XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi hadisələr Azərbaycanın milli ruhlu demokratlarını xalqımızın müstəqillik qazanması üçün bir çox işlər görməyə sövq etdi. Məhz bu illər tariximizdə və taleyimizdə mühüm rol oynayan hadisələr baş verdi. Milli mücahidlərimizin sayəsində milli oyanış və istiqlal fikrini anadilli mətbuatımız ilk dəfə bu illər ərzində açıq-aydın təbliğ etdi. “Əkinçi”dən sonra uzun illər susdurulmağa məhkum edilən anadilli mətbuatımız “Həyat”ın zühuru ilə axarına düşdü. Xalqın milli dərdlərini dilə gətirən, “demokratik milli ruhlu ziyalılarımızın qərargahına çevrilən” “Həyat”, daha böyük cəsarətlə çıxış edərək, milli özünüdərk və özünəqaydışı təbliğ edən “Füyuzat”ın doğuşuna səbəb oldu. “Hamiyi-həqiqisi millət” olan “Həyat” “İrşad”ın, “Füyuzat”ın, “İqbal”ın, “Yeni iqbal”ın, “Yeni Füyuzat”ın, “Həqiqət”in, “Tərəqqi”nin, “Açıq söz”ün və daha neçə-neçə qəzet və jurnallarımızın zühuruna yol açdı.
1905-ci ildə rusiyanı bürümüş hərcmərcilik, anarxiya, iqtisadi böhran çar rus hökumətini istəməyərəkdən, məcburiyyət qarşısında qalaraq 17 oktyabr 1905-ci il manifestini imzalamağa məcbur etdi. Ələ düşən fürsət ölkəmizdə təkcə milli mətbuatımızın inkişafına deyil, həm də milli şüurun oyanışına səbəb oldu. Professor Şirməmməd Hüseynovun təbrincə desək “tarix və tale yenə bizə müstəqil bir xalq kimi yaşamaq uğrunda mübarizə şansı verdi”. Xalq aydınlarının gücü ilə “müstəqil inkişaf və tərəqqi yoluna çıxmaq üçün” ölüm-dirim mübarizəsinə qalxdı.
Xalqı bu mübarizədən döndərmək, onu həmişə kölə vəziyyətində saxlmaq üçün çar rus hökuməti 1905-1907-ci illər ərzində bütün Azərbaycan ərazisində milli-qırğın törətdi. Azərbaycan xalqı “ilk kütləvi silahlı qırğın” kampaniyasına birinci rus inqilabi illərində məruz qaldı. Ona görə də əksər tədqiqatçılar yazırlar ki, “1905-1907-ci illər yeni yüzillikdə tariximizin ilk faciələr dövrü oldu”.
Çar rus hökumətinin ermənilərin əli ilə Qafqazın türklər yaşayan hər yerində törətdiyi kütləvi qırğın, təqib, talan xoşbəxtlikdən xalqı yolundan döndərə bilmədi. Əksinə daha da inadkar, əzimkar etdi. İstəyini maarif, tərəqqi, inkişaf yolu ilə əldə etmək istəyən xalqımız “ittihadi tərəqqiyə” güc verdi. Qəzetlər, jurnallar açdı, “Nicat”, “Nəşri-maarifi”, “Səfa”, “Cəmiyyəti-xeriyyə” adlı maarif və xeyriyyə cəmiyyətləri yaratdı, “Səadət”, “Nur”, “Mədrəseyi-ruhani” kimi milli məktəblər açdı, Dövlət Dumasında yaradılmış müsəlman fraksiyası faliyyətə başladı, Rusiya müsəlmanlarının I qurultayı keçirildi və ən əsası özünü həm qələmi, həm silahı ilə müdafiə edən “Difai” təşkilatı yaradıldı. 1906-1907-ci illərin avqust ayında Bakıda müəllimlərin 1-ci və 2-ci qurultayları keçirildi. Bunlar həm xalqın oyanmasına, maariflənməsinə, həm də maddi-mənəvi tərəqqisinə yol açdı.
Beləliklə, “maarifçi demokratların hazırladıqları milli və mədəni zəmin üzərində formalaşan milli istiqlal hərəkatı” geniş vüsət aldı. Bu hərəkata “bütün varlığı, təmiz qəlbi, ülvi niyyətilə xalqına bağlı olan qüdrətli, nurlu şəxsiyyətlər” rəhbərlik etdi. Onlar xalqın “milli varlığını mühafizə edib saxlamağa müvəffəq olmaq üçün” canlarını belə fəda etdilər.
Bizi bu zəngin xəzinədən məhrum edən Sovet rus hökuməti unudurdu ki, “varislik və vərəsəlik məsələsi bütöv bir xalqın tarixi və taleyi, indisi və gələcəyi ilə bağlıdır”. Ona görə də bu haqda “son hökmü zaman və tarix özü verəcək” və verdi də. Klassiklərimizin bizə miras qoyub getdikləri zəngin irs, təcrüdə 20-ci yüzilliyin əvvəllərində olduğu kimi, sonunda da müstəqilliyimizə qovuşmaq üçün bir mayak rolunu oynadı.
Özümüzü özümüzə tanıdan, dərk etdirən mollanəsrəddinçilər və özünüdərki, özünəqaydışı aşlayan füyuzatçılar xalqın oyanışında, maariflənməsində, təşkilatlanmasında misilsiz rol oynadılar.
Elmira Nizamiqızı
BDU-nun Milli mətbuat tarixi kafedrasının əməkdaşı