Müasir dövrdə texnologiyaların inkişafına baxmayaraq, saatsaz sənəti bu gün də aktuallığını itirməyib. Zamanın dəyərini bilən, onu qoruyan və dəqiqliklə işləyən saatsazlar cəmiyyət üçün hər zaman önəmli olub.
Zaman sükutla axsa da, divardan asılmış köhnə saatın tıqqıltısı balaca emalatxanada ürək döyüntüsü kimi eşidilirdi. Saatsaz gur işıq altında gözlərini mikroskopla görünən xırda mexanizmlərə dikmişdi. Səliqə ilə düzülmüş saysız-hesabsız saatlar eyni anda susmuşdu, sanki hamısı bir nəfəsin, bir əlin qızıla dönmüş barmağını gözləyirdi. O əl saatsazın əli idi. Mexanizmlərə toxunduqca gözlər önündə sanki “həkimin cərrahi müdaxiləsi” canlanırdı.
Paytaxtın mərkəzinə gecə çökəndə bir emalatxana hələ də işıq saçırdı. O işıq nə günəşin, nə də adi bir lampanın–məhz zamanın özü idi. Bizi girişdə öncə divardan asılıb öz təmir vaxtını gözləyən saatlar qarşıladı. 55 ildir ki, vaxtımızı dəyərləndirə bilməyimiz üçün çalışan, minlərlə saatı həyata qaytaran məşhur saatsaz Hacı Fətəliyevlə görüşüb söhbətləşdik.
“Bütün sənətlər gözəldir. Sənətə məhəbbət, sevgi varsa, o sənət səni ucaldar” - Hacı Fətəliyev söhbətə başlayır:
- Hər insan işində, əməlində saat kimi dəqiq olmalıdır. Mən sevirəm ki, saatı sakit vaxtı təmir edim. O anda sanki saatla söhbətləşirəm. Məni yaşadan, insanlara sevdirən bu sənətdir. Sənətimə olan məhəbbətdir. Bu peşə yüksək dəqiqlik, səbir və diqqət tələb edir. Saatsaz üçün hər saniyə dəyərlidir, çünki onun işi vaxtın düzgün axmasını təmin etməkdir.
Hacı dayının əlində tutduğu saat yenidən “nəfəs” alır, susmuş zaman danışmağa başlayır. Emalatxanasında vaxt dayanmış kimi görsənsə də, əslində, zaman yenidən doğulurdu. Sanki hər bərpa edilən köhnə-təzə saatla birgə keçmiş də canlanır, xatirələr zamanın qanadında geri qayıdır. Usta diqqətlə saatları deyil, sanki insan ömrünün axışını sazlayır. Və sazladıqca saatın əqrəbi səssizcə “Zaman əmanətdir, onu itirmə”, - deyə pıçıldayırdı.
Saatsaz peşəsinə necə gəlməsi barədə danışan Hacı Fətəliyev deyir ki, uşaq vaxtı tapdığı bir saat onun bu sənətə marağına səbəb olub. Saatı söküb mexanizmlərin necə işlədiyinə diqqət yetirdim: “16 yaşıma çatanda qərara gəldim ki, bir sənət öyrənim. Əmrulla dayım sahə müvəkkili işləyirdi, əlaqələri çox idi. Bu fikrimi eşidəndə məni Sumqayıt Şəhər Məişət Xidməti İdarəsinə apardı. Dayım bərbər olmağımı istəyirdi. Kotlov soyadlı direktor mənə “Kimdir bu uşağa saç kəsdirən?” - deyərək dərzilik sənətini təklif etdi. İsrarla dedim ki, saatsaz olacağam, vəssalam! Beləliklə, məni saat ustasının yanına apardılar və orada 6 ay oxudum. Mənə bu peşəni öyrədən müəllimim yəhudi idi. O, məni bu sənəti elə yaxşı öyrətdi ki, artıq sərbəst işləyə bilərdim. Amma dayım şagirdliyimi daha 6 ay da uzatdı. Üzünə heç nə deyə bilməsəm də fikirləşdim: “Dayım niyə belə edir?”. O mənim bu narazılığımı başa düşmüşdü. Mənə yaxınlaşıb unuda bilməyəcəyim bu sözləri dedi: “Ay bala, pulu həmişə qazanacaqsan, amma əvvəlcə sənəti yaxşı öyrən”. Necə deyərlər, o vaxtlar bu sənətin qulu oldum, indi də şahıyam. Haqqımda Azərbaycan, Türkiyə və İtaliyada sənədli filmlər çəkilib. Mənə müxtəlif ölkələrdən iş və yaşamaq təklifi gəlsə də, ölkəmdə fəaliyyətimlə qürur duyuram.
1994-cü ilin aprel ayında Sumqayıtdan Bakıya gəlmişəm. O vaxt məni tanıyan yox idi. “Tarqovu”da (indiki Nizami küçəsi–red.) bir mağazada yer götürdüm, başladım saatları təmir etməyə. Elan da yazdım ki, düzəlməyən saatları təmir edirəm. O vaxt bu cür şeyləri heç kim normal qəbul edə bilmirdi, etmirdilər də. Mənə qəribə baxırdılar. Məhz bu cür işlər məni yavaş-yavaş məşhurlaşdırdı.
Mən bu sənətimlə nəinki Azərbaycanda, hətta xarici ölkələrdə tanınmışam. 2015-ci ildə İtaliyanın Milan şəhərində əl işlərim nümayiş olunub, 2-ci yerə çıxmışam. Dünyada elə bir saat yoxdur ki, mən onu düzəldə bilməyim. Bəzən mənə deyirlər ki, Hacı, sən olmasan, bu işləri kim edər?
