Şirvanda “Ata vəsiyyətinin zəfəri” adlı tədbir

post-img

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Ata vəsiyyətinin zəfəri” adlı tədbir keçirilib.

Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

  Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara, "Heydər Əliyev və Müstəqil Azərbaycan" və "Ulu Öndər Heydər Əliyev Şirvanda" bölmələrinə baxış keçirilib.

Tədbirdə “Ata vəsiyyətinin zəfəri” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, ölkəmizdə hər il 8 noyabr – Zəfər Günü xalqımızın qürur və iftixar bayramı kimi qeyd olunur. 

Qeyd edib ki, Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ata vəsiyyətinin Zəfərinə çevrilən bu möhtəşəm Qələbə milli birliyimizin, dövlətçilik iradəmizin və gələcək nəsillərə ən böyük mirasımızın təntənəsidir.

Natiqlər şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıblar.

Mikayıl NƏRİMANOĞLU,

XQ-nin bölgə müxbiri

 

Sosial həyat