Bu gün Azərbaycanın tanınmış iqtisadçısı, alim, pedaqoq və dövlət xadimi Mirdaməd Mirsadıq oğlu Sadıqovun 75 yaşı tamam olur.
1950-ci il sentyabrın 1-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olan Mirdaməd Sadıqov məktəb illərindən elmə marağı ilə seçilib. 1967-ci ildə qəbul olunduğu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsini fərqlənmə ilə bitirməsi onun elmi uğurlarının başlanğıcı olub.
1971-ci ildən əmək fəaliyyətinə başlayan M.Sadıqov institutun Maliyyə-Kredit kafedrasında müxtəlif vəzifələrdə çalışıb, aspiranturanı bitirib Moskva şəhərində namizədlik dissertasiyası müdafiə edib.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, təşkilatçılıq bacarığı da onu fərqləndirirdi. O, institutun komsomol katibi, fakültə dekanı, baş müəllim və dosent kimi vəzifələrdə çalışaraq yüzlərlə iqtisadçının yetişməsində mühüm rol oynayıb.
1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun, sonra isə Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru olub.1996-cı ildə Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinə rəhbərlik edib. Dünya Bankının dəstəyi ilə İtaliyada keçdiyi ixtisasartırma kursları onun beynəlxalq təcrübəsini zənginləşdirib.
1999–2000-ci illərdə Nəsimi rayonu üzrə Vergilər İdarəsinə, daha sonra Dövlət İqtisad Universitetinə rəhbərlik edən Sadıqov 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edərək ölkədə bu sahədə doktor adı alan ilk iqtisadçılardan olub.
2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunub. Bu dövrdə universitetdə köklü islahatlar həyata keçirilib. 2013-cü ildən isə doğma İsmayıllı rayonunun icra başçısı kimi fəaliyyət göstərib.
M.Sadıqov 200-dən çox elmi məqalənin, 10 dərsliyin, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun elmi irsi bu gün də iqtisad elminin inkişafına xidmət edir.
Lakin bu gün biz 75 illiyini yad etdiyimiz Mirdaməd müəllimi təəssüf ki, aramızda görə bilmirik. Onun dünyasını dəyişməsindən beş il keçir. Amma onun əziz xatirəsi dostlarının, həmkarlarının və minlərlə tələbəsinin qəlbində yaşayır.
Mirdaməd müəllim son dərəcə səmimi, qayğıkeş və diqqətcil insan idi. O, yalnız rəhbər deyildi – həm də dinləməyi, anlamağı, kömək etməyi bacaran bir ağsaqqal idi. Onun otağından heç kim cavabsız ayrılmazdı.
Bugünkü nəsil onun adını böyük ehtiramla xatırlayır. Ardınca zəngin elmi irs, minlərlə yetişmiş tələbə və hörmətlə çəkilən bir ad qoyub gedib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O həmçinin Şöhrət Ordeni ilə təltif olunmuşdur.
Mirdaməd Sadıqovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah ona rəhmət eləsin.
Fuad Əliyev
Əməkdar Elm Xadimi, akademik