Son günlər düşən yağışdan, şiddətli küləkdən sonra havalar bir qədər də soyuyub. Daha insanlar Günəşin gülümsəməsinə elə də etibar eləmirlər. Çünki buludlar Günəşin qarşısına keçən kimi adam üşüyür. Səhər mehi isə artıq əvvəlkitək ruhumuza “sığal” çəkmir. Buna görə də adamlar bağlamaları açıb, isti paltarlarını geyinirlər.
Payız yarı olub, bağda-bağçada sakitlik yaranıb. Köçəri quşların bəziləri hələ də yuvanı tərk etməyiblər. Görünür, payızın ilk həftələrinin günəşli keçməsi onlarda arxayınlıq yaradıb. Amma tez, ya gec onları qarşıda uzun yolçuluq gözləyir.
Hər səhər yataqdan qalxan kimi pəncərədən həyətə boylanıram. Bəzən dumandan uzağı görmək olmur. Bir-iki saat sonra duman çəkilib gedir. Günəş şüaları təbiəti yaxşı isitməsə də təbiət yuxuya getməzdən əvvəl çöl-çəmən yenidən yaşıl rəngə boyanır. Əkinçinin səpdiyi toxumlar artıq cücərməyə başlayır...
Xalq arasında deyilir ki, payızı xoş keçən ilin məhsulu bol olar.
Ağacların çılpaq qalmış budaqları arabir sırsıra bağlayır. Aylarla “yaşıl paltarlı” budaqları çılpaq görəndə canında bir üşütmə hiss edirsən. O budaqlar görən çovğuna, şaxtaya necə dözəcək. Çılpaqlaşmış ağaclardakı boş yuvalar yəqin ki, bahar gələnədək sahibləri üçün darıxacaqlar. Adam evindən, həyət bacasından beş-altı ay uzaq düşəndə qayıdanbaş görür ki, elə bil qoyub getdiyi ev deyil, sanki bina, əşyalar darıxdığından rəngini-ruhunu itirib. Hər yana bir həzinlik yayılıb. Bəzən daş binalar təklikdən, qəriblikdən çatlayır. İlahi, dilsiz bina səssizliyə, tənhalığa, insan hənirinin olmamasına dözmürsə, bəs tənhalar, kimsəsizlər, gözü yolda qalanlar getdikcə uzanan payız, qış gecələrinə necə dözəcək?
Gözəl şairimiz Musa Yaqub belə anlar üçün gözəl yazıb:
Uzun gecələr gəlir
Tənhalar üçün ağır.
Yaxınlar necə uzaq,
Doğmalar necə fağır...
Günəşin şəfəqləri altında buz kristalları par-par parıldayır. Xalq arasında bu mənzərəni seyr edənlər “qırov düşüb” deyirlər. Alimlər bildirirlər ki, gündüzlər su buxarı qaz halında olduğu üçün görünmür. Axşamlar hava soyuduğundan su buxarı donur və kristallar əmələ gətirir. Üzərinə qırov düşən palıd yarpağı Yeni il qabağı bəzədilən küknara bənzəyir...
Balaca arı axşamüstü çiçəyin başı üstündə dincəlirmiş. Gecə boyunca üzəri qırovla örtülüb. Amma narahat olmağa dəyməz. Çünki elə ki Günəşin ilıq telləri torpağa düşdü, qırov əriyəcək və arı da özünə gələn kimi yenə şirə axtarışına çıxacaq.
Onu da deyək ki, bu, kristallar bir yerə toplandıqca qeyri-adi şəkillər meydana çıxır. Bu şəkillər bəzən hansısa ağaca, bəzən də təbiətdəki canlılara bənzəyir. Onları seyr etdikcə ana təbiətin ən böyük rəssam olduğuna inanır və bu görüntülərə baxmaqdan doymursan…
Səməd MƏLİKZADƏ

