Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku davam edir. Reytinq xarakterli yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin hər iki idmançısı qələbə qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 55 kiloqramda Zidan Hünbətov 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də olacaq.
Məhəmməd Abdullayev (+90 kq) də Dünya kubokuna qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.
Qabil YUSİFOĞLU
XQ


