Sağlıq durumu məhdud insanların sosial xidmətlərə çıxışı genişdir

post-img

Azərbaycanın modern dövlət quruculuğu siyasətinin önəmli istiqamətlərindən biri də əlillərin sosial müdafiəsidir. Son illər ölkədə aparılan genişmiqyaslı sosial islahatlar əlillik təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin olunmasına xidmət edir. Əlilliyin qiymətləndirilməsi, eləcə də əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsas fəaliyyət istiqamətləridir.

Aparılan islahatlar nəticəsində bu sahədə nəzarət mexanizmləri gücləndirilmiş, xidmət keyfiyyəti artırılmış, proseslərdə ünvanlılıq və vətəndaş məmnunluğu ön plana çəkilmişdir. Əlilliyin qiymətləndirilməsi mexanizminin rəqəmsallaşdırılması isə bu sahədə köklü dönüş yaratmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevlə söhbətimiz əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülən işlər barədədir.

– Ramin müəllim, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və imkanlarının genişləndirilməsi, əlillik təyinatının şəffaflaşdırılması istiqamətində hansı işlər görülür?

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Belə ki, qiymətləndirmə üçün vətəndaş, ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edir. Tibb müəssisəsi tərəfindən göndəriş (forma 88) tərtib edilərkən əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılıb Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülür.

Bu prosesdə həkim-ekspertlər vətəndaşın yalnız tibbi göstəricilərini – diaqnoz və xəstəlik barədə məlumatları görürlər. Beləliklə, qiymətləndirmə zamanı subyektiv amil aradan qalxır, qərar obyektiv meyarlara əsaslanır. Göndəriş altsistemə daxil edildikdən 10 iş günü ərzində (əlavə araşdırma tələb olduqda 15 iş günü) qiymətləndirmə aparılır. Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat vətəndaşın mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 2022-ci il iyulun 1-dən etibarən qüvvəyə minmişdir. Yeni meyarlara əsasən, əlilliyin ənənəvi üç dərəcəsi əvəzinə, həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinə uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizinə əsaslanan qiymətləndirilmə mexanizmi tətbiq edilir.

I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz aralıqları müəyyən edilir. Köhnə meyarların sayı 128 idisə, yeni meyarlarda bu say 634-ə çatdırılmışdır. Bununla da əlilliyin əhatə dairəsinə daxil olan diaqnozların sayı genişləndirilmişdir.

– Əlilliyin qiymətləndirilməsi ilə yanaşı, sosial sahədə aparılan köklü islahatların müsbət nəticələrindən biri də müasir və əlçatan reabilitasiya xidmətləri sisteminin yaradılmasıdır. Regionlarda əlilliyi olan şəxslərin bərabər xidmət imkanlarına çıxışı necə təmin edilir?

– Hazırda Agentliyin tabeliyində 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla 15 reabilitasiya müəssisəsi, o cümlədən 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və Bərdə şəhərində fəaliyyət göstərən “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə reabilitasiya mərkəzlərinin maddi-texniki bazası yenilənmiş, Qəbələ və Şəmkirdə müasir tələblərə cavab verən uşaq reabilitasiya mərkəzləri istifadəyə verilmişdir.

Eyni zamanda, reabilitasiya müəssisəsi olmayan bölgələrdə yaşayan vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə səyyar reabilitasiya xidmətləri təşkil olunur. Bu xidmətlər hərəkət məhdudiyyəti olan şəxslərə ev şəraitində tibbi və sosial-psixoloji yardım göstərməyə imkan yaradır.

2021-ci ildən Reabilitasiya müəssisələrinə əlilliyi olan şəxslərin rahat və maneəsiz qəbulu üçün “Reabilitasiya” altsistemin “Rezervasiya modulu” tətbiq edilir. Altsistem tibbi-sosial ekspert komissiyaları (TSEK) və reabilitasiya müəssisələrinin qarşılıqlı elektron fəaliyyətinin təmin olunmasına, reabilitasiya xidmətləri sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, nəzarət və monitorinq sisteminin gücləndirilməsinə xidmət edir.

