Psixoloji xidmət cəmiyyətə ruhi-mənəvi sağlamlıq gətirir

post-img

Bəs niyə belə müayinələrdən keçməyə tərəddüd edirik?

Adətən, psixoloji yardım mərkəzlərinə gedən insanlar orada tanış bir sima görməmək, bura getdiyini bildirməmək istəyirlər. Çünki bir çox ölkələrdə psixoloqa müraciət etmək hələ də gizli saxlanmalı məsələ sayılır. Təbabət isə bildirir ki, psixoloji sağlamlıq fiziki sağlamlıq qədər vacibdir. İnsanlar bədən xəstəlikləri zamanı həkimə müraciət etdikləri kimi, emosional və psixoloji çətinliklər zamanı da psixoloq və psixiatra üz tutmalıdırlar.

Psixoloqa müraciət etməyin qarşısında duran ən böyük maneələrdən biri ruhi xəstə sayılma qorxusudur. Uzun illər ərzində psixoloji yardım alan insanlar “problemli”, xalq arasında “dəli” kimi qiymətləndirilib. Bu stereotip xüsusilə postsovet cəmiyyətlərində daha güclü qalıb. Belə adamların ailə qurması, ciddi insan sayılması sual altında qalıb. Araşdırmalar isə göstərir ki, dünyada psixoloji problemləri olan insanların böyük hissəsi məhz sosial fərqlilik qorxusuna görə mütəxəssisə müraciət etmir. Qlobal statistikaya görə, psixoloji problemi olan insanların, təxminən, 70 faizi heç vaxt peşəkar yardım almır, çünki cəmiyyətin arzuolunmaz münasibətini hiss edəcəklərini düşünürlər.

Bu vəziyyət Azərbaycanda da müşahidə olunur. Bir çox ailələr övladlarının psixoloqa müraciət etməsini qəbul etmək istəmir. “Sənə nə çatmır?”, “biz səni normal böyütmüşük”, “belə şeyləri beyninə salma” kimi reaksiyalar insanları problemlərini gizlətməyə məcbur edir. Bundan əlavə, depressiya, təşviş pozuntusu və panik atak kimi hallar hələ də bəzi insanlar tərəfindən “nazlanmaq” və ya “bəhanə” kimi qəbul edilir.

Ümumdünya statistikasına görə, dünyada hər 4 nəfərdən biri həyatının müəyyən dövründə psixoloji və ya nevroloji problemlə üzləşir. Bu barədə beynəlxalq tədqiqatlarda tez-tez istifadə olunan anlayışlardan biri “treatment gap”, yəni müalicə boşluğudur. Bu termin psixoloji yardım almağa ehtiyacı olan, lakin müalicə almayan insanların payını göstərir. Araşdırmalara görə, aşağı və orta gəlirli ölkələrdə psixoloji problemləri olan insanların 76–85 faizi, inkişaf etmiş ölkələrdə isə 35–50 faizi heç bir müalicə almır.

Bundan əlavə, son illərdə mövcud olan yeni tendensiyalardan biri də insanların süni intellekt əsaslı platformalara üz tutmasıdır. Müxtəlif “chatbotlar” və rəqəmsal məsləhət sistemləri bir çox istifadəçi üçün sanki “rəqəmsal psixoloq” rolunu oynamağa başlayıb. Araşdırmalar göstərir ki, xüsusilə gənclər arasında bu tendensiya sürətlə yayılır. Məsələn, İngiltərə və Uelsdə aparılan araşdırmaya görə, zorakılığa məruz qalan 13–17 yaşlı yeniyetmələrin təxminən 40 faizi psixi sağlamlıq dəstəyi üçün süni intellekt “chatbotlar”ından istifadə edir.

Bununla belə, mütəxəssislər süni intellektin psixoloji yardım sahəsində istifadəsinə ehtiyatla yanaşmağı tövsiyə edirlər. Əsas problemlərdən biri insani empatiyanın məhdud olmasıdır. Süni intellekt insan duyğularını müəyyən qədər təhlil edə bilsə də, real terapevt kimi emosional əlaqə qurmaq qabiliyyətinə malik deyil. Digər məqam isə insanların şəxsi travmaları və emosional problemləri barədə məlumatların texnoloji sistemlərdə saxlanılmasıdır ki, bu da məxfilik riskləri yarada bilər.

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “XQ”-yə bildirdi ki, insanlar yavaş-yavaş anlayırlar ki, psixoloqa müraciət etmək natamamlıq, ayıb və qınaq mövzusu deyil:

– Problem ondadır ki, bu anlayış düzgün istiqamətdə inkişaf etmir. Bir tərəfdən, insanlar psixoloji dəstəyin normal olduğunu qəbul etməyə başlayırlar, digər tərəfdən isə, psixologiya adı altında fəaliyyət göstərən, amma peşəkar hazırlığı olmayan şəxslərə üz tuturlar. Bu isə təhlükəlidir, çünki belə hallarda insan həm vaxt, həm pul itirir, həm də problemin həlli əvəzinə onu daha da dərinləşdirir. Yəni artan tələbatın hansı ünvana yönəldiyi artıq ciddi problemdir.

