Baham adaları hökuməti əvvəlki kosmik missiyadan sonra yaranan ekoloji problemlərin araşdırılması başa çatana qədər İlon Maskın “SpaceX-Falcon 9” raketlərinin əz ərazisinə enməsini qadağan edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Baham adalarının kommunikasiyalar üzrə nümayəndəsi Latrae Rahminq “X” platformasında yazıb: “Ətraf mühitin qiymətləndirilməsi üzrə hesabata tam şəkildə baxılana qədər raketlərin enməsinə heç bir əlavə icazə verilməyəcək”.
“SpaceX” şirkəti Baham adalarının bu addımı ilə bağlı sorğuya cavab verməyib.
Baham adaları hökuməti bu ilin fevral ayında “SpaceX” raketinin bu ölkəyə ilk enişindən sonra tənzimləyici orqanlar tərəfindən təsdiq olunmaq şərti ilə 2025-ci il ərzində daha 19-a icazə verdiyini bildirib.
Hökumətin təhqiqatı “SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin keçən ay Texasdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra kosmosda partlamasından sonra həyata keçirilir.
Sosial media videolarında mühərriklərinin dayanmasından sonra kosmik gəminin nəzarətsiz şəkildə fırlanmağa başlaması və ardından kosmosda parçalanması hadisəsi yer almışdı. Bundan sonra Cənubi Florida və Baham adaları yaxınlığında səmalarda alovlu dağıntıların yayıldığı göstərilib.
Həmin hadisədən sonra Baham adaları kosmik gəminin dağıntılarının onun hava məkanına düşdüyünü bildirib. Ölkə hökuməti dağıntıların tərkibində zəhərli maddələrin olmadığı, bunun dəniz həyatına və ya suyun keyfiyyətinə əhəmiyyətli təsiri ilə bağlı araşdırma aparmaq qərarına gəlib.
“Starship” kosmik gəmisinin partlayışı Baham adalarında “Falcon 9” raketinin eniş proqramı ilə əlaqəli deyildi.