“TeenEagle” uğuru: Azərbaycan dünya birincisi oldu

post-img

…Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əlləri gül-çiçəklə dolu valideynlər Amerika kimi böyük dövlətdə keçirilən yarışdan üzüağ, alnıaçıq, çoxlu medallar, sertifikatlar,  hədiyyələrlə dönən övladlarını qarşılamağa gəlmişdilər. Nəhayət, Azərbaycan Bayrağını çiyinlərinə sərmiş məktəblilər göründü. Alqış səsləri, “Sizinlə fəxr edirik”, “Uşaqlar, afərin!” – şüarları göyə yüksəldi. Hər kəs öz balasını bağrına basdı. 

Hava limanında yaşanan bu izdihamın səbəbi vardı. Belə ki, 2025-ci ilin yayı Azərbaycan məktəblilərinə düşərli olub. Onlar beynəlxalq miqyasda böyük uğura imza atıblar. İyul ayında ABŞ-ın Nyu Cersi ştatında yerləşən Montclair Universitetində keçirilən, 70-dən çox ölkəni təmsil edən şagirdlərin iştirak etdiyi “TeenEagle” Beynəlxalq ingilis dili müsabiqəsinin Qlobal Finalına ölkəmiz 18 şagirdlə qatılıb və ugur qazanıblar. 

Beynəlxalq yarışda şagirdlərlə yol yoldaşı olan qrup rəhbərləri Ləman Axundova və Yaşar Həsənovdan hisslərini bizimlə bölüşməyi xahiş etdik. Ləman Axundova dedi:

– Bu çox böyük yarışmadır. Dünyanın 70-dən çox ölkəsini təmsil edən həmyaşıdları ilə yarışa qatılmaq böyük məsuliyyətdir. Amma yüksək nailiyyət əldə edəcəyimizə inanırdıq. Azərbaycana qalib olaraq dönmək sözlə ifadə olunmayan hissdir. Uşaqların qazandıqları uğurlar, üzlərindəki sevinc onlara uzun yolçuluğun bütün yorğunluğunu unutdurub.

Yarış 4 əsas istiqamətdə–debat, yazı, spellinq (imla) və speakinq (nitq bacarığı) üzrə təşkil olunmuşdu. Şagirdlərimizin hər biri qızıl, gümüş, Şərəf medalı, kuboklar qazandılar. Olimpiadanın məqsədi ingilis dilinə şagirdlərdə marağın daha da artmasına, dünyagörüşlərinin inkişaf etməsinə dəstək olmaqdır.  

Digər qrup rəhbəri Yaşar Zeynalov yarışla bağlı fikirlərini belə bildirdi:

– İngiltərə və Amerikada akkreditasiyadan keçən bu yarışma ölkəmizdə “TeenEaqle Azərbaycan” adı altında fəaliyyət göstərir.  Şagirdlərimiz həm İngiltərə, həm Amerika finallarında iştirak ediblər. 

Bu yarışda Azərbaycan təmsilçiləri bütün kateqoriyalarda yüksək nəticələr göstərərək ümumilikdə 36 medal və 12 kubok qazandılar. Ən qürurverici məqam isə Azərbaycanın dünya üzrə birinci yer qazanması oldu. 

Olimpiada iştirakçısı, 6-cı sinif şagirdi Fəxrəddin Məmmədzadə:

– Noyabr ayında “TeenEaqle” yarışmasına qoşuldum, 3–4 ay hazırlaşdıqdan sonra  fevral ayında online-raundda gümüş medal qazandım. Bundan sonra ölkəmi beynəlxalq arenada təmsil etmək üçün qlobal raunda qoşuldum. 4 kateqoriyada imtahan verdim. Nəticədə 2 kateqoriya üzrə gümüş medal, debatlar üzrə isə Şərəf medalına layiq görüldüm.  Fəxr edirəm ki, Azərbaycan Bayrağını qürurla daşımışıq. 

Mehri Mustafazadə:

– Müxtəlif kateqoriyalarda 1-ci, 3-cü yerləri tutdum, medallar  qazandım. Ölkəni layiqincə təmsil etmək ayrı bir hissdir. İlk dəfədir ki, ölkəmi Amerikada təmsil edib yüksək nailiyyət əldə etmişəm. Çox sevinirəm. 

Azərbaycan komandasının uğurları bununla da bitməyib. Ləman müəllim deyir ki, onların şəkilləri dünyanın ən məşhur məkanlarından biri olan Nyu-Yorkun Times Square meydanında nümayiş etdirildi. Bu, həm şagirdlər, həm də müəllimlər üçün unudulmaz anlardan biri oldu. Amerika vətəndaşları böyük maraqla həmin nümayişə baxıb heyranlıqlarını gizlətmirdilər. 

Montclair Universitetində keçirilən möhtəşəm mükafatlandırma mərasimində isə Azərbaycanın ABŞ-dakı konsulu Ceyhun Novruzov da iştirak edib. O Azərbaycan məktəblilərinin bu uğurları ilə qürurlandığını bildirib və qalibləri təbrik edib. Bu olimpiadanın həm yarış iştirakçıları, həm də bütün Azərbaycan təhsili üçün xüsusi qürur mənbəyinə çevrildiyini deyib.

Qazanılan bu böyük nailiyyət bir daha göstərir ki, Azərbaycan məktəbliləri yalnız öz ölkəsində deyil, eyni zamanda, beynəlxalq arenada da istedad, bilik və əzmkarlıq nümayiş etdirməyi bacarır və xarici ölkələrdə yaşayan həmyaşıdlarından bu keyfiyyətlərinə görə seçilirlər.

Zərifə BƏŞİRQIZI
XQ





İdman