativ şüar deyil, real təhlükəsizlik və hüquqi təminat mühitində mövcud ola biləcəyini göstərdi. Dövlət zəiflədikdə azadlıq zəifləyir; dövlət gücləndikcə, azadlıq institusional məzmun qazanır.
Beləliklə, azadlığın normativ doqmaya çevrilməsi problemi təkcə tarixi epizod deyil. Bu problem hər dəfə azadlıq anlayışı siyasi və hüquqi reallıqdan qoparıldıqda ortaya çıxır. Azərbaycan təcrübəsi göstərir ki, azadlıq yalnız hüquqi institutlar, siyasi məsuliyyət və suveren dövlət çərçivəsində mənalı şəkildə reallaşa bilər.
Azadlıq təhlükəli deyil. Təhlükəli olan onu sual altına alınmayan, hər vəziyyətdə eyni məna daşıyan müqəddəs şüara çevirməkdir. Azadlıq düşünülmədikdə və ölçülmədikdə, o artıq hüquqi kateqoriya yox, emosional iddiaya çevrilir. Və məhz bu mərhələdən sonra anlayışın təhrifləri başlayır.
(ardı var)
Mehdi ABDULLAYEV,
hüquq elmləri doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət İdarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri

