Azərbaycan qadını tarix boyu cəmiyyətin müxtəlif sahələrində fəallığı, zəhmətkeşliyi və mənəvi dəyərlərə bağlılığı ilə seçilmişdir. Onun ictimai həyatda mövqeyi milli kimliyin formalaşmasında mühüm rol oynamış, bu obraz həm şifahi xalq ədəbiyyatında, həm də yazılı mənbələrdə və bədii nümunələrdə geniş şəkildə əks olunmuşdur. Ənənəvi ailə modelində qadın həm ana, həm də mənəvi dayağa çevrilmişdir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində maarifçilik hərəkatı Azərbaycan qadınının sosial statusunun dəyişməsində dönüş nöqtəsi olmuşdur. Bu dövrdə qadın müəllimlər, yazıçılar və həkimlər meydana çıxmış, qadınların elm və təhsilə cəlb olunması istiqamətində mühüm addımlar atılmışdır. 1912-ci ildə Həmidə Cavanşirin təşəbbüsü ilə qadınlar üçün açılmış məktəb və digər maarifçilik təşəbbüsləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu proses zamanla daha geniş miqyas almış, nəticədə Azərbaycan qadını elm və cəmiyyət həyatında getdikcə daha fəal və təsirli mövqe qazanmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyası və digər hüquqi sənədləri qadınların hüquq bərabərliyini təmin edir və onların ictimai həyatda iştirakına hüquqi zəmin yaradır.
1991-ci ildə ölkənin müstəqilliyini bərpa etməsi ilə qadınların ictimai-siyasi və elmi sahələrdə rolu yeni mərhələyə qədəm qoydu. Xalqımızın milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyev qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində qadınlar dövlət orqanlarında və müxtəlif sahələrdə fəal şəkildə çalışır, dövlət siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edirlər. Heydər Əliyevin “Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm…” fikri qadınlara verilən yüksək qiymətin göstəricisidir.
Bu fəaliyyət yalnız peşəkar sahələrlə məhdudlaşmamış, eyni zamanda ailə institutunda da qadın öz nüfuzunu qoruyub saxlamışdır. Məsələn, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın timsalında qadın eyni anda həm elm, həm də ailə həyatında fədakarlığın, zəkalılığın və insaniyyətin parlaq nümunəsinə çevrilmişdir.
Azərbaycanda qadınların hüquqlarının qorunması istiqamətində hüquqi baza da sistemli şəkildə qurulmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmış, eyni tarixdə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradılmışdır. Bu struktur qadınların hüquqlarının qorunması və dövlətin sosial, siyasi həyatında onların iştirakının təmin olunması məqsədilə fəaliyyət göstərmişdir. Bundan əlavə, 2000-ci ilin martında “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi”nə dair fərman imzalanmış, bu sənədin tətbiqi ilə gender siyasətində institusional əsaslar gücləndirilmişdir.
Azərbaycan dövləti, həmçinin, qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq öhdəliklərə də qoşulmuşdur. Ölkəmiz “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il tarixli BMT Konvensiyasına (CEDAW) 1995-ci il 30 iyun tarixində qoşulmuş, bu sənədin tələbləri əsasında qadınların sosial rifahının yaxşılaşdırılması və onların ictimai fəallığının artırılması istiqamətində mühüm addımlar atılmışdır. BMT-nin bu sahədə fəaliyyəti çərçivəsində Azərbaycanda qadın hərəkatı genişlənmiş, elmdə və təhsildə qadınların rolu daha da artmışdır.
Bu geniş proseslərin fonunda müasir Azərbaycan qadını yalnız ictimai və sosial sahələrdə deyil, elmi mühitdə də fəal iştirak edir. Onlar elmi-tədqiqat institutlarında, ali məktəblərdə, beynəlxalq proqramlarda ölkənin intellektual potensialını gücləndirən aparıcı qüvvələrdən birinə çevrilmişlər. Bu nümunəvi simalardan biri də tanınmış filoloq-ədəbiyyatşünas, uzun illərdir elmi və pedaqoji fəaliyyəti ilə seçilən professor Ədibə Paşayevadır.
Ədibə Mir Cəlal qızı Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində, görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmiş, elmi və mənəvi dəyərlərlə zəngin bir mühitdə formalaşmışdır. Bu ailənin üzvləri Azərbaycanın inkişafına müxtəlif istiqamətlərdə əhəmiyyətli töhfələr vermişlər.
Ədibə xanımın təlim-tərbiyə illəri müharibənin çətin dövrünə təsadüf etsə də, o, məktəb və ailə mühitində qazandığı dürüstlük, ədalət, məsuliyyət hissi ilə şəxsiyyətinin əsas göstəricilərini ortaya qoymuşdur. 1960–1965-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alan Ədibə Paşayeva burada çalışqanlığı, güclü xarakteri və ictimai fəallığı ilə seçilmişdir. Universiteti bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə elə doğma universitetində başlamışdır. 1969–1979-cu illərdə BDU-nun Rus ədəbiyyatı kafedrasında müəllim, 1979-cu ildən baş müəllim, 1988-ci ildən isə Xarici tələbələr üçün rus dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2004–2019-cu illərdə Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olmuş, 2019-cu ildən isə Rus ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edir.
Ədibə Paşayevanın elmi maraq dairəsi əsasən linqvodidaktika, rus dili və ədəbiyyatının tədrisi, klassik rus ədəbiyyatının analizi və metodik vəsaitlərin hazırlanması sahələrini əhatə edir. Onun tədqiqatlarında dil öyrənmənin psixoloji aspektləri, müəllim–tələbə münasibətində ünsiyyətin rolu və interaktiv tədris metodlarının tətbiqi mühüm yer tutur. O, rus ədəbiyyatının tədrisində milli-mədəni kontekstin nəzərə alınmasının vacibliyini vurğulamış, müxtəlif dillərdə danışan tələbələr üçün fərqli yanaşmaların hazırlanması üzərində çalışmışdır. Bu xüsusiyyətlər onun müasir linqvodidaktik yanaşmalarla işlədiyini təsdiq edir.
Ədibə Paşayeva pedaqoji fəaliyyətində daim müasir tədris texnologiyalarına və metodik yeniliklərə üstünlük vermişdir. Onun müəllifi olduğu dərsliklər yalnız faktların ötürülməsinə deyil, tələbələrdə tənqidi düşüncə, analitik yanaşma və ədəbi zövqün formalaşmasına xidmət edir. O, dərs prosesində situativ tapşırıqlardan, müzakirə metodundan və vizual materiallardan istifadə etməklə dərslərin interaktivliyini artırmağa çalışmışdır.
Onun müəllifi olduğu “Rus dili” (Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin xarici tələbələri üçün dərs vəsaiti), “Rus dili dialoqlarda”, “Rus dili monoloqlarda”, “Rus dili” (humanitar fakültələr üçün), “Ədəbiyyat” (abituriyentlər və müəllimlər üçün yenidən işlənmiş və təkmilləşdirilmiş dərs vəsaiti), eləcə də ümumtəhsil məktəbləri və müəllimlər üçün hazırlanmış metodik materiallar ölkəmizdə rus dili tədrisinin müasir tələblərə uyğun şəkildə təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Ədibə xanımın bu sahədə hazırladığı dərslik və vəsaitlər uzun illərdir ki, ali və orta təhsil pillələrində rus dili və ədəbiyyatının öyrədilməsində əsas mənbələrdən biri kimi istifadə olunur və gənclərin elmi-estetik ehtiyaclarını qarşılayır.
Ədibə xanım uzun illər ərzində onlarla bakalavr, magistr və doktorantın elmi rəhbəri olmuş, onların elmi formalaşmasında mühüm rol oynamışdır. Onun tələbələri bu gün müxtəlif ali məktəblərdə, tədqiqat institutlarında və xarici ölkələrdə fəaliyyət göstərir. Ədibə Paşayeva yalnız elmi bilik ötürən müəllim deyil, eyni zamanda tələbələri üçün mənəvi örnək, qayğıkeş rəhbər və pedaqoji mentor olmuşdur. Tələbələri onun barəsində yüksək ehtiramla danışır, onu tələbkar, amma ədalətli və təşviqedici bir müəllim kimi xatırlayırlar.
Ədibə Paşayeva müxtəlif yerli və beynəlxalq elmi konfransların iştirakçısı olmuş, rus dili və ədəbiyyatının tədrisi ilə bağlı çıxışlar etmiş, məqalələr təqdim etmişdir. O, həmçinin rusdilli ölkələrlə elmi əlaqələrin inkişaf etdirilməsində, BDU-da xarici tələbələr üçün rus dili kafedrasının fəaliyyətinin qurulmasında xüsusi rol oynamışdır. Onun elmi məqalələri müxtəlif nüfuzlu jurnallarda nəşr olunmuşdur.
Professor Ədibə Paşayevanın Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. O, bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür:
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və ölkədə elmin və təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xüsusi xidmətlərinə görə ona “Əməkdar Müəllim” fəxri adı verilmişdir. Həmin il, 2013-cü ildə, Ədibə Paşayeva həmçinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncama əsasən, təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bu mükafatlar onun pedaqoji və elmi fəaliyyətinin yüksək səviyyədə tanındığını və ictimai əhəmiyyət daşıdığını təsdiqləyir.
Ədibə Paşayeva kimi ziyalı qadınlarımız, elmi və pedaqoji fəaliyyəti ilə təkcə elmin inkişafına deyil, həm də cəmiyyətin mədəni təkamülünə mühüm töhfələr vermişdir. Onun elmi nailiyyətləri, pedaqoji metodikaları və müəllifliyi ilə ərsəyə gələn tədris vəsaitləri, yeni nəslin formalaşmasında müstəsna rol oynamışdır. Ədibə Paşayeva təkcə bilik ötürən müəllim deyil, həm də mənəvi dəyərləri yaşadan, tələbələrinə həyat dərsi verən ziyalı obrazıdır. Onun uzunmüddətli elmi-pedaqoji fəaliyyəti və gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər, ölkənin ali təhsil sisteminin inkişafına verilmiş qiymətli töhfə kimi dəyərləndirilməlidir.
Bütün bu fəaliyyətlərin dövlət tərəfindən yüksək qiymətləndirilməsi, onun müxtəlif fəxri adlara və mükafatlara layiq görülməsi ilə təsdiq olunur. Bu mükafatlar yalnız fərdi nailiyyətlərin tanınması deyil, həm də cəmiyyətin qadın alimlərə olan dərin ehtiramının göstəricisidir. Ədibə Paşayevanın timsalında biz Azərbaycan qadınının elmə, təhsilə və cəmiyyətə bağlılığının, zəhmətsevərliyinin və mənəvi bütövlüyünün parlaq təcəssümünü görürük. Onun həyat yolu və fəaliyyəti yalnız elm sahəsində çalışan qadınlar üçün deyil, bütövlükdə gənc nəslin təhsil və inkişaf yolunda örnək ola biləcək dəyərli bir nümunədir.
İmdad Bayramov
Bakı Dövlət Universitetinin professoru,
psixologiya üzrə elmlər doktoru