Şəki Regional Elmi Mərkəzin əməkdaşları elmi ekspedisiyada olublar

post-img

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşları – şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov və elmi işçi Elçin Vəliyev Şəki rayonunun Turan, Qayabaşı, Qozlubulaq və Sarıca kəndlərində elmi ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi Qərbi Azərbaycan ərazilərindən zorla deportasiya edilmiş soydaşlarımızın ailə üzvləri ilə görüşlərin keçirilməsi olub. Görüşlər zamanı birbaşa ünsiyyət vasitəsilə onların Qərbi Azərbaycandakı yaşayış məkanları, məşğuliyyətləri, sosial vəziyyətləri, deportasiyaların səbəbləri, mərhələləri və miqyası haqqında məlumatlar toplanılıb.

Toplanılan materialların elmi dövriyyəyə gətirilməsi soydaşlarımıza qarşı həyata keçirilmiş bu hadisələrin təsadüfi deyil, planlı və sistemli xarakter daşıdığının elmi faktlarla göstərilməsinə, eləcə də yeni tarixi reallıqların araşdırılmasına töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, şöbədə bu istiqamətdə tədqiqat işlərinin davam etdirilməsi, növbəti mərhələdə isə digər kəndlərdə məskunlaşmış Qərbi Azərbaycandan olan ailələrlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qabil YUSİFOĞLU
XQ







Elm