Son illərdə Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları bu sahənin müasirləşdirilməsini təmin etməklə yanaşı, məhkəmə orqanlarının fəaliyyətinin yeni dövrün reallıqları əsasında təşkilinə geniş imkanlar yaratmışdır. Dövlət idarəçiliyində həyata keçirilən institusional dəyişikliklər, hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi məhkəmə sisteminin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin formalaşmasına gətirib çıxarmışdır.
Bu islahatların mühüm istiqamətlərindən biri də məhkəmələrin fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi və rəqəmsal idarəetmə mexanizmlərinin formalaşdırılmasıdır. Elektron xidmətlərin tətbiqi məhkəmə sistemində prosedurların sadələşdirilməsinə, müraciətlərin daha operativ icrasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Həyata keçirilən tədbirlər nəticəsində ədalət mühakiməsinin əlçatanlığı genişlənmiş, məhkəmə fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsipləri daha da güclənmişdir.
Son illərdə rəqəmsal transformasiya dövlət idarəçiliyinin bütün sahələrini əhatə etdiyi kimi, məhkəmə sistemindən də yan keçməmişdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamı olmuşdur. Sözügedən sənəd məhkəmə fəaliyyətində informasiya texnologiyalarının geniş tətbiqi üçün institusional və texnoloji əsasların formalaşdırılmasına xidmət etmişdir.
Dövlət başçısının 2020-ci il 1 iyun tarixli “Elektron məhkəmə” informasiya sistemi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Sərəncamı ilə sistemin funksionallığı daha da genişləndirilmiş, onun digər dövlət informasiya resursları ilə inteqrasiyası təmin edilmişdir. Bu inteqrasiya məhkəmə proseslərinin daha operativ və səmərəli idarə olunmasına, eyni zamanda, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsinə imkan yaratmışdır.
Ümumilikdə, “Elektron məhkəmə” informasiya sistemi ölkədə məhkəmə-hüquq sahəsində aparılan genişmiqyaslı islahatların mühüm tərkib hissəsi kimi səmərəli nəticələrin əldə edilməsinə zəmin yaratmışdır. Sistem çərçivəsində yaradılan elektron platformalar məhkəmə prosesinin təşkili, sənəd dövriyyəsi, tərəflərlə kommunikasiya və icraatın izlənilməsi baxımından yeni keyfiyyət mərhələsi formalaşdırmışdır. Bu sistem vasitəsilə məhkəmələrə ərizə və digər prosessual sənədlərin elektron qaydada təqdim edilməsi, məhkəmə işlərinin gedişatının onlayn izlənilməsi, məhkəmə qərarlarının elektron şəkildə əldə olunması və tərəflər arasında operativ kommunikasiya imkanları təmin edilir.
Eyni zamanda, “Elektron məhkəmə” sistemi vətəndaşların fərdi məlumatlarının qorunması baxımından da yüksək təhlükəsizlik standartlarına cavab verir. Məhkəmə proseslərinə aid bütün audio və video yazılar ədliyyə sisteminin daxili infrastrukturunda saxlanılır və məlumatların kənara sızmasının qarşısını alan müasir texnoloji mexanizmlərlə qorunur.
Məhkəmə sistemində aparılan islahatların növbəti mühüm mərhələsi 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla bağlıdır. Sözügedən fərman məhkəmə fəaliyyətində elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müasir idarəetmə mexanizmlərinin formalaşdırılması üçün mühüm hüquqi baza yaratmışdır. Bu sənəd çərçivəsində məhkəmə sistemində elektron sənəd dövriyyəsinin genişləndirilməsi, rəqəmsal arxivlərin yaradılması və məhkəmə məlumat bazalarının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Elektron xidmətlərin tətbiqi məhkəmə aparatının daxili idarəetmə mexanizmlərinin də optimallaşdırılmasına səbəb olmuşdur. İşlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölüşdürülməsi subyektiv amillərin minimuma endirilməsinə xidmət etmişdir. Elektron protokollaşdırma, səs yazılarının saxlanılması və prosessual müddətlərə sistem üzərindən nəzarət mexanizmi məhkəmə icraatında intizamın möhkəmləndirilməsinə imkan yaratmışdır. Bununla yanaşı, məhkəmə qərarlarının vahid elektron bazada toplanması hüquqi təcrübənin ümumiləşdirilməsi və elmi təhlili üçün geniş imkanlar açmışdır.
