Millimizdən təsəlli qələbəsi gözləyirik
Bu gün Azərbaycan milli komandası final mərhələsi gələn ilin iyun–iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə 23-cü Dünya çempionatının seçmə yarışlarında növbəti oyununa çıxacaq. Avropa zonasının “D” qrupunda çıxış edən yığmamız saat 21-də 8-ci kilometr qəsəbə stadionunda başlanacaq və çernoqoriyalı hakimlər briqadasının idarə edəcəyi görüşdə İslandiya komandası ilə qarşılaşacaq.
Bu oyun bir ildən çoxdur ki, beynəlxalq meydanda qələbəyə həsrət qalan komandamızın öz azarkeşlərini, nəhayət, 3 xalla sevindirəcəyinə, bəlkə də son ümid yerimizdir. Çünki 3 gündən sonra, noyabrın 16-da bizi seçmə sınaqları çərçivəsində daha bir ağır oyun gözləyir. Bu dəfə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə. Hər iki matç futbolçularımızın birinci dövrədə Reykyavikdə və Parisdə böyük hesabla məğlubiyyətlərdən (müvafiq surətdə 0:5 və 0:3 hesabı ilə) necə nəticə çıxardıqları məsələsinə müəyyən dərəcədə aydınlıq gətirməlidir.
Hazırda millimiz qrupun turnir cədvəlində qələbəsiz və ümidsiz vəziyyətdə, sonuncu, 4-cü pillədədir. Buna görə də cədvələ bir daha nəzər salmaq onun tərəfdarlarına xoş deyil. Amma cədvəldən yan keçmək də olmur. Ötəri də olsa, xatırladaq ki, lider Fransa komandası 10 xal toplayıb və onun finişə birinci çatacağı elə bir şübhə doğurmur. Didye Deşamın futbolçuları mundiala vəsiqəni elə bu gecə “Park de Prens” stadionunda Ukrayna ilə oyunda təmin edə bilərlər.
Hesabında 7 xal olan Ukrayna nəzəri cəhətdən hələ yekun cədvəlində birinci olmaq imkanını itirməyib. Lakin bunun üçün komanda, ilk növbədə, ağır Fransa səfərindən evə qələbə ilə qayıtmalıdır. İslandiya 4 xalla üçüncüdür. Azərbaycan komandası isə yeganə xalını Bakıda Ukrayna kollektivi ilə görüşdə qazanıb.
Baş məşqçimiz Ayxan Abbasov İslandiya və Fransa ilə oyunlara hazırlıq üçün 26 futbolçu dəvət edib. Artıq məşqlər başa çatıb və oyun günündəyik. Seçmə sınaqları ilə vidalaşmaq vaxtıdır. Kaş ki, bu turnir futbol tariximizdə heç olmasa, bir qələbə ilə yadda qalaydı.
Bu arada milli çempionatımızda 1-ci dövrəyə yekun vurulub. Fasiləyə “Qarabağ” daha yaxşı əhvali-ruhiyyə ilə çıxıb. Ağdam komandası 23 xalla turnir cədvəlində adət etdiyi mövqedə, zirvədədir. Onun ən yaxın izləyicisi “Turan Tovuz”un 22, üçüncü pillədəki “Sabah” ın isə 21 xalı var. Bu komandanın liderlə görüşünün başqa vaxta keçirildiyini də qeyd edək.
Futbol ictimaiyyətimizin Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın növbəti, 5-ci oyununu böyük səbirsizliklə gözlədiyini də xüsusi vurğulamaq olar. Komanda bir-birindən çətin sınaqlarla dolu yolun yarısını 7 xalla 36 klub arasında 15-ci yerdə başa vurub. İndi isə bu uğuru bir qədər də artırıb, mərhələnin gələn il yanvarın sonuna təsadüf edəcək finişində ən yaxşı 24 klub sırasında olmağa çalışacaq. Təmsilçimiz üçün yolun ikinci yarısında ilk oyun noyabrın 25-də İtaliyanın Neapol şəhərində əfsanəvi Dieqo Armando Maradonanın adını daşıyan stadionda “Napoli” klubu ilə olacaq. Bu komanda Azərbaycan çempionu ilə görüşə 4 xalla turnir cədvəlinin 24-cü pilləsində başlayacaq.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

