III Avropa Oyunlarında 11 medal qazanan yığmamızın potensialı daha yüksəkdir

post-img

Avropanın ən nüfuzlu idman yarışı olan III Avropa Oyunları başa çatdı. Azərbaycanda “doğulan” bu möhtəşəm multiidman tədbiri “Odlar yurdu”nun müəyyənləşdirdiyi müasir standartlarla yenidən “Qoca qitə”nin ən güclülərini bir araya gətirdi. Minlərcə avropalının öz idman məharətini, qüvvəsini nümayiş etdirməsi üçün geniş imkanlar yarandı. Qazanılan nəticələr Avropa ölkələrinin yarışlara hazırlığının səviyyəsini göstərməklə yanaşı, qarşıdakı Paris Olimpiadası ilə bağlı ilkin proqnozlar üçün də kifayət qədər əsas meydana çıxardı. 

Komandamızın nəticələrinə nəzər salmazdan qabaq turnir cədvəlini göz­dən keçirək. İlk üç yerdə qərarlaşan İta­liya (358 nəfər, 35-26-39), İspaniya (346 nəfər, 21-17-19) və Ukrayna (263 nəfər, 21-12-8) yarışa böyük heyətlə qatılmış­dılar. Təbii ki, geniş heyətlə mübarizə aparan komandanın medal şansları daha çox olur. Elə yığmamızın “Bakı-2015”də mübarizəsini xatırlayanda, ilk növbədə, ölkəmizin medal əyarına görə ikinci pil­lədə qərarlaşmasını yada salırıq. Həmin yarışda 291 idmançıdan ibarət komanda­mız 56 medala (təxminən 20 faiz nəticə) sahib olmuşdusa, “Minsk-2019”da 82 nəfərlik komandamız 28 medal (30 faiz­dən çox) qazanmışdı. İlk Avropa Oyun­larında keyfiyyətlə yanaşı, kəmiyyət də mühüm rol oynadı. Deməli, yüksək nəticə üçün komandanın geniş heyətlə təmsil olunması vacib idi. 

Bəs komandamızın “Krakov-2023”də­ki nəticələri bizi qane edə bilərmi? Oyun­lar ərəfəsində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseyn­zadə jurnalistlərə verdiyi müsahibəsində bildirmişdi ki, Azərbaycan millisi ölkələrin sıralamasında ilk onluğa düşməyə əsas namizədlərdəndir. Deməli, yığmamız öz potensialından tam istifadə edə bilməyib. Düzdür, MOK rəsmisi onu da qeyd etmiş­di ki, III Avropa Oyunlarının proqramına salınan idman növləri bizim üçün o qədər də uğurlu deyil. Əslində, onu da xatırla­maq yerinə düşər ki, Minsk Oyunlarında 28 medalın 10-nunu güləşçilərimiz (5 qı­zıl medaldan 3-nə pəhləvanlarımız sahib olmuşdular) qazanmışdılar. Şübhəsiz, güləşin Oyunların proqramından çıxa­rılması komandamızın nəticələrinə xeyli təsir etdi. 

Digər tərəfdən Avropa arenasında 3 qızıl medalın 3-nün də qeyri-olimpiya id­man növləri üzrə qazanılması ölkəmizdə qeyri-olimpiya idman növlərinin inkişafı­na da böyük diqqət yetirilməsinin bariz nümunəsidir. Oyunlarda karateçilərin yarışı 2 qızıl və 1 bürünc medalla başa vurmaları əla nəticədir. Tural Ağalarzadə (67 kq) və İrina Zaretskanın (68 kq) qızıl, Asiman Qurbanlının (84 kq-dan yuxarı) bürünc medal qazandığı yarışı yığmamız ikinci yerdə başa vurdu. 

Eləcə də, komandamızın aktivinə digər qızıl medalı əlavə edən kikbok­çumuz Fərid Ağamoğlanovun (63,5 kq) nailiyyətini xüsusi vurğulamaq olar. İki kikboksçumuzdan birinin yüksək mükafat qazanması gözəl nəticədir. İdmançının məşqçisi Daxili İşlər Nazirliyi idman təlim şöbəsinin rəisi Eduard Məmmədov “Xalq qəzeti”nə açıqlamasında Fəridin Oyun­lara lisenziyanı Avropa çempionatında qazandığını dedi. Qitə çempionatında fi­nalda hakimlərin ədalətsizliyi ucbatından qələbə italiyalı rəqibə verilsə də, Avropa Oyunlarında F.Ağamoğlanov rəqibindən güclü olduğunu sübut etdi: “Əsas hədəf qızıl medal qazanmaq idi. Sevinirik ki, yüksək nəticə əldə edə bildik”. 

