Lənkəran səhnəsinin “Dədə Qorqud”u

post-img

Hər il Lənkəranda və qonşu rayonlarda keçirilən Novruz şənliyində Dədə Qorqud rolunu ifa edir. Hündür boyu, əzəmətli duruşu, ürəyəyatımlı səsi ilə ulu Qorqudun müdrik obrazını öz biçimində, öz duyumunda yaradır. Dünyamızın başı üstünü almış fəlakətlərdən, ardı-arası kəsilməyən müharibələrdən narahatçılığı hiss olunur. Əlində qopuz insanları sülhə, dünyamızı qorumağa səsləyir. Ulu Tanrıdan xalqımıza əmin-amanlıq, ruzi, bərəkət diləyir.

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru Allahverən Babayev özünəməxsus, milli düşüncə simvolları ilə yaratdığı Dədə Qorqud obrazı ilə uzun illərdir ki, minlərlə tamaşaçının rəğbətini, sevgisini qazanır. O, artıq 40 ilə yaxındır ki, Lənkəran teatrında çalışır.

1961-ci ildə Lerik rayonunun qartallı qayalar, sərin yaylaqlar, buz bulaqları ilə məşhur olan Monidigah kəndində dünyaya göz açıb. Orta məktəbi doğma kəndində bitirib.

Kənd mədəniyyət evində fəaliyyət göstərən “Lakto” folklor kollektivi o dövrdə təkcə rayonda deyil, respublikamızdan uzaqlarda da tanınırdı. Kollektiv sovet dönəmində Kubada, digər xarici ölkələrdə səfərlərdə olub. O, ansamblın teatr elementləri ilə zəngin çıxışlarını həmişə böyük maraqla izləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində professor Mehdi Məmmədovun kursunda təhsil alıb. Səhnə danışığı ustadı Həsən Əblucdan və digər görkəmli sənətkarlardan dərs alıb.

1987-ci ildə təhsilini başa vurub N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına təyinat alıb. Teatrın baş rejissoru işləyən respublikanın Əməkdar incəsənət xadimi mərhum Baba Rzayevin onun həyatında böyük rolu olub. İlk dəfə professional səhnəyə Cahan Əfruzun “Qanqın böyük dalğası” tamaşasında Şorot rolunda çıxıb. İlk sınaq uğurlu olub.

İstər dramatik, istərsə də komediya rollarını məharətlə, yüksək peşəkarlıqla ifa etməsi ilə tamaşaçıların diqqətini çəkib. Aylar, illər ötdükcə yaratdığı obrazların sayı da artıb. İndiyə kimi doğma teatrın səhnəsində 120-dən artıq rol oynayıb. Aparıcı səhnə ustası “Sevginin göz yaşları”, “Günəşim ol”, “İzi itməyən cinayətlər” və digər teleseriallara çəkilib.

Teatrın səhnəsində Sofoklun “Şah Edip” tamaşasında Tiresi rolunu yüksək peşəkarlıqla ifa etdiyinə görə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən “İlin ən yaxşı aktyoru” mükafatını qazanıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə iki dəfə Prezident mükafatına, Mədəniyyət Nazirliyinin Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birlikdə keçirdiyi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Cənnətim Qarabağ” bədii qiraət və “Xarıbülbülün təntənəsi” müsabiqələrində diplom və pul mükafatlarına layiq görülüb. Teatr sənətinin inkişafında xidmətlərinə görə Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Dram Teatrı tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.

Türkiyənin Konya şəhərində türkdilli ölkələrin “Min nəfəs, bir səs” adlı beynəlxalq festivalında nümayiş olunan “Məhəbbət və ölüm” tamaşasında Dədə Qorqud rolunu oynayıb. İran İslam Respublikasının Həmədan şəhərində 25-ci “Uşaq və gənclər” beynəlxalq tamaşalar, Gürcüstan və digər xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda ölkəmizin teatr sənətini layiqincə təmsil edib.

Sənət təkcə istedad yox, həm də zəhmət və fədakarlıq tələb edir, – deyə Allahverən Babayev söhbətə başlayır. Sənət sonsuz ümman, teatr isə müqəddəs bir məbəddir. Lənkəran Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovanın və yaradıcı kollektivin qayğısı məni daha da ruhlandırır. 65 illik yubileyimlə əlaqədar Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən “Teatr fədaisi” medalı ilə təltif olunmağımı yaradıcılığımın zirvəsi hesab edirəm. Sənət fədaisi adını daşımaq həm şərəf, həm də böyük məsuliyyətdir.

İstedadlı, təcrübəli və peşəkar aktyor Allahverən Babayevin sənətinə hörmət və sevgisi çox böyükdür. İnanırıq ki, onu daha yüksək uğurlar və sənət sevincləri gözləyir.

H.ƏLİSƏFA
XQ



Sosial həyat