İtaliyada çalışan soydaşımız Ləman Bərdəlinin Vatikan təqdimatı
Bu il aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Qafqaz Albaniyası irsinə həsr edilmiş "Azərbaycanda xristianlıq: tarix və müasirlik" adlı XII beynəlxalq elmi konfransda Roma Sapienza Universitetinin sənət tarixi üzrə doktoranturasını bitirmiş, İtaliyada elmi və mədəni fəaliyyət göstərən soydaşımız Ləman Bərdəlinin mövzuya fərqli yanaşması məclisdə böyük maraq doğurub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkil etdiyi konfransda İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan albanşünas mütəxəssislərin məruzələri sırasında Bərdəlinin qədim Qafqaz mifologiyasının və genetik yaddaşın araşdırılmasından qaynaqlanan mülahizələri elmiliyi və inandırıcılığı ilə diqqət çəkib. Araşdırmaçınmın Qafqaz əfsanələrinin əsas obrazlarından olan Targamosun oğullarını Qafqaz xalqlarının əfsanəvi əcdadları kimi təqdim etməsi regionun ən qədim tarixi ilə bağlı yeni yanaşmanı əks etdirib.
Məruzəçi Bardos, Movakan, Eros və Lek kimi adların Qafqaz Albaniyası ilə əlaqələndirərək, bu anlayışları təkcə mifoloji deyil, həm də mədəni-etnik rəmz kimi təqdim edib. Ləman Bərdəli soy-kökünün də bağlı olduğu məkanın mənşəyini Bardos obrazında axtararaq, bu adı Qafqaz Albaniyasının tarixi paytaxtı Bərdə şəhərinin əfsanəvi qurucusu kimi təqdim edib.
Bu xəbərdə söhbət açılan Bərdəli soy-adlı Ləman xanımın kimliyi ilə maraqlanada onun bir vaxtlar İtaliyada çalışmış, xeyli vaxtdır genetik təbabətlə bağlı önəmli fəaliyyətini Türkiyədə davam etdirən, bu sahədə qardaş ölkənin ilk tədqiqat mərkəzini Egey Universitetində qurmuş məşhur soydaşımız professor Afiq Bərdəlinin qızı olduğunu öyrəndik.
Ləman 1989-cu ildə dünya şöhrətli genetikin ailəsində dünyaya gəlib. İlk təhsilini İzmirdəki İtaliya kraliçası Savoyalı Marqaritanın adına xüsusi təhsil müəssisəsində alıb. Orta təhsilini Türkiyənin nüfuzlu Bornova Anadolu Liseyində başa vuub. Bakalavr təhsilini İzmirin Yaşar Universitetində ingilis dili və ədəbiyyatı üzrə alıb, Egey Universitetinin magistraturasını incəsənət tarixi ixtisası ilə başa çatdırıb. Roma Sapienza Universiteti tarix, din, antropologiya və incəsənət fakültəsində doktorantura təhsili alaraq “Rəsm əsərinin ritmi” mövzusunda dissertasiya müdafiə edib.
Bu qısa bioqrafiyanı onlayn söhbətimizdə Ləman Bərdəli özü belə tamamladı:
– Hazırda incəsənətə neyroestetik yanaşma ilə bağlı tədqiqatlarımı, praktik fəaliyyətimi davam etdirir, elmi və incəsənət jurnalları ilə müəllifliyimi edirəm. İtaliyada mədəniyyətlərarası vasitəçilik məqsədilə tərcümə, bələdçilik və incəsənət məsləhətçiliyi xidmətləri göstərən şirkət təsis etmişəm.
– Belə çıxır ki, Vatikan şəhərində keçirilmiş Qafqaz Albaniyası irsinə həsr edilən beynəlxalq elmi konfransdakı iştirakınız da təsədüf olmayıb...
