Ulu öndərin liderlik məktəbi

post-img

Hidayət Heydərovun “İki şəxsiyyət – iki tarix” kitabı dünya siyasət tarixinin iki nəhəng nümayəndəsi – Heydər Əlirza oğlu Əliyevin və İlham Heydər oğlu Əliyevin müstəqil Azərbaycanda liderlik fəaliyyətinə həsr olunub. Nəşrə hər iki şəxsiyyətin həyat və fəaliyyətinin ən mühüm məqamları, təltif və fəxri adları, mükafatları, barələrində görkəmli ictimai-siyasi xadimlərin fikirləri yer alıb.

Müəllif kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində təkcə dövlət başçısı deyil, həm də dərin strateji düşüncəyə malik müdrik siyasi xadim kimi xüsusi yer tutduğunu qeyd edərək bildirir ki, dahi şəxsiyyətin fəaliyyəti milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və gələcəyə hesablanan siyasətin həyata keçirilməsi ilə səciyyələnir. Nəşrdə Ulu öndərin mürəkkəb geosiyasi şəraitdə balanslaşdırılmış xarici siyasət yürüdərək Azərbaycanı beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanıtması məhz onun uzaqgörənliyinin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Ümummilli liderin müdrikliyinin təkcə onun siyasi qərarlarında deyil, həm də kadr siyasətində, iqtisadi islahatların istiqamətinin müəyyənləşdirilməsində və milli birliyin təmin olunmasında özünü göstərdiyini diqqətə çatdıran Hidayət Heydərov dövlət idarəçiliyində sabitlik və ardıcıllığı bu dünyaşöhrətli siyasi xadimin əsas prinsip kimi formalaşdırdığını xatırladır. Müəllifin sözlərinə görə, müasir müstəqil Azərbaycanın formalaşması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan siyasi və iqtisadi böhranın, xaos və parçalanma təhlükəsinin məhz onun hakimiyyətə qayıdışından sonra aradan qaldırıldığını diqqətə çatdırır.

Nəşrdə qeyd edilir ki, “Əsrin müqaviləsi” kimi tanınan neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoydu. Bu addım ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına və iqtisadi inkişafın sürətlənməsinə şərait yaratdı. Beləliklə, Heydər Əliyev yalnız siyasi sabitliyi bərpa etmədi, həm də müasir Azərbaycanın iqtisadi modelini formalaşdırdı.

Ümummilli lider, eyni zamanda, təkcə Azərbaycanda deyil, bütövlükdə, dünya siyasətində tanınan nüfuzlu liderlərdən biri idi. Onun beynəlxalq münasibətlər sistemində oynadığı rol, müxtəlif dövlətlərlə qurduğu strateji tərəfdaşlıqlar və regional layihələrdə iştirakı ölkənin mövqeyini gücləndirdi. Ulu öndərin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi.

Heydər Əliyev siyasətinin mərkəzində insan amili dayandığını diqqətə çatdıran müəllif qeyd edir ki, dahi şəxsiyyət sosial rifahın yüksəldilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi və iqtisadi imkanların genişləndirilməsi məsələlərinə bu siyasətin əsas tərkib hissəsi kimi yanaşırdı. Ulu öndər hər zaman Azərbaycanın gələcəyini düşünərək uzunmüddətli strategiyalar formalaşdırırdı. Onun siyasəti yalnız cari problemlərin həllinə deyil, həm də gələcək nəsillərin rifahına hesablanmışdı. Güclü dövlət, inkişaf etmiş iqtisadiyyat və savadlı cəmiyyət dahi liderin əsas hədəfləri idi.

Hidayət Heydərov kitabın ikinci bölümündəki məqalələrdə müstəqil Azərbaycan dövlətinin inkişaf tarixinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni və keyfiyyətcə fərqli mərhələyə qədəm qoyduğunu, bu mərhələnin təkcə iqtisadi yüksəliş, sosial rifahın yaxşılaşması və infrastruktur quruculuğu ilə deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada güclənən mövqeyi, qlobal proseslərdə fəal iştirakı və ən əsası, ölkəmizin ərazi bütövlüyünün gerçəkləşməsi kimi tarixi nailiyyətlərlə xarakterizə olunduğunu bildirir.

Kitabda daha sonra qeyd edilir ki, onilliklər boyu davam edən işğal faktı Azərbaycan xalqının ən böyük ağrısı və dövlətin əsas prioritet məsələsi idi. Buna görə də dövlət başçısı prezidentlik fəaliyyəti dövründə bu problemin həlli üçün həm siyasi-diplomatik müstəvidə, həm də hərbi sahədə sistemli və məqsədyönlü addımlar atmağı daim diqqətdə saxladı. Məhz bu siyasətin nəticəsi olaraq 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq işğal altındakı torpaqları azad etdi.

Bu uğurlar sübut edir ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirib, ölkəmizi güclü, nüfuzlu və müstəqil dövlətə çevirib. Respublikamız bu gün yeni mərhələyə qədəm qoyaraq daha böyük hədəflərə doğru inamla irəliləyir və bu inkişaf yolu beynəlxalq miqyasda milli maraqlara əsaslanan müdrik liderliyin real nəticəsi kimi dəyərləndirilir.

İlqar HƏSƏNOV
XQ

Sosial həyat