Rəqəmsallaşmanın növbəti mərhələsi isə artıq təkcə elektron sənəd dövriyyəsi ilə məhdudlaşmır. Qlobal miqyasda məhkəmə sistemlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni addımlar atılır. Süni intellekt böyükhəcmli məlumatların emalı, analizi və proqnozlaşdırılması baxımından hüquq sahəsində yeni imkanlar yaradır. Bu kontekstdə Prezident cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, burada qoyulan məsələlər digər sahələrlə yanaşı, məhkəmə sistemində süni intellektin tətbiqinə, rəqəmsal keçidin sürətlənməsinə yeni təkan vermişdir.
Ümumiyyətlə, dünyadakı mövcud trendlərə uyğun olaraq, Azərbaycanın inkişaf strategiyasında rəqəmsallaşma əsas təməl sütunlardan biri olaraq müəyyən edilmişdir. Dövlət başçısı sözügedən müşavirədə bununla bağlı demişdir: “Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar, faktiki olaraq, ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb... Ən önəmlisi, gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”.
Müşavirənin əsas nəticələrindən biri kimi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” qəbul olunmuş, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılmış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Şuranın sədri təsdiq edilmişdir. Bütün bunlar Azərbaycanda rəqəmsal inkişafın dinamik xarakter almasına səbəb olmaqda, süni intellektdən istifadə göstəriciləri üzrə ölkəmizin inamla liderlər cərgəsində öz yerini almasına zəmin yaratmaqdadır. Hakimiyyətin əsas qollarından biri kimi məhkəmələr də bu prosesin mühüm iştirakçısıdır və rəqəmsallaşmadan, süni intellektdən bu sistemdə istifadənin miqyasının genişlənməsi Azərbaycanın inkişaf prioritetlərindən, qarşıya qoyulan vəzifələrdən irəli gəlir.
Süni intellektin məhkəmə-hüquq sahəsində tətbiqi artıq müasir dövrün reallığıdır. Düzgün istifadə olunduqda bu alət məhkəmə təcrübəsinin təhlili, hüquqi sənədlərin hazırlanması və risklərin qiymətləndirilməsi prosesində mühüm nəticələr verə bilər. Ona görə də hazırda məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılır. Süni intellekt həm də mürəkkəb işlərin analizində, qərarların dəqiqliyinin artırılmasında əhəmiyyətli rol oynamaq iqtidarındadır. Aparılan tədqiqatlar, dünya ölkələrinin təcrübəsi də bunu təsdiq edir. Elmi ədəbiyyatda qeyd olunur ki, süni intellekt hüquqi məlumatların sistemləşdirilməsi və məhkəmə təcrübəsinin analizi üçün mühüm alətə çevrilə bilər. Məsələn, Riçard Susskind və Daniel Susskind tərəfindən aparılmış tədqiqatlarda göstərilir ki, rəqəmsal texnologiyalar və süni intellekt hüquq xidmətlərinin göstərilməsi formasını köklü şəkildə dəyişdirə bilər və bu proses məhkəmə sisteminin fəaliyyətinə də təsirsiz qalmayacaq. Artıq bir çox ölkələrdə məhkəmə proseslərinin sürətləndirilməsi, qərarların daha səmərəli hazırlanması və hüquqi sənədlərin analiz edilməsi üçün süni intellekt əsaslı proqramlardan geniş şəkildə istifadə olunur. Məsələn, ABŞ-da cəza siyasətinin tətbiqində risk qiymətləndirmə sistemlərinə geniş şəkildə müraciət edilir. Bu sistemlərdən biri olan “COMPAS” proqramı təkrar cinayət törətmə ehtimalını müəyyən etmək məqsədilə istifadə olunur. Süni intellekt müxtəlif məlumatları, o cümlədən şəxsin əvvəlki cinayət tarixçəsini, sosial vəziyyətini və digər amilləri analiz edərək müəyyən risk göstəriciləri təqdim edir və nəticədə, bu cür texnologiya hakimlərə qərar qəbuletmə prosesində əlavə informasiya verir, məhkəmə proseslərini əhəmiyyətli dərəcədə sürətləndirir. Estoniya isə kiçik maliyyə məbləğli mübahisələr üzrə avtomatlaşdırılmış qərar mexanizmlərinin tətbiqi istiqamətində pilot layihələr həyata keçirmişdir. Öz növbəsində, Çin onlayn məhkəmə platformalarında süni intellekt əsaslı sistemlərdən istifadə etməklə rəqəmsal ədalət modelini daha geniş şəkildə tətbiq edir. Sözügedən sistem çərçivəsində süni intellekt texnologiyaları vasitəsilə hüquqi sənədlərin analizi, məhkəmə materiallarının təsnifatı və bəzi sadə hüquqi işlərin avtomatlaşdırılmış şəkildə baxılması həyata keçirilir. Bundan əlavə, Çində bəzi məhkəmələrdə, hətta virtual hakim köməkçiləri fəaliyyət göstərir.