– Təbii ki, belədir. Sizin də bildiyiniz kimi doktorantura təhsilimi Roma Sapienza Universitetində almışam və “Rəsm əsərinin ritmi” mövzusunda dissertasiya müdafiə etmişəm.Vatikanda keçirilən beynəlxaq konfransda iştirakım bilavasitə bu mərasimin adı ilə bağlı olmasında idi: Azərbaycanda xristianlıq. Azərbaycandan çox-çox uzaqlarda səslənən Azərbaycan adından uzaqda durmaq mümkünsüz idi.
Digər tərəfdən Azərbaycanın qədim xristian irsi olan Qafqaz Albaniyasının tarixi rolu və bugünkü etnik-mədəni yaddaşdakı yerinin müzakirə edildiyi bir mərasimdə iştirakım vacib idi. Həm də ona görə ki, uşaqlıqda göy üzündə gördüyüm Luna, yəni Ay mənim üçün çox maraqlı idi. Ayın səthindəki kraterlərdən yaranan siluetlər və fiqurlar şəklində yaddaşıma həkk olunan o ilk təsvirlər sanki otuz il sonra Azərbaycanın antik tarixi coğrafiyası olan Qafqaz Albaniyasındakı Ay məbədi ilə qarşılaşacağımın öncədən verilmiş işarəsi idi. Bu mənəvi və mifik əlaqə mənim daxili aləmimdə dərin izlər buraxdı.
Ən böyük ilham qaynağım isə atam Afiq Bərdəlinin ana vətəni olan Bərdə şəhəri ilə tanışlığım, qurduğum mənəvi və tarixi bağ oldu. Məhz bu bağlar məni dəyərli müəllimlərim — professor Aydın İbrahimov və Çingiz Abdullayevin dəstəyi ilə Vatikanda keçirilən beynəlxalq konqresə aparıb çıxardı.
Mövzu xristianlıq olunca, mən bu məsələni sırf tarixi və ya rituallarla məhdudlaşan çərçivədə deyil, fəlsəfəsi baxış bucağı ilə təhlil etməyə üstünlük verirəm. Çıxışımda günümüzdə dominant mövqe tutan bəzi xristian məzhəblərindən fərqli olaraq, Qafqaz Albaniyasına məxsus olan, daha ilkin və lokal inanc modelinə əsaslanan bir xristianlıq anlayışını müdafiə edirəm. Bu yanaşma, həm tarixi kontekst, həm də inanc sistemlərinin fəlsəfi strukturları baxımından fərqli və aktual bir mövqe təklif edir.
– Bu yanaşmalarında ibtidai təhsil aldığın məktəbin təsiri olmuş ola bilərmi?
– Əlbəttə. Tarixi 1887-ci illərə uzanan, İzmir Levantenlərinə təhsil xidməti göstərən, eyni zamanda dünyəvi təhsil verən və rahibə müəllimlərin dərs dediyi bu məktəbdə ana dil səviyyəsində italyan dilini öyrəndim. Çox kiçik yaşlarımdan İncil ilə tanış oldum və onu intuisiya ilə, yəni sezgi əsaslı şəkildə anlamağa başladım.
Zaman keçdikcə alleqorik oxuma tərzini mənimsədim. Əslində isə əlimə alıb oxuduğum ilk kitab İncil deyil, Qrimm və Andersen nağılları olmuşdur. Ardınca Lyuis Kerrollun “Alisa möcüzələr ölkəsində” əsəri məni dərin şəkildə təsirləndirdi və ədəbiyyata böyük marağım yarandı. Bu səbəbdən İngilis Dili və Ədəbiyyatı üzrə təhsil almağa qərar verdim. Lakin incəsənətdən də uzaq qalmaq istəmədiyim üçün bu marağımı incəsənət tarixi ilə birləşdirdim.
– Vatikanda keçirilən elmi konfransdan sonra erməni cəmiyyəti ciddi çalxalanmalar keçirdi. Kütləvi etirazlar, tarixi faktların yenidən saxtalaşdırmaları...
