Hüseyn Cavid haqqında yeni dərs vəsaiti

post-img

BDU-nun professoru Sevil Həsənovanın universitet Elmi Şurasının qərarı ilə çap edilən “Hüseyn Cavid publisistikası və müasirlik” adlı dərs vəsaiti Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutan, lakin nisbətən az öyrənilmiş sahələrdən biri olan Hüseyn Cavidin publisistik fəaliyyətinə elmi-nəzəri yanaşmanı ortaya qoyan tədqiqat əsəridir. 

Əsərdə müəllif Hüseyn Cavidin publisistik irsini sistemli şəkildə təhlil etməklə yanaşı, onun ictimai-siyasi baxışlarını, fəlsəfi dünyagörüşünü və milli-mənəvi dəyərlərə münasibətini geniş şəkildə araşdırır. O, Hüseyn Cavidin publisistik məqalələrini yalnız tarixi kontekstdə deyil, həm də müasir ideoloji və ədəbi  baxış bucağından təhlil edir, Cavidin qələmindən çıxan publisistik nümunələrin onun dramaturji və poetik yaradıcılığı ilə necə və hansı məqamda kəsişdiyini də elmi əsaslarla izah edir. 

Dərs vəsaiti Cavidin publisistik məqalələrində qaldırdığı sosial ədalət, milli azadlıq, maarifçilik və humanizm ideyalarının çağdaş cəmiyyət üçün nə qədər aktual olduğunu sübut edir. Bu məqamlar əsərin həm də ictimai və fəlsəfi dəyərini sərgiləyir.   

Sevil Həsənovanın “Hüseyn Cavid publisistikası və müasirlik” dərs vəsaiti ədəbiyyatşünaslıq və publisistika sahəsində əhəmiyyətli bir tədqiqatdır.  Vəsait Hüseyn Cavid irsinin yeni aspektlərdən öyrənilməsi üçün ciddi elmi baza olmaqla yanaşı, bu böyük fikir adamının daha dərindən tanınmasına şərait yaradır. 

Dərs vəsaiti əsasən jurnalistika və filologiya fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur. Elmi redaktoru professor Abid Tahirli, rəyçilər akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

XQ

Mədəniyyət