Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarına sərt reaksiya verib. O, Lavrovu Ermənistanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Mirzoyan bu fikirləri iyunun 30-da İrəvanda keçirilən birgə mətbuat konfransında səsləndirib. Tədbirdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas da iştirak edib.
Nazir bildirib ki, Lavrovun Ermənistanla bağlı şərhləri qeyri-dəqiq və reallıqdan uzaqdır: “Mətbuat konfransından əvvəl sevimli həmkarım Lavrovun açıqlaması ilə tanış oldum. Təəssüf ki, onun məlumatları natamam və yanlışdır. Səhv etmirəmsə, o, ‘hakimiyyətin kilsəyə qarşı mübarizəsi’ ifadəsini işlədib. Bu, həqiqətə uyğun deyil.”
Mirzoyanın sözlərinə görə, Ermənistan hüquq-mühafizə orqanları hazırda qanunsuz çevriliş cəhdində iştirak ehtimalı ilə bağlı araşdırma aparır: “Bu, hüquqi prosesdir və tam şəkildə Ermənistan Respublikasının daxili məsələsidir. Lavrovun bu prosesə müdaxiləsi yolverilməzdir. Onun Ermənistanın daxili işlərinə qarışmaması daha məqsədəuyğun olardı".
Nazir, eyni zamanda, Rusiyanın bəzi deputatlarına və mediasına da səslənərək, Ermənistanın suverenliyinə hörmətlə yanaşmağa çağırıb: “Onlar Ermənistan Respublikasının daxili işlərinə qarışmamalıdırlar və suverenliyimizə daha böyük hörmət göstərməlidirlər".
S.ELAY
XQ