Milli Kitabxanada yazıçı-publisist, filologiya elmləri doktoru, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvinin anada olmasının 65 illik yubileyi münasibətilə “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb.
Sərgidə Almaz Ülvinin müəllifi olduğu əsərlər, monoqrafiyalar, dərsliklər, tərtibçisi olduğu, nəşrə hazırladığı, ön söz yazdığı və redaktoru olduğu kitablar, yaradıcılığı haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Qeyd edək ki, Almaz Qasım qızı Binnətova (Almaz Ülvi) 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində anadan olub. Həmin kənddə orta məktəbi fərqlənmə ilə biitirib (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil alıb (1978–1984).
1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirib.
Almaz Ülvi 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik, 2010-cu ildə "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb.
Müəllif ilk kitablarını 1990-cı illərdən çap etdirməyə başlayıb. Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Poeziyada milli-azadlıq duyğuları" (1997) və "Ülviləşən Ülvim" (1998) kitablarının müəllifi, "Ülvi duyğularım" (1990), "Bir ölümün acığına" (1993), "Ömrüm sənin eşqindi" (1998) "Sənin oxşarın bənövşədi" (2005), "Ömür yolu (poema 2 dildə, 2009), "Ömür yolu (poema 5 dildə, 2009) və bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir.
Almaz Ülvi elmi fəaliyyətinin 30 ilini özbək ədəbiyyatının Azərbaycanda öyrənilməsinə həsr edib. Bütövlükdə Əlişir Nəvai və özbək ədəbiyyatı mövzusunda “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri” (2008), “Azərbaycan-özbək ədəbi əlaqələri dövrlər, simalar, janrlar və təmayüllər (2008)”, “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” (2009), “O’zbek adabiyoti va Ozarbayjon (tadqiqotlar, adabiy portretlar)” (2016), “Şərq təzkirəçilik tarixindən” (2019), “Əlişir Nəvai. Hikmətli sözlər (Azərbaycan və özbək dillərində) (2020)”, “Əlişir Nəvainin əsri və nəsri” (2020), “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” (2021), “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” (2022) və s. kitablar və 250-dən çox məqalə nəşr etdirib.
Eləcə də Azərbaycan-özbək ədəbi əlaqələri tarixində ilk dəfə olaraq “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət (25000 söz)” kitabının müəlliflərindən biridir.