İnsanların psixoloqa müraciət etməsi cəmiyyətdə hələ də tabu hesab olunur ki, bu yanaşmanın kökündə damğalama, savadsızlıq və psixi sağlamlığa qarşı köhnəlmiş münasibət dayanır. Bir çox insan hələ də düşünür ki, psixoloqa yalnız “ağır problemi olan”, “özünü idarə edə bilməyən” və ya “psixi xəstə” insanlar gedir. Halbuki bu tamamilə yanlışdır. Necə ki insanın dişi ağrıyanda stomatoloqa, hər hansı nahiyəsi zədələnəndə travmatoloqa müraciət edir, eləcə də emosional gərginlik, təşviş, qorxu, yuxu pozuntusu, uzunmüddətli stres və ya davranış çətinlikləri yarandıqda psixi sağlamlıq mütəxəssisinə müraciət etmək normal və sağlam yanaşmadır.

Əgər belə olmasa insanların “problemi özüm həll etməliyəm” düşüncəsi də prosesə çox ciddi şəkildə mane olar. Çünki insan özü-özünə çox zaman obyektiv yanaşa bilmir, əksər hallarda həqiqəti deyil, özünə rahat olanı seçir.

Cəmiyyətdə isə bütün bunlar barədə məlumatlılıq aşağıdır və daha pisi odur ki, bu boşluğu səthi və manipulyativ məzmun doldurur. Cəmiyyət psixi sağlamlıq haqqında çox vaxt daha parlaq danışanı dinləyir. İnsanlara elmi yanaşma ağır, uzun və zəhmətli görünür, saxta metodlar isə “tez nəticə”, “özünü sev və hər şey düzəlsin”, “bir cümlə ilə travmanı sil” kimi ucuz vədlər verir.

Bir halda ki, insanın düşüncələri, emosional vəziyyəti və davranışları onun işinə, şəxsi münasibətlərinə, ailə həyatına, sosial əlaqələrinə, yuxusuna, gündəlik funksionallığına mənfi təsir göstərir. O, mütləq artıq mütəxəssisə müraciət etməlidir. Uzunmüddətli stres, daimi təşviş, səbəbsiz qorxu, yuxu pozuntusu, emosional gərginlik, davranışda idarəetmə çətinliyi, təkrarlanan mənfi düşüncələr, münasibətlərdə davamlı problem, özünə və həyata marağın azalması kimi hallar “öz-özünə keçər” deyib gözləniləcək mövzular deyil. Əksinə, vaxtında müraciət etmək problemin böyüməsinin qarşısını alır.

İlk növbədə, bunu başa düşmək lazımdır ki, psixoloqa müraciət zəiflik deyil. Bu, insanın öz sağlamlığına məsuliyyətli yanaşmasının göstəricisidir. Heç kim diş ağrısını qəhrəmanlıq nümayiş etdirərək aylarla gizlətmir. Amma insanlar emosional ağrını, təşvişi, tükənmişliyi, yuxusuzluğu gizlədib bunu guya iradə kimi təqdim etməyə çalışırlar. Bu yanlış yanaşmadır. İkinci məsələ budur ki, psixologiya elmdir. İnsan öz psixi sağlamlığını təsadüfi adamlara, diplomsuz “məsləhətçilərə”, motivasiya adı altında manipulyasiya edən şəxslərə etibar etməməlidir.

Sosial təzyiq, qeyri-müəyyənlik, iqtisadi gərginlik, ailədaxili problemlər, sürətli informasiya axını, müqayisə mədəniyyəti və tükənmə halları genişlənir. Belə bir şəraitdə psixoloji dəstəyə ehtiyacın görünməsi təbiidir. Amma burada əsas məsələ təkcə sayın artması deyil. Əgər psixoloqa müraciət edənlərin sayı artacaqsa, paralel olaraq elmi əsaslı xidmətə çıxış, peşəkar nəzarət və etik standartlar da güclənməlidir. Yoxsa tələb artdıqca, dələduzlar çoxalacaq və insanlar yenə də psixologiyanın saxta versiyasından zərər görəcəklər.

Bunun üçün isə ilk addım elmi və sistemli maarifləndirmədir. İnsanlara açıq izah olunmalıdır ki, emosional gərginlik, təşviş, qorxu, yuxu pozuntusu, uzunmüddətli stres və davranış çətinlikləri də yardım almaq üçün kifayət qədər ciddi əsasdır.

