Ukraynada davam edən müharibə şəraitinə baxmayaraq Azərbaycan diasporu ölkənin müxtəlif bölgələrində, xüsusilə də Odessa şəhərində mədəni irsimizin tanıdılması istiqamətində aktiv fəaliyyət göstərməkdədir. Qara dəniz sahilində yerləşən və Ukraynanın turistik mərkəzlərindən biri sayılan Odessada həyata keçirilən layihələr Azərbaycan-Ukrayna münasibətlərinə mühüm töhfələr verir.
Hazırda Odessada salınması planlaşdırılan “Azərbaycan” parkı bu təşəbbüslər sırasında xüsusi yer tutur. Odessa meri Qennadi Truxanovun razılığı ilə icrasına başlanılan bu layihəyə diaspor nümayəndələri də maliyyə dəstəyi göstərirlər. Sahəsi 3 hektardan artıq olacaq parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşələr, uşaqlar və böyüklər üçün istirahət zonaları, idman sahələri, tanıtım muzeyi və “Azərbaycan” fotozonasının yaradılması nəzərdə tutulur. Şəhər ictimaiyyəti bu layihəni yüksək dəyərləndirir və parkın həm şəhər sakinləri, həm də turistlər üçün maraqlı məkan olacağına inanır.
“Bu park Odessa sakinlərinə Azərbaycan Respublikası, onun uğurları, qəhrəmanları, bu illər ərzində Ukrayna ilə Azərbaycan arasında olan əlaqələr haqqında məlumat verəcək. Ümid edirəm ki, park şəhərimizin bəzəyinə çevriləcək”, - deyə Odessa Milli İqtisadi Universitetinin professoru Mixail Zveryakov bildirib.
Bununla yanaşı “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Şamil Quliyevin təşəbbüsü ilə Odessada Ukraynanın ən böyük məscidlərindən birinin tikintisi həyata keçirilir. Ümumi sahəsi 2758 kvadratmetr olan kompleksdə kişi və qadınlar üçün ayrı ibadət zalları, mərasim otaqları, qonaq evi və digər funksional bölmələr nəzərdə tutulub. “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev açıqlamasında tikinti işlərinin tamamlanma mərhələsində olduğunu və məscidin təkcə azərbaycanlılar üçün deyil, ümumilikdə Odessada yaşayan müsəlmanlar üçün xidmət göstərəcəyini deyib.
Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi ilə şəhərin mərkəzində yerləşən məsafə nişanları sırasında artıq Gəncə şəhərinin adı da yer alıb. Lövhədə Odessadan Azərbaycanın qədim şəhəri Gəncəyə olan 1410 kilometrlik məsafə qeyd olunub. Məlumat üçün qeyd edək ki, Gəncə və Odessa 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı qardaşlaşmış şəhər olaraq elan edilib. Bu cür təşəbbüslər həm şəhərlərarası əlaqələrin güclənməsinə, həm də Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılmasına xidmət edir.