Uzun illərdir bu işin içindədir, amma yenə də öyrənir. “Birdə görürsən ki, elə saatlar çıxır ki, mən heç onu həyatı boyu görməmişəm. Ona görə də hər ilin kataloqunu alıram ki, təzə çıxan saatları söküb-yığma qaydalarını öyrənim. Yoxsa bilmərəm vurub bahalı əşyanı korlayaram. Sonra gəl cavab ver. Düzəltdiyim ən bahalı saatın qiyməti 200 min dollar civarında olub. Mənim düzəltdiyim saatlar uzun illər xarab olmur. Həmçinin düzəltdiyim saatların üzərinə Azərbaycanın üçrəngli bayrağını qoyuram”.
Hacı dayının balaca iş otağında o qədər insanlarla fotoları var ki, divar sanki onun məşhurlarla olan şəkillərindən ibarət idi. Burada kimlər yox idi ki? Usta deyir ki, mənə hərdən irad tuturlar ki, sən özündən çox razısan. Bildirirəm ki, insan sənətini mükəmməl biləndə, sevəndə özünə arxayın danışır. Əgər pis usta olsaydım bax, şəkillərdə gördüyünüz bu adamlar mənim yanıma heç gələrdilər?!”.
Usta təsadüf nəticəsində etdiyi kəşfindən də danışır: “Bir dəfə “budilnik”i söküb yığmışdım, gördüm ki, əqrəblər geriyə işləyir, amma saatı doğru göstərir. Beləliklə, bunu başqa saatlar üzərində də tətbiq etdim. Sonra başqa yenilik etdim, əqrəb irəli getdi, saniyə geri. Dünyada saniyəni geri, əqrəbi irəli ilk dəfə mən işlətmişəm. Gündə azı 5 saat təmir edirəm. Cavanlıqda bu rəqəm 8-10 arası idi. Hərdən Allahdan bir az da ömür istəyirəm ki, hələ düzəltmək istədiyim saatlar var”.
Ümumiyyətlə, saatlar 5 cür olur. Yerdən qoyulan, divar, stolüstü zəngli, cib və qol saatları mövcuddur. Yerdən qoyulan saatlar təmirə gətirilmir, usta özü gedir. Mən bu beş növ saatların hər birini düzəldirəm. Lakin yerimin dar olması mənə bir az əziyyət verir.
H.Fətəliyev bildirir ki, ilk düzəltdiyi saatlar “Zvezda”, “Pobeda”, “Luç”, “Vostok” markaları olub, ancaq bu gün o “Rolex” saatlarını belə təmir edir. Bəzən saatı düzəldirəm, gəlib deyirlər ki, “Vallah, ay usta, bu saat təzəliyində belə işləmirdi”. Hamısını da özüm fikirləşib tapıram.
Şəhərdə onu hamı saatsaz kimi tanısa da, hərdən usta Hacının yanına təmirə ayaqqabı da gətiriblər.
“Qapını bağlayıb, evə gedirdim. Bir qadın gəldi. Dedim ki, get, sabah gələrsən, indi gecdir. Dedi, yox e, oradan bura sənin adına gəlmişəm, nə isə əl çəkmədi. Qapını açdım, gördüm ki, bağlamanın içərisindən ayaqqabı çıxardı. Mən də lupanı götürdüm başladım ayaqqabının altını naqqaş ilə qurdalamağa. Deyirəm, ay xala, bu ayaqqabının altı çox gedib. Deyir, ay bala, ayaqqabı dağılar da. Dedim, ay xala, düzəldərəm, amma ki, 10 manata başa gələcək. Arvad ayaqqabını əlimdən elə dartdı ki, az qala, əlim qırılmışdı. “Bunun özünü 6 manata almışdım. Təmirə 10 manat verim?”. Hirslə qapıdan çıxanda dedim, qurban olum, ay xala, sən Allahın dayan, mən pinəçi deyiləm e, saatsazam.
Bir dəfə də yenə bir qadın saatın kəfgirini gətirib ki, xarab olub. Deyirəm, bəs saatın özü hanı, dirəşib ki, elə bunu düzəlt, saat işləyəcək.
Əsgərlikdə hərbi biletimdə də saatsaz olduğum yazılmışdı və bununla fəxr edirdim. Bu sənət həmişə mənə kömək olub. Hərbi xidmətdə olarkən Tibb Məntəqəsinin rəisinin saatlarını düzəldirdim. Hərdən mənə hədə-qorxu gələndə ki, hauptvaxta aparsınlar, özümü xəstəliyə vururdum və məntəqə rəisi məni xilas edirdi. Bir dəfə təyyarə ilə Azərbaycana gəlmək istəyirdim, amma bilet olmadı, uçmağa da yarım saat qalırdı. Stüardessa gördü saatsazam, məndən xahiş etdi ki, saatını düzəldim. Sonra məni gecikmiş sərnişinin yerinə təyyarəyə mindirdi.
Mən xoşlayıram ki, insanlar saat kimi dəqiq olsunlar. Hamıdan bunu istəyir və arzulayıram. Zamanı bilməsək həyatın axarı, yaşamaq necə olar, özünüz fikirləşin. Hər şey zamana bağlıdır. Mən bu işlə ömür sürürəm, həyatımı bu sənətsiz təsəvvür etmirəm.
Usta sənətkarın söhbətimizə ayırdığı vaxtın necə keçdiyini bir an da olsun hiss etmədim. Elə vaxtın qiymətini də ondan çox bilən yoxdur. Qolunda saat gəzdirməsə belə…
Müşfiq MİRZƏ
XQ


