Prezident Volodimir Zelenski bildirib ki, ərazi güzəştləri məsələsi Ukrayna xalqı tərəfindən yalnız seçkilər və ya referendum yolu ilə həll edilə bilər. Məlumatı “Anadolu” verib.
Zelenski dəfələrlə Kiyevin Rusiya qoşunları tərəfindən ələ keçirilən bəzi ərazilərdən imtina etməsini münaqişənin həlli üçün davam edən səylərdə “ən çətin” məsələ adlandırıb. O, həmçinin sülh planının bu bəndində heç bir kompromis həll yolunun olmadığını iddia edib.
Dekabrın 11-də jurnalistlərlə görüşündə Zelenski ABŞ-ın guya Donbasda “azad iqtisadi” və ya alternativ olaraq “silahsızlaşdırılmış” zona yaratmağı təklif etdiyini açıqlayıb. Həm də Ukrayna qoşunlarının bu ərazidən çıxarılması tələb olunur.
Ukrayna lideri qeyd edib ki, bu məsələ ilə bağlı dialoq davam edir və Kiyev bərabərlik və təhlükəsizlik zəmanətlərinə əsaslanan həll yolları axtarır.
Dövlət başçısı ərazilərlə bağlı son qərarın xalqın mövqeyinə əsaslanmalı olduğunu vurğulayıb: “İnanıram ki, Ukrayna xalqı bu suala cavab verəcək. İstər seçkilər, istərsə də referendum yolu ilə olsun, Ukrayna xalqı mövqe bildirməlidir. Amerikalılar da uyğun bir format axtarırlar”.
Zelenski referendumun formatını və ya vaxtını dəqiqləşdirməyib. O, əvvəllər bildirmişdi ki, Kiyevin tərəfdaşları təhlükəsizliklərini təmin edə bilsələr, Ukraynada seçkilər 60-90 gün ərzində keçirilə bilər.
Ukrayna prezidenti qeyd edib ki, Zaporojye Atom Elektrik Stansiyasının statusu da mübahisəlidir və sülh müqaviləsinin son versiyası Ukrayna ordusunun hazırkı sayının - təxminən 800.000 əsgər həddində saxlanılmasını nəzərdə tutur.
P.ƏMİRCANOV
XQ

