20 il əvvəl boru kəmərinin qonşu ölkədən keçən hissəsində işlər başa çatıb
Ümummilli lider Heydər Əliyevin qalibiyyətli neft strategiyasının təntənəsi olan Bakı – Tbilisi – Ceyhan (BTC) əsas ixrac boru kəməri uzun illərdir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin sosial-iqtisadi inkişafına, dost və qonşu ölkələrin xalqlarının rifahına xidmət edir. Təsadüfi deyil ki, 2002-ci il sentyabrın 18-də üç ölkənin dövlət başçılarının iştirakı ilə Səngəçal terminalında keçirilən təməlqoyma mərasimi zamanı torpağa basdırılan “Zaman kapsulu”nda gələcək nəsillərə ünvanlanmış müraciətdə qeyd olunurdu: “…Əminik ki, Bakı – Tbilisi – Ceyhan Boru Kəməri layihəsinin gerçəkləşməsi ülvi amallara xidmət edərək regionun simasını dəyişdirəcək, siyasi iqlim sabitləşəcək, iqtisadi inkişafa ciddi təkan verəcək, xalqlarımızın rifahı yüksələcəkdir”.
Xatırladaq ki, ümumi uzunluğu 1768 kilometr olan boru kəmərinin 249 kilometrlik hissəsi Gürcüstan ərazisindən keçir. Boru xətti bu ölkənin Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agideni rayonlarının ərazisi boyu uzanır. Burada 46 düymlük borularla çəkilmiş kəmər boyunca 2 nasos stansiyası inşa olunub. BTC-nin Gürcüstan hissəsində tikinti-quraşdırma işləri isə Fransa – ABŞ alyansı olan “Spi Kapaq-Petrofak” şirkəti tərəfindən həyata keçirilib.
2004-cü ilin oktyabr ayında Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində, Gürcüstanın Qardabani rayonu ilə sərhəddə BTC kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib. “Qızıl qaynaq” adlanan həmin mərasimdə hər iki ölkənin dövlət başçıları boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrini rəmzi olaraq qaynaqlayıb birləşdiriblər. Bu, BTC-nin çəkilişi müddətində həyata keçirilən 15 min qaynaq əməliyyatından biri idi.
Yeri gəlmişkən, regional enerji xəritəsinin əsas arteriyalarından olan bu nəhəng neft kəmərinin “qızıl qaynaq” əməliyyatı ilə birləşdirilməsi, həm də zəmanəmizin möhtəşəm layihələrindən biri, nəhəng inşaat və mühəndis qurğusu sayılan BTC-nin tamamlanmasına doğru növbəti mühüm addım sayılırdı. Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsində həm də qarşılıqlı inam məsələsi vardı. Bu, iqtisadi inkişafla yanaşı, insanların bir-birinə sosial-mədəni sahədə daha da yaxınlaşmasına xidmət edirdi.
2005-ci il mayın 25-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə xam neftin BTC-yə vurulmasına start verilib. Bununla da, boru xəttinin Azərbaycan hissəsi istifadəyə verilib. Həmin ilin oktyabrında xam neft ölkəmizin sərhədini aşaraq Gürcüstan ərazisinə daxil olub. Ayın 12-də isə bu ölkənin Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində təntənəli mərasim keçirilib. Beləliklə, boru kəmərinin Gürcüstan hissəsi də istifadəyə verilib.
“Üç dənizin əfsanəsi” adlandırılan bu nəhəng neft ixracı marşrutu Gürcüstan üçün, sadəcə, tranzit marşrutu deyil, həm də sosial-iqtisadi inkişafın mühüm sütunlarından birinə çevrilib. 2006-cı ildən fəaliyyət göstərən bu layihə ölkəyə sabit gəlir, yeni iş yerləri və infrastruktur imkanları qazandırmaqla yanaşı, regionlarda sosial rifahın artırılmasına da töhfə verib. Eyni zamanda, Gürcüstan bu layihə ilə mühüm tranzit ölkə statusunu möhkəmləndirərək beynəlxalq enerji təhlükəsizliyində öz yerini daha da gücləndirib.
