ABŞ Senatı Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə təsdiqləyib. CNBC-in məlumatına görə, o, ABŞ Mərkəzi Bankına rəhbərliyi elə bir vaxtda təhvil alır ki, Prezident Donald Tramp faiz dərəcələrinin endirilməsinə çalışır, inflyasiyaya dair yeni məlumatlar isə pul-kredit siyasətinin yumşaldılması arqumentlərini çətinləşdirir.
FES rəhbəri üçün tarixin ən gərgin səsverməsi zamanı 56 yaşlı Uorş Senatın razılığını alıb. O, 2018-ci ildən tənzimləyiciyə rəhbərlik edən və səlahiyyət müddəti bu cümə günü, mayın 15-də başa çatan Cerom Pauelli əvəz edəcək. Senat Uorşun təsdiqlənməsinə 54 lehinə, 45 əleyhinə səslə qərar verib. Bununla da Pauellin varisinin seçilməsi ətrafında 2025-ci ilin yayından başlayan uzunmüddətli mübarizə yekunlaşıb.
Tramp Uorşdan faizlərin endirilməsini gözlədiyini gizlətməyib və Cerom Pauelli ABŞ prezidentinin fikrincə, həddindən artıq sərt pul-kredit siyasəti yürütdüyünə görə dəfələrlə tənqid edib. Uorşun iştirak etdiyi namizədlik yarışında müəyyən mərhələdə FES-in hazırkı idarə heyəti üzvləri Kristofer Uoller və Mişel Bouman da daxil olmaqla onlarla namizəd nəzərdən keçirilirdi.
Eyni zamanda, Uorşun təsdiqlənməsi bu həftə açıqlanan və inflyasiyanın FES-in 2%-lik hədəfindən xeyli yüksək qaldığını, istehsal zəncirlərindəki qiymət təzyiqinin isə son üç ilin maksimumuna çatdığını göstərən məlumatlardan sonraya təsadüf edib.
Mayın 12-də ABŞ Senatı, həmçinin Uorşu 14 illik müddətə FES-in İdarə Heyətinə üzv təsdiqləyib: onun namizədliyini 51 senator dəstəkləyib, 45-i isə əleyhinə çıxıb. Səsvermə əsasən partiya xətti üzrə keçsə də, demokrat Con Fetterman Uorşun təyinatını dəstəkləyib.
Kevin Uorş 2006–2011-ci illərdə də FES-in İdarə Heyətinin üzvü olub. Bloomberg-in məlumatına görə, o, quruma üzv seçiləndə 35 yaşı var idi və tənzimləyici rəhbərliyinin tarixinə ən gənc üzv kimi düşmüşdü. Uorş ilk seçki kampaniyası zamanı Trampa iqtisadi siyasət məsələləri üzrə məsləhətlər verib. Tramp hələ 2017-ci ildə onu FES rəhbəri təyin etməyi düşünsə də, həmin vaxt seçimi Cerom Pauellin üzərində dayanıb.
S.ELAY
XQ

