Kralın ağzındakı “vaxt kapsulu”: III Riçardın dişləri keçmişdən danışır

post-img

On ildən artıq əvvəl Lester şəhərində, əvvəllər Qreyfraers kilsəsinin yerləşdiyi yerdəki avtodayanacaqda alimlər Kral III Riçarda məxsus skelet aşkar ediblər. Onun dişləri o qədər yaxşı vəziyyətdə qalmışdı ki, tədqiqatçılar monarxın ağız boşluğundakı qədim mikro dünyanı bərpa edə və çənəni dağıda biləcək xəstəliyin izlərini müəyyən edə biliblər.

III Riçard 1483–1485-ci illərdə – Qızıl və Ağ Qızılgül müharibələri dövründə İngiltərəyə cəmi iki il hökmranlıq edib. Tarix onu ən ziddiyyətli monarxlardan biri kimi xatırlayır: onun, Tauer qalasında dustaq edilən doğma qardaşı uşaqlarının öldürülməsini əmr etdiyi barədə şayiələr dolaşırdı. Uilyam Şekspir isə onu eyniadlı pyesində amansız zalım kimi əbədiləşdirmişdi. Kral Bosvort döyüşündə həlak olub.

Tarixi sənədlərdə III Riçardın Lesterdəki fransiskan Qreyfraers kilsəsinin ərazisində dəfn olunduğu qeyd edilirdi, lakin XVI əsrdə İngiltərədə aparılan islahatlar zamanı monastırların bağlanması ilə onun məzarı itib və əsrlər boyu kimin harada dəfn edildiyi məlum olmayıb.

2012-ci ildə uzun illər davam edən araşdırmalardan sonra tarixçi Filippa Lenqli III Riçardın dəfn yerini tapa bilib. Lenqli və həmkarları keçmiş kilsə sahəsində qazıntı apararaq şəhər avtodayanacağının altında kəllə sümüyündə yaralanma izləri və əyri onurğa sütunu olan bir kişinin skeletini aşkarlayıblar. Sonrakı radiokarbon, osteoloji və genetik analizlər sübut edib ki, qalıqlar həqiqətən də III Riçarda məxsusdur.

Mənbələrdə kralın siyasi intriqaları və ölümünün təfərrüatları geniş təsvir olunsa da, onun gündəlik həyatı barədə məlumat azdır. Bu boşluğu doldurmaq üçün Böyük Britaniyanın Bat Universitetindən Turi Kinqin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu qeyri-adi bir mənbəyə – diş daşına müraciət edib. Diş daşı – zaman keçdikcə diş səthində yığılıb bərkiyən qida qalıqları və bakteriyaların əmələ gətirdiyi sərt lövhədir.

Bu bərkiyən lövhə bir növ “vaxt kapsulu” kimi çıxış edir. Onun tərkibində bakteriyaların və virusların DNT fraqmentləri, hətta qida hissəcikləri də qalır. Bu isə o deməkdir ki, alimlər həmin materialdan insanı əhatə edən mikroskopik izləri çıxara bilirlər: ağızda hansı mikrobların yaşadığını, nələrlə qidalandığını və hansı xəstəlikləri keçirdiyini müəyyənləşdirmək mümkündür.

Tədqiqatçılar kralın üç dişindən diş daşı nümunələri götürərkən onlardan çox böyük miqdarda DNT əldə ediblər – bu, adətən arxeoloji nümunələrdə tapılandan qat-qat çoxdur. Laboratoriyada alimlər 400 milyondan çox DNT ardıcıllığını – yəni mikroorqanizmlərin genetik kodunun ayrı-ayrı hissələrini oxuya biliblər.

Elm üçün bu, heyrətamiz nəticədir: qədim DNT adətən zəif qorunur, çünki əsrlər ərzində parçalanır. Lakin III Riçardın dişləri və diş daşının yaxşı vəziyyətdə qalması sayəsində material nadir dərəcədə “məlumatlı” olub.

Bu nəhəng genetik məlumat bazasını təhlil edən Kinqin komandası bir neçə mühüm nəticə əldə edib. Əvvəla, alimlər təxminən 400 növ mikroorqanizm müəyyənləşdiriblər. Məlum olub ki, bu mikrobiom İngiltərə, İrlandiya, Almaniya və Niderland ərazisində son 7000 ildə yaşamış insanların diş daşlarında tapılan mikrobiomlarla demək olar ki, eynidir.

“Qəribədir ki, zadəganların ağız mikrobiomu sadə insanlarınkından ciddi şəkildə fərqlənməyib. Lüks həyat tərzinə, səfərlərə və müharibələrə baxmayaraq, varlılar da kasıblarla eyni bakteriya növlərini daşıyırdılar,” – deyə Turi Kinq bildirib.

Diş daşından bitki və heyvan mənşəli DNT-nin kifayət qədər miqdarda çıxarılması mümkün olmasa da, əvvəlki sümük analizləri göstərib ki, kral həyatının son iki ilində idxal edilmiş şərab, çoxlu ov ətləri və balıq, eləcə də quş əti – qu quşu və bozheyran yeyirmiş.

İkinci mühüm tapıntı isə kralın mikrobiomunda Tannerella forsythia adlı bakteriyanın çoxluğu olub. Müasir elm bu patogeni parodontitlə – diş ətinin və çənə sümüyünün zədələnməsinə səbəb olan ağır xəstəliklə – birbaşa əlaqələndirir. Parodontit zamanı diş köklərini saxlayan alveolyar sümük tədricən dağılıb dişlərin tökülməsinə gətirib çıxarır.

XV əsrdə ağız gigiyenası son dərəcə ibtidai idi: insanlar dişlərinə az qulluq edir, onları mütəmadi təmizləmirdilər və ağızdakı mikroblarla mübarizə aparmağın yollarını bilmirdilər. Buna görə də çoxlarında kariyes və digər diş xəstəlikləri müşahidə olunurdu. III Riçardın da bir neçə dişində kariyes izləri tapılıb, lakin bu, onun mütləq parodontitdən əziyyət çəkdiyini göstərmir.

Alim Pyer Ştalforth (Pierre Stallforth) – Almaniyadakı Leybnits Təbii Məhsullar və İnfeksiya Biologiyası İnstitutundan – izah edib ki, təhlükəli bakteriyaların ağızda mövcudluğu xəstəliyin mütləq varlığı demək deyil. Eyni mikroblar bir insanda heç bir zərər vermədən yaşaya, digərində isə iltihab və toxuma dağıntısına səbəb ola bilər.

Riçardın doğrudan da parodontitdən əziyyət çəkib-çəkmədiyini müəyyənləşdirmək üçün onun çənə sümüyü öyrənilməlidir: əgər sümük itkisi izləri aşkar edilərsə, deməli, xəstəlik həqiqətən olub. Kinq və həmkarları bu tədqiqatda belə analiz aparmayıblar, lakin gələcəkdə bunu həyata keçirməyi istisna etmirlər.

Elmi iş bioRxiv.org adlı bioloji preprint elektron arxivində dərc olunub.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı