Yazıçı-publisist, professor, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvi Azərbaycan Milli Kitabxanasında olub.
O, anadan olmasının 65 illik yubileyi münasibətilə Milli Kitabxanda açılan “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi ilə tanış olub. Sərginin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra müəllifi olduğu “Heç demirsən, Ələsgərim hardadır?!”, “Ədəbi portretlər”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri (Elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyasına həsr olunmuş təqdimatın materialları”, Özbək dilində “Adabıy portretlar” və s. 18 adda 58 nüsxə kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Almaz Ülvinin bu addımını yüksək qiymətləndirib. Azərbaycan Milli Kitabxanasının Milli arxiv fondu olunduğunu vurğulayaraq, Azərbaycan ərazisində çap olunan bütün kitabların burada olmasının zəruri olduğunu söyləyib.
Qeyd edək ki, Almaz Ülvi elmi fəaliyyətinin 30 ilini özbək ədəbiyyatının Azərbaycanda öyrənilməsinə həsr edib. Bütövlükdə Əlişir Nəvai və özbək ədəbiyyatı mövzusunda “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri” (2008), “Azərbaycan-özbək ədəbi əlaqələri dövrlər, simalar, janrlar və təmayüllər (2008)”, “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” (2009), “O’zbek adabiyoti va Ozarbayjon (tadqiqotlar, adabiy portretlar)” (2016), “Şərq təzkirəçilik tarixindən” (2019), “Əlişir Nəvai. Hikmətli sözlər (Azərbaycan və özbək dillərində) (2020)”, “Əlişir Nəvainin əsri və nəsri” (2020), “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” (2021), “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” (2022) və s. kitablar və 250-dən çox məqalə nəşr etdirib.
Eləcə də Azərbaycan-özbək ədəbi əlaqələri tarixində ilk dəfə olaraq “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət (25000 söz)” kitabının müəlliflərindən biridir.