– Qafqaz Albaniyasının tarixi ilə bağlı elmi tədqiqatların aktuallaşması bəzi erməni dairələrində narahatlıq doğurur. Bu narahatlıq başadüşüləndir, çünki həmin dairələr uzun illər boyu bölgənin tarixini özlərinə uyğun şəkildə təhrif etməyə çalışmış, xüsusilə də Qafqaz Albaniyasına məxsus dini-mədəni irsi erməniləşdirməyə cəhd etmişlər.
Lakin bu gün aparılan tədqiqatlar tarixi faktlara əsaslanır və məqsədi təhrif deyil, ədalətin bərpasıdır. Azərbaycan tərəfi hər zaman obyektiv elmi yanaşmanı əsas tutaraq, Qafqaz Albaniyasının irsinin qorunması və tanıdılması istiqamətində fəaliyyət göstərmişdir. Tarixin saxtalaşdırılmasına ehtiyac yoxdur, çünki mövcud elmi sübutlar və mənbələr Azərbaycanın bu sahədəki mövqeyinin haqlı olduğunu təsdiqləyir.
Ermənilərin cəhdləri, alternativ elmi yanaşmaların susdurulmasına və regionun çoxmədəniyyətli tarixinin təhrifinə yönəlib. Tarixi faktlara əsaslanan obyektiv tədqiqatlar, mədəni irsin mənimsənilməsi deyil, əksinə, onun qorunmasıdır. Qədim Qafqaz Albaniyasının varisi hesab olunan alban-udi icmasının mövcudluğu və onların dini-mədəni irsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın udi icması bu qədim sivilizasiyanın dil, din və memarlıq sahəsindəki ənənələrini bu günə qədər yaşatmaqda davam edir.
– Bu məsələdə ermənilər hətta Roma Papasını hədəfə almaqdan belə çəkinmədilər...
– Erməni dairələrinin Roma Papasına qarşı yönəlmiş əsassız ittihamları və təhqiramiz kampaniyaları tarixi həqiqətlərin ortaya çıxması ilə bağlı artan narahatlığın təzahürüdür. Xüsusilə Qafqaz Albaniyasının xristian irsi və bu irsin Azərbaycan ərazisində formalaşmış olması faktı bu narahatlığı daha da artırır. Roma Papasının mövqeyini təhrif edərək onu guya ermənilərə qarşı çıxmaqda ittiham etmək, həm dini, həm də etik dəyərlərlə ziddiyyət təşkil edir. Bu yanaşmalar, elmi diskussiyanı emosional və təhqiramiz ritorika ilə əvəzləmə cəhdidir. Halbuki, Qafqaz Albaniyasına məxsus dini abidələrin və kilsələrin planlı şəkildə erməniləşdirilməsi, tarixi mənbələr və arxeoloji sübutlarla təsdiqlənmiş bir həqiqətdir. Azərbaycanın bu məsələdə tutduğu mövqe tarixi ədalətin və elmi obyektivliyin bərpasına yönəlib.
Qafqaz Albaniyasının qədim tarixi böyük araşdırma mövzusudur. Fikrimcə, Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması və dünyaya çatdırılması ilə bərabər erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq. Tarix bizim tərəfimizdədir, biz onu təhrif etmir, olduğu kimi təqdim edirik.
– Bu yanaşma doktorantura və sonrakı elmi fəaliyyətlərinizdə də əks olundumu?
– Bəli, ixtisas sahələrim arasında müqayisəli incəsənət tarixi, avanqard yaradıcılıq formaları və vizual-audio incəsənətə yönəlmiş neyroestetik yanaşmalar yer alır. Bu sırada “Gözlərin musiqisi” adlı əsərim bir toxum idi. Mən onu əkdim, o bir ağaca çevrildi və sonrakı bütün çalışmalarım bu ağacın meyvələri oldu.
