Azərbaycan ilə Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. İki ölkə ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Xalqlarımızın Ümummilli liderləri Heydər Əliyev və Ho ŞiMinin əsasını qoyduğu bu əlaqələri Vyetnamda yaşamış və çalışmış azərbaycanlılar və Azərbaycanda təhsil alan vyetnamlılar möhkəmləndirib və inkişaf etdiriblər.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin mayında Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev ilə tarixi görüşləri nəticəsində bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi tarixi münasibətlərə xüsusi təkan verib, hər bir qurumun qarşısına yeni vəzifə qoyub.
Bu işdə Vyetnamda yaşayan azərbaycanlıların, sələflərinin davamçıları kimi rolu xüsusi əhəmiyyətlidir. Onların ictimai fəallıqları, dostluq dəyərlərinə bağlılıqları iki ölkə arasındakı körpüləri daha sarsılmaz edir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Hanoy şəhərində soydaşlarımızla görüşüb və bu, Vyetnam azərbaycanlıları, həmçinin əvvəllər Bakıda təhsil almış vyetnamlılar ilə keçirilən ilk genişmiqyaslı görüş kimi tarixə düşüb.
Görüşdən əvvəl görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın Vyetnamdakı səfirliyinin binasında yerləşən büstü önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad olunub. Tədbir Azərbaycan Respublikasının və Vyetnam Sosialist Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Azərbaycan Respublikasının Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə çıxış edərək, iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. Çıxışda xalqlarımız arasında tarixi münasibətlərin qurulması və inkişafında ümummilli liderlərin rolu barədə ətraflı məlumat verilib və hazırda bu münasibətləri iki ölkənin liderlərinin uğurla inkişaf etdirdiyi vurğulanıb.
Səfir 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsis edildiyini bildirərək, assosiasiyanın aktiv fəaliyyəti və indiyə qədər gördüyü işlər barədə məlumat verib. O, 2024-cü ildə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyalarının üzvlərinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və səfirliyin birgə təşkilatçılığı ilə Azərbaycana səfərini, səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşlərdə iştiraklarını və Şuşa şəhərini xatırladıb. Səfir qeyd edib ki, Vyetnamda yaşayan azərbaycanlıların sayı çox olmasa da, hər zaman səfirliyin bütün tədbirlərinin fəal iştirakçısıdırlar.
Səfir Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin Vyetnama səfərini yüksək qiymətləndirib və bu tarixi addımın diaspor fəaliyyəti sahəsində əməkdaşlıq üçün yeni mərhələ olduğunu bildirib.
Komitə sədri iştirakçıları səmimi salamlayaraq, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xatırladıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və xaricdəki soydaşlarımızın məlumatlandırılması istiqamətində xidmətlərindən danışıb.
Azərbaycanda təhsil almış vyetnamlılarla əlaqələrin bu gün də davam etməsi, onların ölkəmizə səfərlərinin təşkil olunması diqqət mərkəzinə gətirilib, iki ölkə arasında humanitar və ictimai əlaqələrin daha da möhkəmləndirilməsinə verdikləri töhfələrə görə soydaşlarımıza minnətdarlıq olunub.
Dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli layihə və proqramlar, o cümlədən xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri, ixtisaslaşmış forumlar, mədəni tədbirlər və soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan Prezidentinin tarixi çıxışlarının yer aldığı videomateriallar, həmçinin vətənpərvərlik ruhunda videoçarxlar nümayiş olunub.
Görüşdə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri və fəxri rəhbəri, eləcə də assosiasiyanın vaxtilə Azərbaycanda ali təhsil almış üzvləri iştirak edib və bu görüşdən xoş təəssürat qazandıqlarını dilə gətiriblər. Vyetnam Azərbaycan Dostluq Assosiasiyasının fəxri rəhbəri Nghiem Vu Khaiyin çıxışında Azərbaycana böyük sevgisini ifadə edib. Xatırladaq ki, Nghiem Vu Khaiyin 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
İnteraktiv və məhsuldar şəraitdə keçən görüşdə perspektivə dair fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər diqqətlə dinlənilərək əhatəli cavablar verilib.
Komitənin layihələrinə böyük maraqlarını ifadə edən soydaşlarımız Vyetnamda yaşayan azərbaycanlıların əksəriyyətinin burada ingilis dilini tədris etdiklərini bildirib və onların iki ölkənin əlaqələrinin, xüsusi ilə təhsil, mədəniyyət və kulinariya sahəsində əlaqələrinin gücləndirilməsi, həmçinin burada müəllimlər forumunun təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Tədbir iştirakçıları Vyetnamdakı icmaya göstərilən qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.
Vyetnamda Azərbaycan icması ilə görüş bədii hissə ilə yekunlaşıb. Azərbaycanın sənət ustalarının, habelə Bakıda təhsil almış vyetnamlıların Azərbaycan mahnılarını ifa etməsi, tədbirə xüsusi rəng qatan çıxışları sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, son illərdə Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla mütəmadi görüşlər keçirir, soydaşlarımızın təklifləri dinlənilir, onların fəaliyyətinə dəstək göstərilir.


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)