Gənclər və İdman Nazirliyi, ADA Universiteti, "AzeRobot Education", ASCO, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA və SİMA kimi tərəfdaşların dəstəyi ilə ADA Universitetində “Azerbaijan International Robotics Olympiad – AİRO 2025” keçirilib.
Suraxanı gəmi-muzeyində keçirilən açılış mərasimində Tokioda keçirilən "All Japan Robo Sumo Tournament" və Rumıniyada təşkil olunan "Robochallenge" yarışmasının və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. “Azerbaijan International Robotics Olympiad – AİRO 2025” süni intellekt, robototexnika yarışması və texnologiya sahəsində marağı olan yüzlərlə iştirakçını bir araya gətirərək Azərbaycanın bu sahədəki inkişaf potensialını nümayiş etdirib. Yarış çərçivəsində 282 iştirakçı komanda şəklində 7 müxtəlif kateqoriya üzrə 150 robot layihəsi təqdim edərək bilik və bacarıqlarını sınayıb.
Mayın 11-də ADA Universitetində keçirilən mükafatlandırma mərasimində hər bir kateqoriya üzrə fərqlənən iştirakçılara medal, diplom və mükafatlar təqdim edilib. "Mega Sumo" və "Mini Sumo" kateqoriyalarında qalib gələn komandalar Yaponiyada keçiriləcək “All Japan Robo Sumo Tournament” yarışmasında ölkəmizi təmsil etmək hüququ qazanıblar.