İsrailin Azərbaycandakı səfiri ATMU-da rəsmi görüş keçirib

post-img

Azərbaycan Turizm və Menecment Universitetində İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krauszun rəhbərlik etdiyi nümayəndə heyəti ilə rəsmi görüş keçirilib. Görüşdə səfiri missiya rəhbərinin müavini Aviv Zell və ictimaiyyətlə əlaqələr üzrə müşavir Məleykə Hacıyeva müşayiət edib.

ATMU tərəfindən görüşdə universitetin rektoru İlham Mədətov, strateji inkişaf üzrə prorektor Araz Aslanlı, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova iştirak ediblər.

Görüş zamanı Azərbaycan–İsrail münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, xüsusilə təhsil, turizm, qonaqpərvərlik və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin icrası, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, eləcə də turizm sahəsində təcrübə və bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq İsrail nümayəndə heyətinin səfərinin iki ölkə arasında akademik və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, universitetin turizm və qonaqpərvərlik sahəsində ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi olduğunu vurğulayıb və deyib: “Bir neçə il əvvəl universitetimizin tələbələri İsraildə ixtisas üzrə təcrübə proqramlarında iştirak ediblər və bu təcrübə həm tələbələrimiz, həm də universitetimiz üçün çox faydalı olub. Biz gələcəkdə də belə imkanları genişləndirmək, tələbələrimizin beynəlxalq səviyyədə təcrübə qazanmasını təmin etmək istəyirik. İsrailin zəngin təhsil və turizm təcrübəsi bu əməkdaşlığın inkişafında böyük rol oynaya bilər.” 

Rektor əlavə edib ki, ATMU beynəlxalq standartlara uyğun tədris mühiti yaradıb və xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi universitetin strateji prioritetlərindən biridir.

Səfir Ronen Krausz görüş zamanı səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan ilə İsrail arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. “Səfərimizin məqsədi ATMU ilə əməkdaşlıq imkanlarını ətraflı müzakirə etməkdir. İsrail universitetləri ilə birgə layihələr həyata keçirmək, tələbələr və müəllimlər üçün təcrübə mübadiləsi proqramlarını genişləndirmək tələbələrinizə yalnız bilik deyil, həm də praktik bacarıqlar qazandıracaq, eyni zamanda iki ölkənin mədəni və elmi əlaqələrini daha da gücləndirəcək,” –deyə səfir bildirib.

Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.

Z.HÜSEYNOVA
XQ





Təhsil