Agentlik tərəfindən Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri göstərilir. 2023-cü il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə indiyədək 3038 şəxs reabilitasiya xidmətləri ilə təmin edilimişdir. Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar. Məntəqədə əlilliyi olan 309 şəxsə isə ehtiyaclarına uyğun olaraq 1851 ədəd reabilitasiya vasitəsi verilmişdir.

2022-ci ildən Sumqayıt şəhəri və Abşeron rayonunda əlilliyi olan uşaqlar onları müşayiət edən yaxınları ilə birgə reabilitasiya avtobusu (“RehaBus” ) vasitəsilə Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır. Ötən aydan etibarən ölkənin ikinci böyük şəhəri olan Gəncədə də “RehaBus” xidmətinə başlanılmışdır.

Gəncə şəhərində yaşayan və ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqlar bu xidmət çərçivəsində reabilitasiya avtobusu ilə həftənin iki günü ödənişsiz şəkildə Agentliyin Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırılırlar. Fəaliyyətə başladığı dövrdən indiyədək bu layihə çərçivəsində 2300-ə yaxın əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilmişdir.

– Agentliyin fəaliyyətində digər önəmli layihələr də varmı?

– Qeyd edim ki, Agentlik tərəfindən Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir. Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində uşaqlara tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunur.

Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. Bundan əvvəlki 8 qrupla birlikdə ümumilikdə 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmişdir.

Bəzi diaqnozlar - məsələn, ixtioz, bullyoz və onkoloji xəstəliklər – reablitasiya mərkəzlərində müalicəyə əks göstəriş hesab olunur. Lakin bu şəxslərin diqqətdən kənarda qalmaması üçün Agentlik tərəfindən sosial-psixoloji dəstək layihələri həyata keçirilir. Bununla yanaşı, “Müstəqil həyat tərzi” və “Həmyaşıd dəstəyi” proqramları vasitəsilə əlilliyi olan şəxslərin özünəxidmət və sosial bacarıqlarının artırılması, onların cəmiyyətə aktiv inteqrasiyası təşviq olunur.

Agentlik Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib. Bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edərək, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyasını yerinə yetirir. Belə ki, vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır. Operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn əlaqə yaradır. Xidmətdən yararlanmaq üçün 0552131997 əlaqə nömrəsinə “Whatsapp” və ya “Telegram” platforması vasitəsilə müraciət etmək olar.

Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidməti, işarət dili təlimlərinin təşkili, loqopedik və psixoloji dəstək tədbirləri pasiyentlərin sosial mühitə adaptasiyasına mühüm töhfə verir.

– Əlilliyi olan şəxslərin reabiltasiya vasitələri ilə təmin edilməsində vəziyyət necədir?

– Əlilliyi olan şəxslərin reabiltasiya vasitələri ilə təmin edilməsi Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirməklə (minik avtomobili istisna olmaqla) Agentliyin tabeliyindəki Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada həyata keçirilir.

Reabilitasiya vasitələrinə tibbi-göstərişin müəyyən edilməsi üçün, ilk növbədə, ərazi TSEK tərəfindən əlilliyi olan şəxsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na müvafiq olaraq ehtiyac duyulan reabilitasiya vasitəsinə tibbi göstəriş müəyyən edilir. Bu barədə qərar “Əlillik” altsisteminə daxil edildikdən sonra əlilliyi müəyyən olunmuş şəxs və ya etibarnamə verilmiş nümayəndəsi Agentliyin tabeliyindəki Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə müraciət edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxslərə dövlət hesabına verilən reabilitasiya vasitələrinin növlərinin ÜST-nin təsnifatına uyğun qruplaşdırılması, eləcə də reabilitasiya vasitələrinin siyahısının genişləndirilməsi məqsədilə yeni qanunvericiliyə əsasən reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılmışdır. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir. Hədəflərimiz xidmət keyfiyyətinin daha da yüksəldilməsi ilə yanaşı, bu xidmətlərin davamlılığının və əhatə dairəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması, effektivliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsidir.

Mustafa KAMAL
XQ





Müsahibə