İlk dəfə olaraq azərbaycanlı coğrafiyaçı alim “Sel Assosiasiyası”nın medalı ilə təltif edilib

post-img

Gürcüstanın Tbilisi şəhərində “Sel axınları: fəlakətlər, risk, proqnoz, mühafizə” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, şöbə müdiri Stara Tarixazər, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi coğrafiya elmləri doktoru, dosent Sevil Quliyeva iştirak ediblər.

İnstitutdan XQ-yə bildirilib ki, beynəlxalq konfrans sel axınlarının qlobal və regional təhlili, son illərin sel fəlakətləri, sel riski və proqnozlaşdırılması, modelləşdirmə, buzlaq göllərinin sel təhlükəsi, buz-su-daş axınları, seldən mühafizə tədbirləri, sellərin proqnozlaşdırılmasına dair və sel axınının qarşısının alınması üzrə normativ sənədlər, daşqın əleyhinə qurğuların layihələndirilməsi kimi məsələlərin müzakirəsinə həsr olunub.

Konfransın açılışında Stara Tariхazər həmmüəllif olduğu “Uzaqdan zondlama məlumatları əsasında Qudyalçay hövzəsinin selə meyillilik zonalarının müəyyənləşdirilməsi və sel riskinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib .

“Sel Assosiasiyası” ənənəvi olaraq selşünaslıq sahəsində görkəmli xidmətləri olan alimləri S.M.Fleyşman adına medalla təltif edir. İyirmi illik fəaliyyəti ərzində Assosiasiya tərəfindən 35 alim bu mükafata layiq görülüb.

Beynəlxalq konfransın bağlanış mərasimində Azərbaycandan ilk dəfə olaraq coğrafiyaçı alim Stara Tariхazər selşünaslıq sahəsində nailiyyətlərinə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə bu nüfuzlu medalla təltif edilib. Mükafatı “Sel Assosiasiyası”nın prezidenti coğrafiya üzrə fəlsəfə doktoru Sergey Çernomorets və Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Givi Gavardaşvili təqdim ediblər.

Bu uğur Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasının və ölkəmizin iqlim və ekoloji təhlükəsizlik sahəsində fəal mövqeyinin növbəti sübutudur.

Sel hadisələri dünya ölkələri üçün aktual ekoloji və sosial-iqtisadi problemlərdən biridir. Azərbaycan da sel təhlükəli regionlar sırasına daxildir. Sel hadisələrinin qarşısının alınması və fəsadlarının azaldılması istiqamətində müxtəlif ölkələrin mütəxəssisləri ilə əməkdaşlıq “Sel Assosiasiyası” (Debris Flow Association) çərçivəsində həyata keçirilir. Təşkilat 2005-ci ildə Rusiyanın Pyatiqorsk şəhərində yaradılıb. Hazırda 23 ölkədən 160-dan çox eksperti birləşdirən bu Assosiasiya sel və onlardan qorunma üzrə dünyanın ən böyük mütəxəssislər birliyidir.

Azərbaycanı bu təşkilatda Coğrafiya İnstitutunun əməkdaşları – Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru, dosent Stara Tariхazər və İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev təmsil edirlər.

Elm