1993-cü ildən – Birinci Qarabağ savaşından sonra yuxu bilməyən gözlərim 2020-ci ildə rahatlandı. Həmin illərin hər gününü gah qələbə, gah şəhid xəbəri ilə başa vurmuşam. Özüm şəhid anasıyam. O bayrağı qəbul edib şəhid tabutu qucaqlamaq nədir, yaxşı bilirəm.
Oğlum Vüqar Namazov Birinci Qarabağ müharibəsində şəhid olub. Orta məktəbi əla qiymətlərlə tamamlayan, ali təhsilinə sonra davam etməyi qərara alan, auditoriyanı cəbhəyə dəyişən 19 yaşlı balam öncə könüllü, yaşı tamamlandıqdan sonra həqiqi hərbi xidmətini müharibədə keçirdi.
Goranboy uğrunda döyüşlərin iştirakçısı olmuş övladıma “təhsilinə davam et” – deyəndə mənə cavabı bu olmuşdu: “Ana, sən özün mənə vətənpərvərlikdən dərs demisən. Babəki, Xətaini, Koroğlunu təbliğ etmisən. Bizi vətənpərvərliyin aliliyinə inandırmısan. Bəs torpağım əldən gedir, axı. Mən təhsilimə sonra davam edərəm. Müharibə bitəndən sonra sən sinfə daxil olub qəhrəmanlığı təbliğ edəndə, şagirdlərin sənə deməyəcəklərmi ki, ay müəllim, qəhrəmanlıq belə yaxşıdırsa, oğlun niyə müharibəyə getməyib?”
Mənim qəhrəman balam, Vətən sevdalısı oğlum 33 il əvvəl, noyabrın 19-da, 19 yaşında şəhid oldu:
Mən şəhid oldum ki, elim yaşasın,
Bu torpaq ayaqlar altda qalmasın.
Min il yatmışları səsim oyatsın,
Mən Vətən qurbanı olmuşam ana...
... Naftalandakı yeganə bağça şəhidimin adını daşıyır, təhsil aldığı məktəbdə onun şərəfinə guşə düzəldilib, şəhid adı çəkilən hər yerdə Vüqar xatırlanır. Ötən illər ərzində şəhərdə elə bir toplantı olmayıb ki, orada şəhidlər anılmasın, şəhid ailələri unudulsun. Bütün bunlar çox müsbət hallar olsa da, balamın qanının yerdə qalmağına görə nə ürəkdən sevinə bilirdim, nə gülə. Övladlarıma toy edəndə də gözlərimiz gülsə də, qəlbimiz qan ağlayırdı...
2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarından sonra qəlbimdə bir od közərdi. 44 gün ərzində tarixi və möhtəşəm qələbəyə imza atan Azərbaycan Prezidentinə, Ali Baş Komandana nə qədər təşəkkür etsək, minnətdar olsaq, yenə azdır... Ermənistanın məğlub olduğunu televiziya vasitəsilə xalqa çatdıran dövlət başçımızın çıxışından az sonra yaşadığım binanın ətrafına toplaşan şəhər əhalisinin səsinə boylandım. Onlar pəncərəmin altında “Başını dik tut, şəhid anası! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Yaşasın Prezidentimiz!” – deyə şüarlar səsləndirirdilər. Aşağı enəndə, bayraqlarla, plakatlarla çağırış edənlərin əhatəsində bir anlığa özümü itirdim. Onların əksəriyyəti mənim keçmiş şagirdlərim idi. Məni bağrına basan kim, “gözün aydın” - deyən kim... Anladım ki, balamın nigaran ruhu indi rahatlıq tapdı. Bu gün sevindi... Bircə onu deyə bildim: “Şəhidlərimizin ruhu sevinir. Onların Qarabağ səmasında gəzən nigaran ruhları, şadlanır. Biz nə gözəl millətik, nə gözəl xalqıq. Bu gün hamımız qarabağlıyıq, hamımız şuşalıyıq!”
Biz həmişə inanırdıq ki, Qələbə bizim olacaq. Bütün şəhid anaları bu gün ürək dolusu sevinclə bayramları qeyd edir. Təsəllimiz odur ki, övladlarımız Vətənin azadlığı yolunda canlarını qurban verdi. Mən ağbirçək şəhid anası kimi həyat yoldaşlarını itirən gənc gəlinlərimizi, şəhid qızlarını, şəhid analarını qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü, Novruz və Ramazan bayramları münasibətilə təbrik edirəm. Onlara deyirəm: “Həyat gözəldir. Yaşayın, şəhidlərimizin ruhlarını şad edən işlər görün. İnanın ki, o ruhlar həmişə sizin ətrafınızdadır”.
Tərlan NAMAZOVA
Naftalan şəhəri


