Azərbaycan Milli Elmlər Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə, Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və AMEA-nın təsis edilməsinin 80 illiyinə həsr olunmuş Yasamal rayonu ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, AMEA-nın institutlararası komandalarının mini futbol yarışmasının açılış mərasimi keçirilib.
AMEA Azad Həmkarlar ittifaqının təşkilatçılığı ilə baş tutan turnirin açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, AMEA Rəyasət Heyətinin üzvləri, Yasamal rayon İcra Hakimiyyətinin birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatın sədri Bəxtiyar Nəbiyev, Bakı şəhəri Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov, Akademiyanın elmi müəssisə və təşkilatlarının, Gənc Alimlər və Mütəxəssislər Şurasının, həmkarlar təşkilatlarının rəhbərləri və şəhid ailəsi üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildib.
XQ xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizin ərazi bütövlüyünün tam bərpasının, dövlət müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsinin tarixi və mənəvi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan xalqı öz taleyinin əsl sahibidir, milli birliyimiz, ordumuzun qüdrəti və dövlət rəhbərliyinin qətiyyətinin nəticəsində işğal altında olan torpaqlarımız azad olub, ədalət bərpa edilib.
AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti sayəsində Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın əsas təminatçısına çevrilib. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar və beynəlxalq səviyyədə qazanılan nüfuz sayəsində ölkəmiz bu gün qlobal miqyasda mühüm proseslərin fəal iştirakçısı, etibarlı tərəfdaşı və aparıcı təşəbbüskar dövlətlərdən biridir.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir dövrdə belə tədbirlərin təşkili həm gənc nəslin milli ruhda formalaşmasına, həm də elm və idman vəhdətinin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin AMEA-ya göstərdiyi böyük diqqət və qayğının ölkəmizdə elmin inkişafına verilən yüksək dəyərin bariz nümunəsi olduğunu deyən akademik İsa Həbibbəyli dövlət başçısının AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın elm və təhsilin strateji əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edib. Bildirib ki, alimlərimiz dövlətimizin başçısının bu yüksək etimadını elm və təhsilin davamlı inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşması istiqamətində daha böyük əzmlə doğrultmaq əzmindədir.
AMEA-nın prezidenti futbol turnirinin alim və mütəxəssisləri həm elmi, həm də idman ruhunda birləşdirdiyini qeyd edərək, yarışda iştirak edən bütün komandalara uğurlar və ədalətli mübarizə arzulayıb.
Açılış mərasimində Yasamal rayon İcra Hakimiyyətinin birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatın sədri Bəxtiyar Nəbiyev, şəhid Həmidağa Hüseynzadənin atası Bağı kişi, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Bakı şəhəri Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov çıxış edərək qeyd ediblər ki, bu kimi tədbirlərdə tərəfdaş qismində iştirak etmək böyük qürur doğurur. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həm Vətən müharibəsində qazanılmış Zəfərin, həm də AMEA-nın 80 illik yubileyinin eyni zamanda qeyd olunması dərin rəmzi məna daşıyır. Turnir elm və idman dəyərlərinin vəhdətini əks etdirən bir hadisə kimi qiymətləndirilib.
Tədbirdə çıxış edənlər şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirərək, onların göstərdiyi qəhrəmanlığın hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıblar. Qeyd edilib ki, Vətən müharibəsində rəşadət göstərən igidlər arasında idmançıların da yer alması həm fiziki, həm də mənəvi gücün vəhdətinin bariz göstəricisidir.
Yarış iştirakçılarına uğurlar arzulayan çıxışçılar turnirin keçirilməsi üçün yaradılan yüksək şəraitə görə AMEA rəhbərliyinə və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər. Sonra yarışın gündəliyi barədə məlumat verilib, iştirakçı komandaların kapitanlarına idman formaları təqdim olunub.
Sonda iştirakçı komandalarla xatirə şəkli çəkilib və turnirə start verilib. Rəmzi olaraq açılış zərbəsini akademik İsa Həbibbəyli vurub.