İgidlər anası çağırılır adın...

post-img

Balakən

Dünən Balakən Rayon Mədəniyyət Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram şənliyi keçirilib.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edib. Rayon rəhbəri qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.

Mərasimdə şəhid anası Gülşən Kərimova və şəhid atası Şəmsəddin Tuhumov çıxış edərək qadınların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbir Balakən Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Göygöl

Göygöl rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayon rəhbərliyinin şəhid anaları və xanımları ilə görüşündə Vətən yolunda qurban vermiş ailələrə xalqımızın dərin hörmət və ehtiramı ifadə olunub.

Rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid analarını və xanımlarını bayram münasibətilə təbrik edib, ictimaiyyətin onlara diqqət və sayğısından söz açıb. O bildirib ki, şəhid ailələrinin göstərdiyi səbir, güc və vətənə bağlılıq hər zaman cəmiyyət üçün nümunədir. Qeyd olunub ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Görüş zamanı şəhid ailələri onlara göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Belə görüşlərin mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.

Masallı

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov birinci Qarabağ müharibəsinin şəhidi Vilayət Əliyevin Babakücə kəndində yaşayan 87 yaşlı anası Sərvər Ağayeva ilə görüşüb.

Rayon rəhbəri şəhid anasının səhhəti, qayğıları ilə maraqlanıb, onu qarşıdan gələn bayram münasibətilə səmimi təbrik edib. Ağbirçək ana 30 il ərzində ilk dəfə rayon rəhbərinin ailələrinə baş çəkdiyini vurğulayıb, razılıq və məmnunluğunu bildirib.

İcra başçısı Dəmirçi kəndində şəhid Mətləb Bağırovun anası Zəringül Həşimova, Qarğalıq kəndində şəhid Ədalət Vəliyevin anası Almaz Vəliyeva, Mahmudavar kəndində şəhid Mübariz Şahbazovun anası Təmilə Şahbazova ilə də görüşüb, igid övladlar böyütmüş anaları bayram münasibətilə təbrik edib.

“Azərbaycan qadını–güc və ləyaqət nümunəsi” adlı ümumrayon şənliyində şəhid anaları, rayonun işgüzar, fəal qadınları iştirak ediblər. Şəhid anaları övladlarının xatirəsinin daim uca tutulduğuna, göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

İlqar HƏSƏNOV,
Hamlet QASIMOV,
Əlisəfa HƏSƏNOV
XQ

Sosial həyat