Təsadüfi deyil ki, 2002-ci il sentyabrın 18-də boru kəmərinin təməlqoyma mərasimində Gürcüstanın o zamankı dövlət başçısı Eduard Şevardnadze “Bakı – Tbilisi – Ceyhan” layihəsini müstəqillik əldə etdikdən ötən 10 ildə Gürcüstan üçün ən böyük nailiyyətlərdən biri kimi dəyərləndirmişdi. Dost ölkənin Prezidenti bu təntənənin səbəbkarına, layihənin əsas yaradıcısı Heydər Əliyevə gürcü xalqı adından dərin minnətdarlığını bildirimişdi. “Heydər Əliyevin qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq-Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi”, – deyə o əlavə etmişdi.
Layihənin inşaat mərhələsində Gürcüstan iqtisadiyyatına, təxminən, 620 milyon ABŞ dolları həcmində birbaşa sərmayə yönəldilib. Bu mərhələdə ölkədə, təqribən, 4 min 800 yerli vətəndaş işlə təmin olunub ki, bu da xüsusilə regionlarda məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olub. Ümumilikdə isə, əməliyyat dövründə bu ölkədə 500-dən artıq daimi iş yeri yaradılıb.
BTC-nin istismarı Gürcüstan üçün sabit maliyyə axını təmin edir. Kəmərdən keçən neftə görə ölkə illik, təxminən, 50 milyon dollar həcmində tranzit haqqı alır. Bu məbləğ isə Gürcüstanın ümumi daxili məhsulunun, təqribən, 1 faizinə bərabərdir. Yeri gəlmişkən, Beynəlxalq Maliyyə Fondu bu gəlirləri Gürcüstan iqtisadiyyatında sabitliyin təmin olunmasında əsas amillərdən biri kimi qiymətləndirir.
Bununla yanaşı, layihə Gürcüstanda özəl sektora da fayda verib. Belə ki, BTC-nin inşaat mərhələsində bu ölkədə yerli şirkətlərlə, ümumilikdə, 300 milyon ABŞ dolları dəyərində müqavilələr bağlanıb. Bu, yerli sahibkarlığın inkişafına və biznes mühitinin fəallaşmasına ciddi təkan verib.
Kəmərin keçdiyi ərazilərdə sosial və humanitar layihələr də həyata keçirilib. Ötən müddətdə BP və layihənin digər tərəfdaşları Gürcüstanda sosial məsuliyyət proqramları çərçivəsində 46 milyon dollardan çox vəsait ayırıb. Həmin vəsait hesabına qonşu ölkədə məktəblər bərpa edilib, təmiz su layihələri icra olunub, qadınların iqtisadi fəallığına dəstək verilib və kənd təsərrüfatı təşəbbüsləri maliyyələşdirilib.
BTC, həmçinin infrastrukturun inkişafına da töhfə verib. Kəmərin çəkilişi zamanı Gürcüstan ərazisində yeni yollar, körpülər, elektrik xətləri və digər kommunikasiya xətləri salınıb. Bu, yalnız texniki təhlükəsizliyi deyil, həm də yerli icmaların gündəlik həyat şəraitini yaxşılaşdırıb.
Növbəti illərdə ölkələrimizin iştirakı ilə bir sıra digər qlobal enerji və nəqliyyat layihələri də həyata keçirilib. Həmin layihələrə Bakı – Tbilisi – Ərzurum qaz kəməri və Bakı – Tbilisi – Qars dəmir yolunu misal çəkmək olar. Hazırda isə iki ölkə “yaşıl” enerji istiqamətində fəal əməkdaşlıq edirlər. Məlum olduğu kimi, ölkəmizdə istehsal olunan təmiz enerjinin yaxın gələcəkdə Gürcüstan ərazisindən keçməklə Qara dəniz sualtı kabel xətti ilə Avropaya nəqli nəzərdə tutulur. Bu isə Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft kəməri ilə başlanan enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoyması deməkdir.
Mirbağır YAQUBZADƏ
XQ