Ümumiyyətlə, döyüş idman növləri üzrə təmsilçilərimizin uğurları həmişə xalqımızı sevindirib. Daha bir qeyri-olim­piya növü olan muay-tay üzrə koman­damızın 4 üzvündən 3-nün medal əldə etməsi xüsusi tərifə layiqdir. Millinin baş məşqçisi Azər Həsənsoy muay-tay dö­yüşçülərimizin III Avropa Oyunlarındakı iştirakından danışarkən qeyd edib ki, idmançının qələbə qazanmasında əsas amil taktikanın düzgün qurulmasıdır. 

Avropa Oyunlarına ilboyu böyük səy­lə hazırlaşan (bu barədə mətbuatda ge­niş məlumat verilib) komandalarımızın nəticələri təhlil edilərkən hərtərəfli – fiziki, texniki, o cümlədən taktiki və psixoloji ha­zırlıq məsələlərinə tam diqqət yetirilmə­lidir. 

Bu ilin əvvəlində 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev bildirdi ki, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsində­yik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olim­piya Komitəsi, federasiyalar, klublar, id­man cəmiyyətləri, əlbəttə, əsas istiqamə­ti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təs­diqləsin.

Avropa Oyunlarında iki boksçumu­zun – Məhəmməd Abdullayev (+92 kq) və Murad Allahverdiyevin (80 kq) Pa­ris Olimpiadasına lisenziya qazanması da bu baxımdan təqdiredici hadisədir. Ümumiyyətlə, ölkəmizdə Olimpiya idman növlərinin inkişafı istiqamətində geniş­miqyaslı tədbirlər keçirilir, Paris Olim­piadasına idmançılarımızın mükəmməl hazırlığı diqqət mərkəzindədir. Ötən ay gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiya­ların nümayəndələri ilə doqquzuncu gö­rüşü də keçirilib. 

Döyüş idman növlərindən olan boks yığmamız Avropa Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vurmaqla medal sıralamasına görə 7-ci pillədə qərarla­şıb. Taekvondoçularımız da eyni nəticəni göstəriblər. Səyyad Dadaşovun (54 kq) gümüş, Qaşım Maqomedovun (58 kq) bürünc mükafatı ilə komanda 7-ci nəticə göstərib. Şübhəsiz, hər iki növ üzrə təc­rübəli idmançılar komandada yer almışdı və nəticələr daha yaxşı ola bilərdi. 

Cüdo üzrə fərdi yarışların yox, qarışıq komanda turnirinin təşkili də medal şans­larımızı azaltdı. Azərbaycan millisinin bö­yük məşqçisi Mehman Əzizov Polşaya ehtiyat qüvvə ilə yollandıqlarını bildirib. O qeyd edib ki, əsas ümid oğlanlara idi. Əsasən oğlanlara üstünlük verilmişdi, qızlar isə gənclərdən ibarət idi. Məşqçi onu da bildirib ki, Çinin Çendu şəhərin­də keçiriləcək XXXI Ümumdünya Yay Universiadasına tam heyətlə yollanacaq­lar. Orada komanda yox, fərdi yarışlar olacaq. Qılıncoynatma, atıcılıq, çimərlik futbolu, triatlon və digər Olimpiya idman növlərində medalsız qaldıq, bəzilərində isə təmsil olunmadıq. 

Beləliklə, 48 ölkədən 7 minə yaxın idmançının çıxış etdiyi yarışlarda 86 id­mançı ilə iştirak edən millimiz 11 medal (3-2-6) qazandı. Bu medallardan 7-si qeyri-olimpiya idman növləri üzrə əldə edilib. Komandamız ümumi hesabda isə 24-cü pillədə qərarlaşıb. 

Təbii ki, yığmamız qarşıda dördil­liyin ən nüfuzlu idman yarışı olan Paris Olimpiadasına daha çox lisenziya əldə etmək üçün böyük səy göstərir. Eləcə də, ölkəmiz üçün yeni olan Olimpiya idman növlərinin inkişafı üçün müvafiq qurumlar əlaqəli şəkildə işləyirlər. Avropa Oyun­ları bir daha göstərdi ki, həm Olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə potensial var, ondan tam istifadə etmək üçün isə yığmalarımız səylərini artırma­lıdırlar. 

Leyla QURBANOVA, “Xalq qəzeti”



İdman