Yanvar–fevral aylarında ölkədə ÜDM istehsalı 5 faiz artıb
Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında etdiyi paylaşımda bildirib. Nazir qeyd edib ki, cari ilin yanvar–fevral aylarında ölkədə ümumi daxili məhsulunun həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 18 milyard 576,9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz çoxalaraq 11 milyard 843,3 milyon manat təşkil edib.
Hesabat dövründə ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə baş verən artım diqqəti xüsusilə cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalsa da, qeyri neft-qaz sektorunda 11,2 faizlik artım qeydə alınıb. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir.
İlin ötən iki ayında sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunun payına düşüb. Hesabat dövründə sözügedən sektor üzrə əmtəəlik neft hasilatı 6,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4 faiz artıb. Sənaye məhsulunun 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Cari ilin yanvar-fevral aylarında emal sektorunda istehsal olunmuş məhsulunun sənayedə xüsusi çəkisi 29,5 faiz təşkil edib. Sözügedən dövrdə dəri və dəri məmulatlarının, ayaqqabıların, geyimlərin, metallurgiya, əczaçılıq sənayesi məhsullarının, qida məhsulları və içkilərin, tikinti materiallarının, rezin və plastik kütlə məmulatlarının, elektrik avadanlıqlarının, kompüter, elektron və optik məhsulların, kimya sənayesi, toxuculuq və neft məhsullarının istehsalında əhəmiyyətli artım qeydə alınıb. Bununla belə, tütün məmulatlarının, hazır metal məmulatlarının, poliqrafiya məhsullarının, maşın və avadanlıqların, ağac emalı və ağacdan məmulatların və sair nəqliyyat vasitələrinin istehsalında isə azalma qeydə alınıb.
Hesabat dövründə ölkə sənayesinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7 faiz artıb.
Bu ilin yanvar-fefral aylarında iqtisadiyyatın digər mühüm sahələrindən olan aqrar sektorda 954,7 milyon manat dəyərində məhsul istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında cüzi azalma (0,1 faiz) müşahidə olunub. Hesabat dövründə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,8 faiz azalaraq 46,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 faiz azalaraq 908,2 milyon manat təşkil edib. Yeri gəlmişkən, bitkiçilik məhsullarının istehsalında qeydə alınmış nəzərəçarpan azalma, əsasən, aqrar sektor üçün heç də əlverişli olmayan qış fəsli ilə bağlıdır.
Hazırda fermerlər və fərdi təsərrüfat sahibləri bol məhsulun təməlini qoymaq üçün bütün imkanları səfərbər ediblər. Bu məqsədlə ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, mart ayının 1-nə kimi ölkə üzrə 64,1 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 11,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 11,8 min hektar sahədə kartof, 13,6 min hektar sahədə tərəvəz, 26,8 min hektar sahədə yemlik bitkilər, 0,2 min hektar sahədə isə şəkər çuğunduru əkilib.
Qeyd etdiyimiz kimi, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda isə məhsul istehsalında cüzi azalma qeydə alınıb. Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd və 367,8 milyon ədəd yumurta istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə süd və yumurta istehsalı artsa da, ət istehsalı nisbətən azalıb.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmində əhəmiyyətli artım baş verib. Dövlət Statistika Komitəsi bildirir ki, hesabat dövründə əsas kapitala 2 milyard 638,1 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çoxdur. Yanvar-fevral aylarında neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 17,1 faiz artıb. İstifadə olunmuş investisiyanın 1 milyard 439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 64,7 milyon manatı xidmət sahələrinə, 133,7 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub. Qeyd edək ki, bu dövrdə əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 121,3 milyon manatını və ya 80,4 faizini daxili investisiyalar təşkil edib. Kapital qoyuluşu üzrə investisiyaların 1 milyard 921,3 milyon manatı və ya 72,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.
Cari ilin ötən iki ayında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, eləcə də 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Dövlət Statistika Komitəsinin yanvar-fevral aylarının sosial-iqtisadi inkişafı ilə bağlı məlumatında bildirilir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə isə 5,2 faiz artıb.
Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bu ilin ötən iki ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 11 milyard 190,3 milyon manat və ya hər nəfərə orta hesabla 1098,8 manat təşkil edib.
Mirbağır YAQUBZADƏ
XQ

