Bakı Qran Prisi: İdman və mədəniyyətin vəhdəti

post-img

Bakı Şəhər Halqasında möhtəşəm yarış yekunlaşdı

Bakı – küləklərin şəhəri. Payızın ilk günündə dənizin qoxusu ilə qarışan sərin meh dar küçələrdən əsib keçərkən, şəhərin qəlbi sanki bir başqa ritmlə döyünürdü. Bu döyüntünün adı Formula 1 idi. Səssizliyi yaran gurultulu mühərriklər, dar döngələrdə küləklə əlbəyaxa gedən bolidlər və tribunaların dalğalanan enerjisi Bakını yenidən dünyanın diqqət mərkəzinə çevirmişdi. Bu, sadəcə bir yarış deyildi, həm də ölkənin mədəniyyətini, irsini və qürurunu dünyaya nümayiş etdirən bir bayram idi. Burada yalnız mübarizə yox, həm də Azərbaycanın qonaqpərvərliyi və şəhərin özünəməxsus ruhu hiss olunurdu.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Amma bu dəfə himn yalnız musiqi deyildi, sanki xalqın ruhu idi. Dünya şöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və onun istedadlı qızı Fərqanə Qasımova himni bənzərsiz ifaları ilə səsləndirdilər. Onların səsi muğamın dərin qatlarını xatırladır, tarixi, milli kökləri və xalqın qürurunu bir araya gətirirdi. Bu an səhnədə üçrəngli bayrağımızı simvolizə edən vizual effektlər, səkkizguşəli ulduz və milli ornamentlər gözlər önündə canlanaraq himnin səsinə tamamlayıcı oldu. Milli musiqinin sədaları altında başlayan mərasim həm mədəniyyətimizin gücünü, həm də idmanın universal dilini birləşdirərək yarışa rəsmi start verdi.

Yarışın özü isə şəhərin ritmini daha da gücləndirdi. Bolidlər bir-birinin ardınca Bakı Şəhər Halqasının dar küçələrini titrədərkən, tribunalar hər dəqiqə daha da coşurdu. Niderlandlı pilot Maks Ferstappen bu dəfə də öz adını tarixə yazdı. “Red Bull Racing”in sürücüsü poul mövqeyindən başladığı 51 dövrənin hamısına liderlik etdi və finiş xəttini birinci keçdi. Bu, onun Bakıdakı ikinci qələbəsi idi və həmin an tribunaların gurultulu alqışları Xəzərin sahilində əks-səda verdi. Ferstappenin ardınca “Mercedes”in sürücüsü Corc Rassell gərgin mübarizəyə baxmayaraq 14 saniyədən çox fərqlə ikinci oldu. Üçüncü pillədə isə “Williams”ın ispan pilotu Karlos Sayns qərarlaşdı. Bu, onun yeni komandası ilə ilk podiumu idi və Saynsın sevinc dolu reaksiyası tribunaların coşqusu ilə birləşdi.

Qələbə sıralamasında dördüncü yeri gənc istedad Kimi Antonelli tutdu. “Racing Bulls” pilotu Liam Louson karyerasının ən yaxşı nəticəsini göstərərək beşinci oldu. Ferstappenin komanda yoldaşı Yuki Tsunoda isə altıncı pilləyə yüksələrək “Red Bull Racing” üçün mövsümün ən yaxşı nəticələrindən birinə imza atdı. İlk onluğun davamında Lando Norris, Lyuis Hemilton, Şarl Lekler və Ayzek Həcərr yer aldı.

Bu qələbə ilə Oskar Piastri hələ də 324 xalla çempionatda liderliyini qorusa da, Lando Norris 299 xalla ikinci, Ferstappen isə 255 xalla üçüncü yerə yaxınlaşaraq fərqi azaldıb mübarizəni daha da gərginləşdirdi. Yarış sonrası pilotların açıqlamaları isə həyəcanın iç üzünü göstərirdi. Ferstappen belə dedi: “Bizim üçün inanılmaz bir həftəsonu oldu. Moncada da güclü idik, amma Bakıda qələbə qazanmaq sadəcə fantastikadır. Güclü külək maşını çox silkələyirdi, amma hər şey mükəmməl işləyirdi. Bu trasda heç vaxt asan olmur, amma nəticədən çox razıyam.”

Sayns isə duyğularını gizlətmədi: “Bu, ‘Williams’la mənim ilk podiumumdur. Bütün il mübarizə apardıq və bu gün sübut etdik ki, biz doğru yoldayıq. Həyatda uğursuz anlar olur, amma bu gün hər şey bir araya gəldi və komandamla fəxr edirəm.” Corc Rassell də məmnuniyyətini ifadə etdi: “Karlosu və ‘Williams’ı təbrik edirəm. Mənim üçün də podiuma qayıtmaq çox xoşbəxtlikdir. Bu nəticə ilə Konstruktorlar Kubokunda ‘Ferrari’ni geridə qoymaq şansımız artdı.”

Lakin bu möhtəşəm yarış yalnız pilotların bacarığı ilə deyil, həm də səhnəarxası qəhrəmanların – könüllülərin və marşalların əməyinin nəticəsi idi. 31 min nəfərin müraciətindən seçilən 2 min könüllü media, akkreditasiya, protokol, təhlükəsizlik və digər sahələrdə çalışaraq yarışın nizamlı və ahəngdar keçməsini təmin etdilər. Bu, indiyədək rekord göstərici idi. Onların əməyinin nəticəsi olaraq Bakı yalnız sürət deyil, həm də təşkilatçılıq məharəti ilə bir daha diqqət mərkəzinə çevrildi.

Ən çətin sınaq isə sıralanma mərhələsində yaşandı. Bir sessiyada altı dəfə qırmızı bayraq qaldırıldı ki, bu da Formula 1 tarixində ilk idi. Qəzalardan sonra dağıntıları təmizləyən, baryerləri bərpa edən marşallar operativliyi ilə bütün dünyanın diqqətini çəkdi. Oskar Piastrinin qəzasından tutmuş Lekler, Hülkenberq, Qasli, Kolapinto və Albonun insidentlərinə qədər hər müdaxilə onların dəqiqliyini bir daha sübut etdi. Xaos kimi görünən vəziyyətin arxasında böyük bir fədakarlıq və peşəkarlıq dayanırdı.

Yarış həftəsonunun tərkib hissəsi olan Formula 2 də dramatik anlarla yadda qaldı. Əsas yarışda “DAMS” komandasının amerikalı pilotu Cek Krouford qalib gəldi. Mövsüm lideri Leonardo Fornaroli isə startdakı toqquşma və aldığı cərimə səbəbindən xal itirdi. Bu, çempionatdakı gərginliyi daha da artırdı və gələcək mərhələlər üçün intriqanı gücləndirdi.

Bir sözlə, Bakı Şəhər Halqası bu il də öz möhtəşəmliyi ilə yadda qaldı. Küçələrin dar döngələrində əsən külək, mühərriklərin gurultusu, pilotların cəsarəti və marşalların fədakarlığı birləşərək unudulmaz bir tablo yaratdı. Bu tablo yalnız sürətin deyil, həm də mədəniyyətin, əzmkarlığın və qürurun hekayəsi idi. Şübhəsiz, Azərbaycan Qran Prisi 2025 idman tarixində gərginlik və gözlənilməz hadisələrlə dolu ən yaddaqalan yarışlardan biri kimi qalacaq.

Səbuhi MƏMMƏDOV,

Cavid QAÇAYEV(foto)

XQ

 























İdman