Süd vəzi xərçəngi ən çox yayılan bədxassəli şişlərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, hər il, təxminən, 2,3 milyon qadına bu diaqnoz qoyulur. Hər 8 qadından biri həyatının müəyyən mərhələsində bu bəla ilə üzləşir.
Rəsmi məlumata əsasən, ölkəmizdə 18 mindən çox qadın süd vəzi xərçəngi diaqnozu ilə qeydiyyatdadır. Hər il 1 500-dən çox yeni xəstə aşkar edilir. Bu xəstəlik gənc qadınlarda da müşahidə edilir.
Problemin ciddiliyini nəzərə alaraq ölkədə maarifləndirmə tədbirləri davam etdirilir. TƏBİB və “Paşa Həyat Sığorta” ASC-nin təşkilatçılığı ilə Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayı çərçivəsində “Xərçəngdən güclüsən” adlı tədbir keçirildi. Əsas məqsəd qadınlarda erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq, xəstəliklə bağlı stereotipləri aradan qaldırmaq və cəmiyyətin diqqətini sağlamlıq yoxlamalarının vacibliyinə yönəltməkdir.
Mərasimdə həkim-mütəxəssislər, ictimai fəallar və könüllülər bir araya gələrək qadınlara öz sağlamlıqlarına biganə qalmamağın həyati önəmini çatdırdılar.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov bildirdi ki, Bakıda tibbi xidmətlərə çıxış daha əlçatan olsa da, bölgələrdə də maarifləndirmə və müayinələrin təşkili çox önəmlidir:
– Maarifləndirmə tədbirləri Qarabağda da həyata keçirilir. Çünki orada canlanan həyat sağlam təməl üzərində qurulmalıdır.Vaxtında həkimə müraciət etdikdə, müalicədən sonra 5 illik yaşama şansı 90 faiz təşkil edir. 40-69 yaş arası qadınlar hər iki ildən bir müayinədən keçməlidirlər. Bu müayinələr TƏBİB tərəfindən iki mobil mammoqrafiya vasitəsilə aparılır. Mammoqrafiya xərçəngin ilkin əlamətlərini vaxtında aşkar etməyə imkan verir. Tibbi xidmətlərin əlçatanlığının təmin olunması, eləcə də, elektronlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir.
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində mərhələli şəkildə elektron növbə sistemi tətbiq olunur və bu, səhiyyə xidmətlərinin keyfiyyətli, şəffaf və effektiv təşkilinə kömək edir. Əsas məqsəd pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır. Artıq pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Hazırda paytaxt və regionlarda yerləşən 40 tibb müəssisəsində növbə terminalları və monitorlar quraşdırılıb. İlin sonuna qədər poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.
“Paşa Həyat Sığorta” ASC idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Dilarə Babayevanın sözlərinə görə, qadınları maarifləndirmək və sağlamlıqlarına dəstək vermək məqsədilə 3 il öncə “Güclüsən” cəmiyyəti yaradılıb:
– Cəmiyyət vasitəsilə erkən diaqnostikanın nə qədər vacib olduğunu vurğulamağa çalışırıq. Layihə çərçivəsində müxtəlif təşkilatlarla əməkdaşlıq etmişik və bu əməkdaşlıq yalnız paytaxtda deyil, Qarabağ, Gəncə, Sumqayıt, Zaqatala kimi bölgələrdə də maarifləndirici təlim və seminarların təşkilini təmin edib. TƏBİB və Milli Onkologiya Mərkəzinin təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə payız və yaz aylarında 500 Füzuli sakininin müalicəsi tam təmin edilib.
Sosial mediada aktiv şəkildə məlumatlandırma işləri apararaq minlərlə insana kömək etmişik. Tanınmış blogerlər və ictimai fəallar ilə əməkdaşlıq edərək mesajlarımızı daha geniş kütləyə yönəltmişik.
“Güclüsən” bizim üçün həyat tərzidir. Qarşıda bizi daha böyük planlar gözləyir və əminəm ki, davamlı əməkdaşlıq və dəstək sayəsində heç bir qadın bu mübarizədə tək qalmayacaq.
TƏBİB-in Strateji inkişaf departamentinin korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli isə qeyd etdi ki, tibbi baxımdan bu xəstəlikdə genetik amillər mühüm rol oynayır:
– Genlərdə yaranan mutasiyalar, nəsildə oxşar halların olması riski xeyli artırır. Lakin təkcə genetika deyil, həyat tərzi, stres, siqaret, alkoqol istifadəsi, qeyri-sabit qidalanma və hərəkətsiz həyat da bu zəncirin halqalarıdır. Qısası, xərçəng bəzən miras qalır, bəzən isə biz özümüz onu gündəlik vərdişlərimizlə “yetişdiririk”.
Hazırda 22 rayonda 2 439 qadın paralel 2 istiqamət üzrə mammoqrafiya müayinəsindən keçib. 11 rayon üzrə nəticələrin təhlili aparılıb. 1.219 nəfərdən 386-da BI-RADS 3 (Təxminən 98 faiz xoşxassəlidir, 3–6 ay sonra yenidən yoxlanılmalıdır), 51 nəfərdə isə BI-RADS 4 aşkarlanıb.
TƏBİB Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası və 2025–2027-ci illəri əhatə edən strateji hədəflər çərçivəsində qeyri-infeksion xəstəliklərin profilaktikasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib, artıq müvafiq layihələrin hazırlanmasına və icrasına başlanılıb.
Azərbaycanda kişilərdə də süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur. Əvvəllər nadir hallarda rast gəlinən bu xəstəlik son illərdə statistik göstəricilərə görə, müəyyən dərəcədə artıb. Həkim-onkoloq Nərmin Axundova bildirdi ki, ölkədə kişilər də süd vəzi xərçəngi riskini görə müayinələrə cəlb edilirlər:
– Kişilərdə süd vəzi xərçəngi əsasən genetik meyillik, hormonal disbalans, qaraciyər xəstəlikləri, piylənmə və bəzi endokrin problemlərlə əlaqəlidir. Əvvəllər onlar süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanır və daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır simptomları yoxdur. Ona görə də kişilər müayinəyə yalnız toxunduqda ağrı hiss etdikdə gəlirdilər. İndi isə daha erkən müayinə olunurlar.
Düzdür, hər səkkiz qadından birində süd vəzi xərçəngi aşkarlanırsa, bu göstərici kişilərdə daha azdır və adətən 60 yaşdan sonra aşkarlanır. Diaqnoz üçün mammoqrafiya, ultrasəs müayinə və lazım gəldikdə biopsiya tətbiq olunur. Biopsiya nəticəsində şişin xassəsi və riski müəyyənləşdirilir, bu da müalicənin seçilməsində həlledici rol oynayır.
Erkən diaqnostika, düzgün müayinə və sağlam həyat tərzinin təşviqi hər bir fərdin xilasolma şansını artırır. Azərbaycanda həm qadınlar, həm də kişilər üçün belə tədbirlərin genişləndirilməsi, sağlamlıq xidmətlərinə əlçatanlığın təmin olunması vacibdir. Bu yolda davamlı əməkdaşlıq və sosial məsuliyyət cəmiyyətin sağlam gələcəyinə töhfə verir.
Fidan ƏLİYEVA
XQ





