ABŞ və Çin liderlərinin görüşü

post-img

ABŞ Prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində Pekində Çin Sədri Si Cinpin ilə görüşüb.

“Sinxua” agentliyinin məlumatına görə, Si Cinpin görüşün əvvəlində Trampla hər iki ölkə və bütün dünya üçün maraqlı olan məsələləri müzakirə etmək, eləcə də münasibətləri düzgün məcraya qoymaq və gələcək əməkdaşlıqda yeni bir səhifə açmaq niyyətində olduğunu bildirib.

Çin lideri qeyd edib ki, bütün əsrdə görünməmiş sürətli dəyişikliklər baş verir, beynəlxalq vəziyyət qeyri-sabit və gərgin olaraq qalır və bəşəriyyət özünü yeni tarixi yol ayrıcında tapır: “Çin və ABŞ dövrün çağırışlarına birgə cavab verməlidir”, - deyə o bildirib.

Si Cinpinin sözlərinə görə, Çin və ABŞ-ın ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur və bir ölkənin uğuru digəri üçün fürsətə çevrilməlidir. O, Pekin və Vaşinqtonun rəqib deyil, tərəfdaş olmalı, qarşılıqlı rifahı təşviq etməli və böyük güclər arasında birgəyaşayış üçün düzgün model tapmalı olduğunu vurğulayıb.

ABŞ prezidenti də öz növbəsində Si Cinpinlə kritik məsələləri müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib və bəzilərinin hazırkı görüşü “bəlkə də tarixin ən böyük zirvə görüşü” adlandırdığını qeyd edib.

Tramp ABŞ və Çin arasındakı münasibətlərin əvvəlkindən daha yaxşı olacağına əminliyini ifadə edib: “Çətinliklərlə qarşılaşdığımız zaman həmişə onları dəf etməyi bacardıq. Birlikdə parlaq gələcəyimiz var”.

P.ƏMİRCANOV
XQ

Dünya