2021-ci ildə Pietro Gonzaganın 1800-cü ildə irəli sürdüyü “Gözlərin musiqisi” əsərini ingilis dilinə tərcümə edərək oxuculara təqdim etdim. Doktorantura dissertasiyamda Gonzaganın vizual və eşitmə duyğularını sinxron şəkildə birləşdirmə prinsipini XX əsr avanqard incəsənəti ilə müqayisəli şəkildə təhlil etdim. Bu yanaşmanı “Hər forma bir musiqi ehtiva edir” deyən Kandinskinin fikirləri ilə qarşılaşdırdım və “rəsmin ritmi” anlayışı altında sintez etdim. Sonrakı tədqiqatlarımda bu nəzəriyyəni Leonardo da Vinçinin 2019-cu ildə Lecco şəhərində tapılmış eskizi üzərində konkretləşdirməyə çalışdım.
Bu əsəri seçməyimdə əsas amillərdən biri Leonardo da Vinçinin incəsənət tarixinin istiqamətini dəyişdirən sima olması, digəri isə doktorantura sonrası birlikdə tədqiqatlar apardığım professor Marco Marinacci ilə Leonardonun musiqiçi şəxsiyyəti üzərində xüsusi olaraq dayanmağımız oldu. Əsəri şəxsi kolleksiyalarında qoruyub saxlayan Silvia Gallo və Massimo Mazzoleni tərəfindən aparılan araşdırmaları əsas götürərək, vizual riyaziyyatı eşidilə bilən bir formaya çevirdim. Beləliklə, konkret kontekstdə “Gözlərin musiqisi”ni yaratmış oldum.
– Ləman Bərdəlini düşüncəni duyuma, tarix və estetikanı bütöv bir yanaşma ilə orijinal bir sintezə çevirən bir baxış bucağına malik araşdırmaçı adlandırmaq olarmı?
– Sinestezik yanaşmalarla metafizikaya toxunan bu yolçuluq yalnız incəsənətin deyil, insan qavrayışının sərhədlərini də yenidən tərif etməyi hədəfləyir. Romadan Qafqaz Albaniyasına uzanan bu çoxqatlı düşüncə kainatı, keçmişin izlərini intuisiya ilə izləyib, yaddaşın xəritəsində yenidən canlandırmaq cəhdidir.
Digər tərəfdən Qafqaz Albaniyasının qədim mədəniyyəti ilə qurduğum ulusal bağ, bu coğrafiyanın tarixini sanki genetik yaddaşımda daşıdığım hissini yaradır və bu mövzu üzərində düşünmək mənə böyük zövq verir. İncəsənət, mədəniyyət, inanc və mifoloji sistemlərin tarix boyu nəsildən-nəslə ötürülməsi, genetik məlumatın hüceyrələr arasında ötürülməsinə bənzədilə bilər. Mən mövzuları hissələrə ayırdıqca, məlumat hər hissədə özünü bir şəkildə təzahür etdirir. Məqsədim qədim irsimizi çağdaş fəlsəfi paradiqmalarla birləşdirərək yeni bir baxış müstəvisi yaratmaqdır.
Bu həm də tarixə və irsə sayğılı bir yanaşma tələb edir. Bu istiqamətdə atılan təşəbbüsləri əngəlləmək və elmi müzakirələri gözdən salmaq cəhdləri sağlam və konstruktiv düşüncə tərzi ilə uzlaşmır. Belə yanaşmalar, təəsüf ki, açıq dialoqun və akademik inkişafın qarşısını alır, eyni zamanda obyektiv elmi təhlilə ehtiyac duyulan mövzuların siyasiləşdirilməsinə səbəb olur.
– Çox sağ olun. Hesab edirəm ki, fikirləriniz, eləcə də Vatikan konfransındakı çıxışınız sənət və tarix elmlərinin qovşağında dayanaraq, Qafqaz irsinin qlobal elmi müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Söhbəti apardı:
Namiq Qədimoğlu
XQ