Sosioloq Üzeyir Şəfiyev isə söylədi ki, insanların psixoloqa müraciət etməməsinin, əslində, bir çox səbəbi var:

– Əvvəla, Azərbaycanda praktik psixologiya məktəbi hələ tam formalaşmayıb və cəmiyyətdə bu sahə ilə bağlı kifayət qədər aydın və formalaşmış fikir yoxdur. Təəssüf ki, bəzi hallarda 2–3 həftəlik qısa təlim və ya kurs keçərək sertifikat alan şəxslər özlərini psixoloq kimi təqdim edib fəaliyyət göstərirlər. Bu cür qeyri-peşəkar fəaliyyət isə, həqiqətən, psixologiya üzrə ali təhsil almış, elmi dərəcəsi və praktik təcrübəsi olan mütəxəssislərin reputasiyasına da mənfi təsir göstərir. Bu səbəbdən, ilk növbədə, psixoloqlara olan inamın formalaşdırılması vacibdir.

Xatırladım ki, ölkəmizdə 2018-ci ildə “Psixoloji yardım haqqında” Qanun qəbul olunub və bu qanunda psixoloji xidmətlə bağlı müəyyən istiqamətlər göstərilib. Daha təsirli nəticə əldə etmək üçün psixoloji xidmət göstərən mütəxəssislərin sertifikasiyası və lisenziyalaşdırılması mexanizmi də tam şəkildə həyata keçirilməlidir. Belə olduqda insanlar psixoloqa müraciət edərkən əmin ola bilərlər ki, qarşılarındakı mütəxəssis dövlət tərəfindən təsdiqlənmiş lisenziyaya və sertifikata malikdir. Bu isə qısamüddətli kurs və ya təlim keçərək fəaliyyət göstərən qeyri-peşəkar şəxslərlə peşəkar psixoloqları ayırd etməyə kömək edər.

Bununla bağlı bir mühüm məqam da ondan ibarətdir ki, bir çox ölkələrdə psixoloqların lisenziyaları müəyyən müddətlər üzrə yenilənir. Məsələn, hər 3 ildən və ya 5 ildən bir onların fəaliyyətinə yenidən baxılır və lisenziyaları təzələnir ki, bu da olduqca vacibdir. Çünki psixoloqlar daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını yeniləməlidirlər. Bəzən isə peşəkar tükənmişlik (burnout) halları baş verir və belə vəziyyətlərdə mütəxəssislərin fəaliyyətinə yenidən qiymət verilməsi zəruri olur.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, klinik psixoloqlar və digər sahələr üzrə çalışan psixoloqlar fərqli istiqamətlərdə fəaliyyət göstərirlər. Buna görə də onların hər biri üçün tələblər və meyarlar da müxtəlif olmalıdır.

Digər tərəfdən, psixologiya sahəsində beynəlxalq təcrübənin ölkəyə gətirilməsi də çox vacibdir. Xüsusilə xarici ölkələrdə təhsil almış psixoloqların Azərbaycana cəlb olunması bu sahənin inkişafına ciddi töhfə verə bilər. Bunun üçün psixologiya ixtisası üzrə Dövlət proqramlarına əlavə imkanlar yaradılmalı və gənc mütəxəssislərin Almaniya, ABŞ və digər inkişaf etmiş ölkələrdə təhsil almalarına şərait yaradılmalıdır. Hazırda isə demək olar ki, Azərbaycanda praktik psixologiya hələ dövrün və müasir tələblərə tam cavab vermir. Daha çox nəzəri araşdırmalara üstünlük verilir, praktik psixologiya ənənəsi isə hələ tam formalaşmayıb.

Yaxın gələcəkdə ölkəmizdə səmərəli psixoloji xidmət şəbəkəsi formalaşdırılsa, tədricən, insanların psixoloqlara olan etimadı da artacaq. Bununla, cəmiyyətin psixoloji xidmətlərə müraciət etmə səviyyəsi də yüksələcək.

Təsadüfi deyil ki, dünya ölkələrində belə bu məsələ müzakirə olunur. Bununla belə, bir çox psixoloqlarının öz müsahibələrində də görmək mümkündür ki, onlar bəzən öz fəaliyyətlərinə tənqidi yanaşırlar, etiraf edirlər ki, bəzi hallarda verilən tövsiyələr və müdaxilə proqramları həddindən artıq fərdiyyətçi və ya eqoist xarakter daşıya bilər. Xüsusilə ailədaxili münasibətlər və münaqişələrlə bağlı tövsiyələrdə belə hallar müşahidə oluna bilər. Çünki bəzi hallarda verilən məsləhətlər ailənin birliyinə və münasibətlərin qorunmasına kömək etmək əvəzinə, əksinə, ailədaxili münasibətlərə mənfi təsir göstərə bilir.

Qeyd etdiyimiz problemlər psixologiya sahəsinin daha inkişaf etdiyi ölkələrdə belə müzakirə olunursa, deməli, Azərbaycanda bu sahənin vəziyyətinə də ciddi yanaşmaq lazımdır. Buna görə də, ilk növbədə, ölkədə güclü və sistemli praktik psixologiya mühiti formalaşdırılmalıdır.

Ləman TƏHMƏZ
XQ





Sosial həyat