Bu və digər təcrübələr göstərir ki, süni intellekt texnologiyalarının məhkəmə fəaliyyətində tətbiqi həm səmərəlilik yaradır, həm də yeni hüquqi və etik məsələlərin ortaya çıxmasına səbəb olur. Məsələ burasındadır ki, süni intellekt alətləri minlərlə məhkəmə qərarını qısa müddətdə təhlil etməyə imkan verdiyindən, vahid məhkəmə təcrübəsinin formalaşmasına kömək edə bilər. Eyni hüquqi situasiyada fərqli qərarların qəbul olunması ehtimalı azalır, hüquqi yanaşmalar daha sistemli xarakter alır. Bu müsbət tərəfləri ilə yanaşı, süni intellektin məhkəmə fəaliyyətində tətbiqi bəzi etik və hüquqi problemləri də gündəmə gətirir. Çoxsaylı araşdırmalar göstərir ki, burada başlıca problemlərdən biri alqoritmlərin şəffaflığı və obyektivliyi ilə bağlıdır. Çünki süni intellekt sistemi səhv və ya qərəzli məlumatlara əsaslanarsa, bu, mütləq şəkildə məhkəmə qərarlarının ədalətliliyinə mənfi təsir göstərəcək. Bu məqamlar nəzərə alınaraq, bir sıra ölkələrdə süni intellektin məhkəmə sistemində tətbiqi ilə bağlı xüsusi hüquqi qaydalar və etik standartlar hazırlanır.
Süni intellekt texnologiyalarının tətbiqi hüquqi məsuliyyət məsələsini də gündəmə gətirir. Bu baxımdan bəzi tədqiqatçılar süni intellekt sistemlərini müəyyən hallarda “artırılmış təhlükə mənbəyi” kimi qiymətləndirilməsini mümkün hesab edirlər. Əgər belə sistemlərin fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxslərə zərər dəyərsə, məsuliyyət həmin sistemi idarə edən və ya istifadə edən şəxsin üzərinə düşə bilər.
Digər mühüm məsələ süni intellekt sistemlərinin sertifikatlaşdırılması və hüquqi tənzimlənməsidir. Təhlükəsizlik və keyfiyyət standartlarına cavab verməyən texnologiyaların istifadəsi ciddi risklər yarada bilər. Buna görə də belə sistemlərin tətbiqi dövlət nəzarəti və hüquqi mexanizmlər çərçivəsində həyata keçirilməlidir.
Azərbaycanda mövcud elektron məhkəmə infrastrukturu süni intellekt alətlərinin mərhələli tətbiqi üçün əlverişli zəmin yaradır. Elektron sistemdə toplanmış geniş məlumat bazası analitik texnologiyaların tətbiqinə imkan verir. Məsələn, süni intellekt məhkəmə qərarlarının avtomatik təhlilini apararaq, oxşar işlər üzrə formalaşmış hüquqi yanaşmaları müəyyən edə bilər. Digər tərəfdən, prosessual sənədlərin ilkin texniki yoxlanılması, iddia ərizələrinin strukturlaşdırılması və hüquqi məlumatların sistemləşdirilməsi kimi funksiyaları süni intellekt vasitəsilə həyata keçirmək mümkündür. Bu isə hakimlərin iş yükünün azalmasına və onların diqqətinin hüquqi təhlilə yönəldilməsinə kömək edər.
