Rəssam Rövşən Nurun Estoniya paytaxtında rəhbərlik etdiyi “Buta” Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan çayı: adət-ənənələr və müasirlik” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan çayının dequstasiyası və Azərbaycan milli musiqisinin ifaları olub. Təşəbbüs çoxlu sayda estoniyalı gənci cəlb edib.
XQ xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın zəngin çay ənənələri, onun tarixi və ölkənin mədəni həyatında xüsusi yeri haqqında ətraflı məlumat alıblar. Tədbirdə ayrı-ayrı bölgələrdə yetişdirilən müxtəlif çay növləri, onların hazırlanma üsulları və fərqli dadları nümayiş etdirilib. Qonaqlar Lənkəran, Astara, Zaqatala kimi bölgələrdən gətirilən çayların dadına baxıblar. Qonaqlara, həmçinin Azərbaycanın milli şirniyyatları - ətirli paxlava, şəkərbura və digər delikateslər təqdim olunub.
Tədbirdə milli musiqimizi ifa edən qarmon ifaçısı Elnur İmanov qonaqlar üçün hərarətli və səmimi ab-hava yaradıb.
Maraqla qarşılanan tədbirin sonunda iştirakçılar bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb, müxtəlif ölkələrin mədəniyyətlərini təbliğ edən, gənclər arasında dialoqu dəstəkləyən təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.