İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması ilə əlaqədar ilk iclas keçirilib.
Mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov İİTKM-in monitorinq və qiymətləndirilməsini həyata keçirdiyi dövlət proqramları və strategiyalar haqqında məlumatlar verib. O, sözügedən Strategiyanın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və rəqəmsal platforma barədə də ətraflı danışıb.
Görüşdə Strategiyanın Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün İİTKM tərəfindən əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi, eləcə də, Strategiyanın tətbiqinin effektivliyini artırmaq məqsədilə nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.