Süni intellekt sistemləri, eyni zamanda, məhkəmə statistikasının təhlili, iş yükünün planlaşdırılması və idarəetmə qərarlarının qəbulunda da mühüm rol oynamaq iqtidarındadır. Bu texnologiyalar vasitəsilə müəyyən kateqoriyalı işlərin baxılma müddəti, gecikmələrin səbəbləri və sistemli problemlər daha asan müəyyən edilə bilər.
Fikrimizcə, ilk mərhələdə ölkəmizdə iddia ərizələri, apellyasiya, kassasiya şikayətləri məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılmasının tətbiqi daha doğru olardı. Bundan əlavə, çox sadə hesab olunan işlər, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələrə və şikayətlərə süni intellekt vasitəsilə baxılmasını praktikada tətbiq etmək olar. Tətbiq olunan bu yeniliklərin nəticəsində məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etmək, nəticədə, vətəndaşların məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qabaqcadan qiymətləndirmək mümkün olacaqdır.
Bununla belə, məhkəmə sistemində əsas prinsip ondan ibarət olmalıdır ki, süni intellekt ədalət mühakiməsinin alternativi deyil, onun effektivliyini artıran texnoloji vasitədir. Bu mənada, süni intellekt yalnız köməkçi vasitə qismində istifadə olunmalıdır və nəzərə alınmalıdır ki, ədalət mühakiməsi yalnız qanunların mexaniki tətbiqindən ibarət deyildir. Bu proses insan amili, etik dəyərlər, sosial münasibətlər və fərdi halların düzgün qiymətləndirilməsi kimi bir çox mürəkkəb elementləri özündə ehtiva edir. Təcrübə də göstərir ki, hakimlər qərar qəbul edərkən yalnız hüquqi normaları deyil, həm də işin konkret şəraitini, tərəflərin vəziyyətini, ədalət prinsiplərini nəzərə alırlar. Süni intellektə gəlincə, onun iş prinsipi əsasən əvvəlcədən proqramlaşdırılmış alqoritmlər və mövcud məlumat bazaları üzərində qurulur. Məhz bu səbəbdən də süni intellekt insanın malik olduğu hisslərə, düşüncə tərzinə, mənəvi məsuliyyət və etik düşüncə kimi xüsusiyyətlərə sahib deyildir. Buna görə də ədalət mühakiməsində son qərar həmişə hakim tərəfindən qəbul edilməlidir. Belə ki, süni intellekt sistemi yanlış, qərəzli məlumatlara əsaslanarsa, səhv qərarların qəbulu qaçılmazdır. Bu səbəbdən də hakimin daxili inamı, sübutları sərbəst qiymətləndirmək və hüquqi arqumentasiya azadlığı mütləq şəkildə qorunmalıdır.
Bu gün süni intellekt texnologiyalarının tətbiqi həmin inkişaf prosesinin növbəti mərhələsi kimi çıxış edir. Barəsində bəhs edilən texnologiyalar məhkəmə fəaliyyətinin səmərəliliyini artırmaq, hüquqi təhlili gücləndirmək və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirmək baxımından mühüm perspektivlər açır. Süni intellekt texnologiyaları məhkəmə fəaliyyətinin effektivliyini artırmaq üçün faydalı vasitə kimi qəbul olunur.
Azərbaycanda bu istiqamətdə atılan addımlar göstərir ki, rəqəmsal texnologiyalar və süni intellekt gələcəkdə məhkəmə sisteminin daha çevik, şəffaf və effektiv fəaliyyətinə xidmət edəcəkdir. Bunun nəticəsində ədalət mühakiməsinin keyfiyyəti yüksələcək, hüquqi dövlət prinsipləri daha da möhkəmlənəcək, cəmiyyətin məhkəmə hakimiyyətinə etimadı güclənəcəkdir.
Abbas RZAYEV,
Xəzər Rayon Məhkəməsinin sədri


